Məhkəmə qərarları › İş №2(023)-70/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-70/2025

16.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-70/2025 16.01.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Cəbiyeva Vəfa Şubet qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 32000 manat və ödənilmiş 186 manat dövlət rüsumunun olmaqla ümumilikdə 32186 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddinı onunla əsaslandırmışdır ki, o, həmkəndlisi və uşaqlıqdan dostluq etdiyi Qazax rayon Yuxarı Salahlı kənd sakini Cavabdeh ehtiyyacı olduğu üçün 32.000 manat məbləğində pul vermişdir. Belə ki, cavabdehə təcili olaraq 32.000 manat pul lazım olduğu üçün, yaxın dostu olaraq ona müraciət etdi və həmin pulu 10-15 gün ərzində geri qaytaracağını bildirmişdir. Cavabdeh ilə uşaqlıqdan yaxın dost münasibətlərində olduğundan və aralarında səmimi dostluq münasibət olduğu üçün o cavabdehə inanmış və həmin məbləği taparaq cavabdehə borc olaraq vermişdir. Cavabdeh, borca aldığı pulu vaxtında geri qaytaracağına onu əmin etmək üçün aralarında olan borc münasibətini rəsmiləşdirmək üçün notariat kontoruna getməyini də bildirmişdir. Beləliklə, cavabdehlə aralarında olan borc münasibətini notariat kontorunda rəsmiləşdirmişlər və tərəflər arasında xx.xx.2024-cü il tarixli 32.000 manat məbləğində Borc müqaviləsi bağlandı və o həmin məbləği notariat kontorunun bank depozit hesabına yatırmışdır. Müqavilə şərtinə əsasən, borc alan (cavabdeh) qeyd olunan borc məbləğni xx.xx.2024-cü il tarixədək tam şəkildə geri qaytarmalı idi. Müqavilədə göstərilən tarixdə o cavabdehlə əlaqə saxladı ki, borcunu geri qaytarsın, lakin o, hazırda maddi durumu çətin olduğunu bildirərək, vədələşdiyi vaxtda borcunu qaytara bilməyəcəyini ona söyləmişdir. Beləliklə də, cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmişdir. Bu səbəbdən cavabdehin ona borcu tam şəkildə olduğu kimi qalmaqdadır. Cavabdeh ona heç bir məbləğ qaytarmamışdır. Həmin borc məbləğini (32.000 manatı) cavabdehdən tələb edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, bildirdi ki, cavabdeh müqavilə üzrə 32.000 manat məbləğində pul vəsaitini hazırki tarixədək ödəməmiş və öz öhdəliklərini icra etməmişdir. Odur ki, iddianın təmin edilməsi, ödənilməmiş əsas borcun əvəzi qismində 32000 manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 186 manat, cəmi 32186 manat manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan, notariat qaydasında təsdiq olunmuş 21 sentyabr 2024-ci il tarixli borc müqaviləsindən görünür ki, Mansurov X1 Vüsal Mehdi oğluna 32.000 manat məbləğində pul vəsaitini borc vermiş, Cavabdeh isə həmin borcu 01 oktyabr 2024cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında bağlanmış və notariat qaydasında təsdiq olunmuş 21 sentyabr 2024-cü il tarixli borc müqaviləsinə əsasən Mansurov X1 Vüsal Mehdi oğluna 32.000 manat məbləğində pul vəsaitini borc vermiş, Cavabdeh isə həmin borcu 01oktyabr 2024-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh hazırki tarixədək həmin borc müqavilə üzrə heç bir ödəniş etməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.3-cü maddəsinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verə nə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər(§68). «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Mülki işin məhkəmə tədqiqi zamanı İddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni Cavabdeh ilə aralarında borc müqaviləsinin bağlanmasını və 32.000 manat məbləğində pul vəsaitini Cavabdeh borc verməsini xx.xx.2024-cü il tarixdə notariat qaydasında təsdiq olunmuş borc müqaviləsini təqdim etməklə sübuta yetirsə də, cavabdeh iddia tələbinin əsassızlığına, eləcə də həmin məbləğdə pul vəsaitinin borc alınmamasına, yaxud borc alınsa da qaytarılmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, 21 sentyabr 2024-cü il tarixli borc müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 32.000 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 186 manat vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh 32000 (otuz iki min) manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 186 (yüz səksən altı) manat, cəmi 32186 (otuz iki min yüz səksən altı) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar