Məhkəmə qərarları › İş №2(023)-633/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-633/2023

16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-633/2023 16.05.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şübet qızının katibliyi ilə, İddiaçı , Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 800 (səkkiz yüz) manat pulun və ödədiyi 30 (otuz) manat dövlət rüsumunun alınıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun yataqxanada qonşusu olmuşdur. Cavabdeh yataqxanadan köçərkən 800 manat pul müqabilində otağının ona veriləcəyini bildirmişdir. O, cavabdehlə razılaşmış və 800 manat pulu ona vermişdir. Cavabdeh verdiyi sözə əməl etməmiş və onun yaşadığı otağı ona verməmişlər. O, həmin pulu bir neçə adamın yanında cavabdehə vermişdir. Cavabdeh aralarında olan razılaşmanı pozsa da, dəfələrlə tələb etməsinə baxmayaraq onun pulunu qaytarmamışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, Cavabdeh yaşadığı otaqdan köçdüyünü, həmin otağın təmirinə xərclədiyi pulun müqabilində otağını ona verəcəyini bildirmişdir. O həmin pulu Cavabdeh verdikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən ona həmin otağa köçməyə hüququnun olmadığını bildirmişlər. Belə olan təqdirdə o, həmin otağa köçə bilmədiyinə görə cavabdehdən verdiyi pulu tələb etsə də, sonuncu onun pulunu qaytarmamışdır. Odur ki, qeyd etdiklərinə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək, verdiyi izahatında göstərmişdir ki, iddiaçı ilə yataqxanada qonşu olmuşdur. Onun yaşadığı otaq təmirsiz olduğuna görə o kredit götürüb oranı təmir etdirmişdir. O oğlunun evinə köçərkən iddiaçı onun yanına gəlib otağını ona verməsini xahiş etmişdir. O təmirə çəkdiyi 800 manat xərcin müqabilində otağı iddiaçıya verməyə razılaşmışdır. İddiaçı həmin pulu ona verdikdən sonra otağın açarlarını ona vermişdir. Lakin iddiaçı sonradan otağa köçə bilmədiyini ona bildirmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə yaşadığı otağın ona verilməsinə dair razılığa gəlmişlər. Bu məqsədlə iddiaçı cavabdehə otağa çəkdiyi xərcə görə 800 manat pul vermişdir. Lakin sonradan iddiaçının həmin otağa köçməyi baş tutmamışdır. Bundan sonra İddiaçı həmin mənzilə köçə bilmədiyindən, cavabdehə verdiyi 800 manat pulu geri istəsə də, cavabdeh həmin pulu qaytarmadığından iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsində də nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hazırki mübahisə üzrə iddianın hüquqi əsası ilə bağlı mülki qanunvericiliyinin aşağıdakı müddəalarının nəzərdən keçirilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 14-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir və mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh yaşadığı otağın 800 manat müqabilində ona verilməsinə dair razılığa gəlmələri və İddiaçı bu məqsədlə Cavabdeh 800 manat pul verməsi cavabdehin etirafedici ifadəsi ilə öz təsdiqini tapmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddia təmin edilməli Cavabdeh 800 (səkkiz yüz) manat pul alınıb İddiaçı verilməlidir. Məhkəmə, eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3, 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia təmin edilsin. Cavabdeh 800 (səkkiz yüz) manat pul və ödədiyi 30 (otuz) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fəxri Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar