Məhkəmə qərarları › İş №2(023)-727/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-727/2023

03.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-727/2023 03.07.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi ilə, Cavabdeh1 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair mülki işə 03 iyul 2023-cü il tarixdə Qazax Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəmədə iddia qaldıraraq, 1936.11 manat əsas, 1270.74 manat faiz, 2029.26 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 278.37 manat faiz borcu və ödənilmiş 75.15 dövlət rüsumunun müştərək qaydada Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və nümayəndə X2 teleqramla məhkəməyə müraciət edərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirib, işə onun iştirakı olmadan baxılmaqla iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul etmiş və izahat verərək bildirmişdir ki, həqiqətəndə iddiaçı Cəmiyyətlə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Maddi vəziyyəti çətin olduğundan kredit müqaviləsi üzrə borcunu vaxtında ödəyə bilməmişdir. həmin borcun ödənilməsi üçün ona vaxt verilməsini istəyir. Odur ki, iddianın qanuni həll olunmasını xahiş edir. İşdə olan sənədlərdən görünür ki, 05 noyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC Cavabdeh1 24 ay müddətinə illik 22 faiz ödəməklə 4500 ABŞ dolları məbləğində kredit vermişdir. 05 noyabr 2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh3, Həsənov X1 Raquf Afəddin oğlu borclu Cavabdeh1 ilə bank qarşısında öz öhdəliyini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşlər. xx.xx.2017-ci l tarixli 1 nömrəli əlavə sazişə əsasən 25000877 05 noyabr 2015-ci il tarixli kredit müqaviləsi və zaminlik müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. 13 mart 2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 23 fevral 2023-cü il tarixə 1936.11 manat əsas, 1270.74 manat faiz, 2029.26 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 278.37 manat faiz məbləği, cəmi 5514.48 manat borcu vardır. İşdə olan, problemli kreditlərin kompensasiyası barədə məlumatlar arayışından görünür ki, sözügedən müqavilə Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 saylı fərnamının təsiri çərçivəsinə düşmüş Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-yə 1936.11 manat borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MM-in) 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikasının MM-in 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikasının MM-in 385.1- ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir. Kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının MM-in 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının MM-in 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Qanunun yuxarıda göstərilən müddəalarına görə borclu öz öhdəliklərini vaxtında və lazımınca icra etməli olduğu halda, cavabdehlər axıra qədər və vaxtında üzərinə kredit müqaviləsi üzrə qoyulmuş öhdəliklərini icra etməmişlər. Ona görə də, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan miqdarda borcu cavabdehlərdən müştərək qaydada tutmuşdur. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanının 8.9-cu maddəsinə əsasən faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulmuşdur. Fərmanın qeyd edilən müddəasınа görə borcluların kredit borcu üzrə əsas borca əlavə olaraq faiz və cərimə məbləği hesablana bilməz. Buna baxmayaraq, iddiaçı tərəfindən faiz və cəriməyə aid hissədə hər hansı silinmələr həyata keçirilməmişdir. İddia ərizəsində iddiaçı cəmiyyət cavabdehlərdən tutulmalı olan borc məbləği 1936.11 manat əsas, 1270.74 manat faiz, 2029.26 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 278.37 manat faiz məbləği, cəmi 5514.48 manat kredit borcu göstərilsə də, məhkəməyə təqdim olunmuş Problemli kreditlərin kompensasiyası ilə bağlı arayışından görünür ki, sözügedən müqavilə üzrə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ləğv prosesində olan İddiaçı ASC-yə 1936.11 manat borcu qalmışdır. Ona görə də məhkəmə hesab edir ki, ləğv prosesində olan İddiaçı ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 1936.11 manat kredit borcu və ödənilmiş 39.36 manat dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214,216- 220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 1936.11 (bir min doqquz yüz otuz altı manat on bir qəpik) manat kredit borcu və ödənilmiş 36.36 manat dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar