Məhkəmə qərarları › İş №2(023)-72/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-72/2024

23.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-72/2024 23.01.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə 23 yanvar 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qazax Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli 2(023)-1069/2022 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq, 26 fevral 2019-cu ildə doğulmuş X2 və 01 iyun 2020-ci ildə doğulmuş X1 yetkinlıik yaşına çatana kimi saxlanılmaları üçün ayda hər uşağa 220 manat, cəmi 440 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, cavabdehlə 2018-ci ildə el adəti ilə evlənmişlər, lakin nikahı rəsmiləşdirməmişlər. Faktiki nikahdan 26 fevral 2019-cu ildə Ahu və 01 iyun 2020-ci ildə Dəniz adlı uşaqları doğulmuşdur. Qazax Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli 2(023)-1069/2022 saylı qətnaməsinə əsasən 26 fevral 2019-cu ildə Ahu və 01 iyun 2020-ci ildə Dəniz adlı uşaqların saxlanılması üçün hər ay hər uşağa 140 manat aliment Cavabdeh tutulması qət edilmişdir. Lakin təyin olunmuş aliment uşaqların maddi ehtiyaclarının təmin edilməsi üçün kifayət etmir. Hazırda cavabdehin alimentdən 700 manat borcu var. Cavabdehin isə maddi vəziyyəti olduqca yaxşıdır. Odur ki, qeyd olunanlara əsasən iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək verdiyi izahatında göstərmişdir ki, məhkəmə qətnaməsinə əsasən təyin olunmuş alimenti çətinliklə ödəyir. Hazırda həmin alimentdən 460 manat borcu yaranmışdır. Həmçinin hazırda heç bir yerdə işləmir, yenidən ailə qurmuşdur və bir uşağı var. Ayda hər uşağa 160 manat aliment ödəyə bilər. Odur ki, iddianın qismən təmin edilməsini xahiş edir. Məhkəmə, tərəflərin izahatını dinləyərək, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamələrin təsdiq olunmuş surətindən görünür ki, tərəflərin 26 fevral 2019-cu ildə doğulmuş X4 və 01 iyun 2020-ci ildə doğulmuş X3 doğulmuşdur. Qazax Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli 2(023)-1069/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa 140 manat, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının hər ay bir uşağa görə 220 manat sabit pul məbləğində aliment təyin edilməsinə dair tələbi tam təmin edilə bilməz. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin iddiaçının ərizəsində göstərdiyi miqdarda cavabdehin aliment ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunmur və iddiaçı tərəfindən məhkəməyə cavabdehin aylıq qazancı, əmək haqqı və ya digər gəlirləri barədə hər hansı sənəd təqdim edilməmişdir. Lakin buna baxmayaraq cavabdeh məhkəmə iclasında verdiyi izahatında ayda hər uşağa 160 manat aliment ödəməyə etiraz etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qeyd edilən Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği hazırda uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla nəzərdə tutulmuş “uşağını saxlamalı olmasına dair vəzifəsi”nin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, alimentin müəyyən edilməsi barədə qətnamənin qəbul edilməsindən keçən müddətdən sonra minimum yaşayış tələbatı artmışdır. Digər tərəfdən, uşaq böyüdükcə onun saxlanması üçün çəkilməli olan xərclərin həcmi də artır. Həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2024cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Beləliklə, tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin iddiaçının da uşaqların valideyni olaraq onları saxlamaq vəzifəsinin olmasını, bununla belə uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində müəyyən edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi vaxtdan deyil, hazırki qətnamənin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Bundan başqa, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə hesablanır. Azərbaycan Respublikası Dövlət rüsumu haqqında qanunun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddialarda həmin Məcələnin 8.1.1-ci maddəsində iddia qiyməti 1.000 manatadək olduqda 30 manat ödənilməlidir. Azərbaycan Respublikası Dövlət rüsumu haqqında qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi ödənilməlidir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına və aliment tutulması barəsində iddia ərizələri verilərkən iddiaçının dövlət rüsumu ödəməkdən azad olunmasını nəzərə alaraq hesab edir ki, illik tutulacaq alimentin məbləği 4320 manat məbləğində təşkil etdiyindən 30+33.20 manat, cəmi 63.20 (altmış üç manat 20 qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Qazax Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 2(023)-1069/2022 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı dəyişdirilsin və Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 26 fevral 2019-cu ildə doğulmuş X2 və 01 iyun 2020-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 180 (bir yüz səksən) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 63.20 (altmış üç manat 20 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar