Məhkəmə qərarları › İş №2(023)-727/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-727/2024

27.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-727/2024 27.06.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı borc pulun qaytarılması tələbinə dair mülki işə 27 iyun 2024cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2860 (iki min səkkiz yüz altmış) manat pulun və ödənilmiş 48.60 (qırx səkkiz manat altmış qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 2908.60 (iki min doqquz yüz səkkiz manat 60 qəpik) manat pul alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh şəxsi işləri üçün 2021-ci ilin yanvar ayında 2860 manat borc pul almışdır. Cavabdeh aldığı pulu 2021-ci ilin dekabr ayına kimi hər ay 268 manat olmaqla ödəyəcəyinə söz vermişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq cavabdeh ona olan borcunu ödəmir. Hazırda cavabdehin ona olan borcu 2860 manat təşkil edir. Cavabdeh həmin borca dair iltizam yazmışdır ki, borcunu 9 ay müddətinə ödəyəcəkdir. Lakin cavabdehdən dəfələrlə tələb etməsinə baxmayaraq, hər dəfə müxtəlif bəhanələr gətirərək borcunu qaytarmaqdan yayınır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, verdiyi izahatında bildirdi ki, 1000 manata 300 manat faizlə pul götürmüşdür. Həqiqətən pulu götürməsi barədə qəbzi imzalamışdır. Lakin o, aldığı pulu tam olaraq İddiaçı qaytarmışdır. Onun hal-hazırda iddiaçıya pul borcu qalmamışdır. Odur ki, iddianı təmin edilməməsini xahiş edir. Məhkəmə, tərəflərin izahatını dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 10 yanvar 2022-ci il tarixli müqavilədən görünür ki, Məmmədova X1 Fuadla müqavilə bağlayaraq ona verdiyi 2860 manat borc pulu fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayı daxil olmaqla hər ay 268 manat pulu qaynanasının pensiya kartı ilə ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçı, 2860 (iki min səkkiz yüz altmış) manat məbləğində pulun cavabdehə verilməsini təsdiq edən sübutları, yəni cavabdeh tərəfindən yazılaraq imza edilmiş müqaviləsi məhkəməyə təqdim etmişdir. Belə ki, həmin müqavilə ilə müəyyən olunur ki, 2860 manat məbləğində pul iddiaçı tərəfindən cavabdehə verilmişdir. Lakin, cavabdeh borc kimi alınmış həmin pul məbləğinin iddiaçıya qaytarmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq yazılı iltizamla müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı müqavilə predmeti olan pul məbləğini cavabdehə vermişdir. Cavabdeh iddiaçıdan yazılı iltizam əsasında aldığı 2860 manat pulun ona qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh 2860 manat pul vəsaitini iddiaçıya qaytarmalı olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı qeyd edilən yazılı iltizam əsasında cavabdehə verdiyi 2860 (iki min səkkiz yüz altmış) manat pul məbləğini tələb etməkdə haqlıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, verilmiş iddia təmin edilməli, 2860 (iki min səkkiz yüz altmış) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 48.60 (qırx səkkiz manat 60 qəpik) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 2860 (iki min səkkiz yüz altmış) manat pulun və ödənilmiş 48.60 (qırx səkkiz manat altmış qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 2908.60 (iki min doqquz yüz səkkiz manat 60 qəpik) manat alınaraq İddiaçı ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar