Məhkəmə qərarları › İş №2(023)-719/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-719/2024

20.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-719/2024 20.08.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 20 avqust 2024-cü il tarixdə Qazax Rayon Məhkəməsində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 24.000 (iyirmi dör min ) manat pulun 162 manat dövlət rüsumunun,ümumilikdə 24.162 manat pulun birdəfəlik alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o cavabdehi əvvəllər tanımamışdır, münasibəti sonradan yaranmışdır. Belə ki, cavabdeh özünəməxsus olan Qazax şəhəri Ə.Şıxlınski küçəsində yerləşən ticarət obyektini satmış, o da müştərti olaraq həmin ticarət obyektini almaq qərarına gəlmişdir. Onlar həmin obyektin qiymətini 24.000 manata razılaşmışlar. O obyekti almaq məqsədi ilə 24.000 manat pulu Cavabdeh vermişdir. Lakin həmin obyektin yerləşdiyi torpaq sahəsinin satışa müvəqqəti icazəsi olmadığı üçün alqısatqı həyata keçirə bilməmişdir. Cavabdeh həmin torpaq sahəsinin üzərində yerləşən ticarət obyektinin idarə edilməsi üçün ona etibarnamə vermişdir. Həmin torpaq sahəsinin icazəsini gözlədiyi müddət ərzində cavabdehin barəsində Qazax rayon polis şöbəsində Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi açılmış və həmin ticarət obyekti hərraca çıxarılmaqla satılmışdır. Daha dəqiq zərərçəkmiş şəxslərin dəymiş zərərlərinin ödənilməsi üçün cavabdehə məxsus olan ünvan 1 ünvanında yerləşən ticarət obyektl satılmışdır. O, ticarət obyektinin alınması üçün ödədiyi 24.000 manat pulu isə cavabdehdən ala bilmir. Bu səbəbdən, məcbur olub məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi, Vəkil məhkəməyə göndərdiyi ərizədə üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edərək, işə onların iştirakı olmadan baxılaraq, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə Cavabdeh məhkəmə iclaslarına gəlməməsinin səbəbini üzrsüz sayaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli 09 nömrəli Sərəncamından çıxarışdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırılma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydalarının 3.2-ci bəndinə uyğun olaraq aşağıda qeyd olunan tikinti obyektlərinə dair tərtib olunmuş şəhərsalma əsaslandırılmaları təsdiq edilmişdir: Qazax şəhəri, Əliağa Şıxlinski küçəsində layihələndirilən 1-2 (bir-iki) mərtəbəli qeyri-yaşayış (ticarət cərgəsi) obyektləri (Sifarişçi - Cavabdeh, Aybəniz qızı Əsgərova, X7, X9, X3, X2, X10, X5, X1, X8, X6, X11 və X7. xx.xx.2019-cu il tarixli, A№329845 saylı torpaq sahəsinin planı və ölçüsünə dair sənədin surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 0,0032 ha yaşayış məntəqələrinin torpaqları (sahibkarlıq) sahəsi Daşınmaz əmlakın bölünməsinə dair saziş, 3M-34, xx.xx.2019, Qazax rayon DNK, Daşınmaz əmlakın alqı-satqı müqaviləsi, 4Ə-92, xx.xx.2019, ƏMDK-nın yanında DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsi, Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış 1183194, xx.xx.2017. əsasən Cavabdeh adına qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 0,0032 ha torpaq sahəsi tam olaraq Cavabdeh adına **********80 reyestr nömrə ilə qeydə alınmışdır. AR-İİ seriyalı, 925607 nömrəli, 29 mart 2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi idarəsinin ********** nömrə ilə qeydiyyata **********80 qeydiyyat tarixi xx.xx.2019-cu il olan çıxarışa əsasən Qazax şəhəri, Əliağa Şıxlinski küçəsi, 16B torpaq sahəsi ilə əlaqədar onun əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi və s. hərəkətləri etməyi İddiaçı etibar etmişdir. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Cavabdeh özünə məxsus Qazax şəhəri Əliağa Şıxlinski küçəsində yerləşən ticarət obyektini (maqazin binasını), Ağstafa rayonunun Qarahəsənli kənd sakini İddiaçı 24000 manata satıbdır. Mağaza binasının yerləşdiyi torpaq sahəsinin satışına müvəqqəti icazə olmadığına görə alqı-satqının notariusda rəsmiləşdirilənə qədər bu aktla aşağıdakı şərtlərlə X4 24000 manat pulu Cavabdeh verdi. Cavabdeh həmin pulu onların yanında sayaraq qəbul etdi və həmin obyektə görə İddiaçı notariat qaydasında baş etibarnamə verməklə, əgər gələcəkdə obyektlə bağlı mübahisə yaranarsa İddiaçı ona ödədiyi 24000 manatın iki qatını ona qaytaracağına qaytaracağına dair məsuliyyəti öz üzərinə götürmüşdür. Aktı - Cavabdeh, İddiaçı, Əliyev Səfər, Sadiqi Səbuhi və Babayev Nurlan imzalamışlar. İddia ərizəsindən və işdə olan sənədlərdən göründüyü kimi iddiaçı mağaza alqısatqısı ilə əlaqədar olaraq cavabdehə 24000 manat pul vermişdir. Cavabdeh 24000 manat məbləğində pulu iddiaçıdan alması barədə akta imza etmişdir. Lakin sonradan alqı-satqı baş tutmamış və pul iddiaçıya geri qaytarılmamışdır. Tərəflər daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş torpaq sahəsinin üzərində yerləşən ticarət obyektinin alqı-satqısı barədə razılıq əldə etmiş, cavabdeh bu məqsədlə iddiaçıya həmin torpaq sahəsinə dair etibarnamə vermişdir. Buna baxmayaraq satılmaq istənilən ticarət obyektinin torpaq sahəsinin satışa müvəqqəti icazəsi olmadığı üçün alqı-satqını həyata keçirə bilməmişdir. Sonradan cavabdehin barəsində Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi açılmış və zərərçəkmiş şəxslərin dəymiş zərərlərinin ödənilməsi üçün cavabdehə məxsus olan ünvan 1 ünvanında yerləşən ticarət obyektl satılmışdır. Lakin cavabdeh həmin ticarət obyektinin satışı ilə bağlı ona verilmiş 24000 manat pulu iddiaçıya geri qaytarmamışdır. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı 24000 manat pulu hər hansı hüquqi əsas olmadan əldə etmiş və əsassız olaraq varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Qeyd olunan normalara uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli və cavabdehdən 24000 (iyirmi dörd min) manat pul tutularaq iddiaçıya verilməlidir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 162 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 24000 (iyirmi dörd min) manat məbləğində pul və 162 (bir yüz altmış iki) manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar