Məhkəmə qərarları › İş №2(023)-72/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-72/2025

28.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-72/2025 28.01.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəbiyeva Vəfa Şubet qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6000 manat məbləğində pulun və ödənilmiş 80 manat dövlət rüsumunun, tutularaq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Qazax rayon sakini kimi tanıyır. Cavabdeh onlara gedib-gələn adam olmuşdur. Onun səmimiyətindən istifadə edib onlardan borc pul istəmişdir. Daha sonra hər ehtimala ona şahidlərin yanında 09 aprel 2022-ci il tarixdə 6000 manat borca pul vermişdir. Bu barədə öz aralarında müqavilə bağlamışlar və həmin müqaviləyədə Cavabdeh özüdə imza etmişdir. Həmin puluda 2023cü ilin avqust ayının birinə kimi qaytaracağına dair söz vermidir. Lakin Tərminə hələdə onun pulunu qaytarmamışdır. Onun həbsdə olduğunu bildiyindən iddia qaldıra bilməmişdir. Hazırda Tərminə öz evindədi. Nə qədər desə də verdiyi pulu qaytarmaqdan imtina edir. Hesab edir ki, Cavabdeh onlardan aldığı pulu vermək istəmir. Borc alması ilə bağlı onun şahidləri də vardır. Tərminə ilə aralarında olan mübahisə ilə bağlı Qazax Rayon Polis Şöbəsində araşdırma aparılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh verdikləri 6000 manat pulu ödəməkdən yayınmışdır. Cavabdeh 2022-ci ilin aprel ayında şahidlərin iştirakı ilə Tərminədən yazılı etiraf almışlar. Qazax Rayon Polis Şöbəsində müraciətləri olmuşdur. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq göstəmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, o İddiaçı tanımır, onunla heç bir müqavilə imzalamamış və borcu yoxdur. Odur ki, onun iştirakı olmadan mülki işə baxıb iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirdi ki, o İddiaçı qohumudur. Onun anasının yas mərsimində Tərminə ilə tanış olmuşlar. Tərminəyə pul verən zaman pulun verdiyini görməmişdir, lakin sonradan Ağstafa şəhərində notariusda borcun olması barədə müqavilə imzalamaq üçün şahid kimi iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında bildirdi ki, o, iddiaçının qohumudur. Tərminə onlardan 6000 manat pul almışdır. Tərminəyə pul verən zaman pulun verildiyini görməmişdir, lakin sonradan Ağstafa şəhərində notariusda borcun olması barədə müqavilə imzalanan zaman orda iştirak etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh İddiaçı 6000 manat məbləğində pul almış və həmin pulu xx.xx.2023-cü il tarixə kimi qaytaracağına dair öhdəlik götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı Cavabdeh şahidlər X2 və Nümayəndə iştirakı ilə 6000 manat məbləğində pul vermiş və həmin pulu xx.xx.2023-cü il tarixə kimi qaytaracağına dair öhdəlik götürmüşdür. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Nümayəndə xx.xx.2008-ci il tarixdə rəsmi qaydada evlənmişlər. İş materiallarında olan Nümayəndə Qazax RPŞ-də verdiyi xx.xx.2023-cü il tarixli ərizə və izahatdan görünür ki, Cavabdeh hərəkətləri nəticəsində ona ümumilikdə 2600 manat maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. Beləliklə, işdə olan sübutlarla müəyyən edildi ki, iddiaçı və onun nümayəndəsi Cavabdeh 2022-ci il tarixdə pul vermişlər və pulu ala bilmədiklərini görüb cavabdehdən yazılı etiraf almışlar. Daha sonra İddiaçı arvadı (nümayəndəsi) Nümayəndə xx.xx.2023-cü il tarixdə Qazax Rayon Polis Şöbəsinə verdiyi ərizə və izahatında Cavabdeh hərəkətləri nəticəsində onlara cəmi 2600 manat maddi ziyan dəydiyini göstərmişdir. 12 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə görə bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.4-cü maddəsinə görə bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1 və 1091.2-ci maddələrinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 2600 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi qismində 46 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh 2600 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 46 manat, cəmi 2646 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar