Məhkəmə qərarları › İş №2(023)-735/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-735/2025

20.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-735/2025 20.05.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «qızıl-zinət əşyalarının və ya onun dəyəri olan pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək olaraq ondan nisyə aldıqları 585 əyyarlı ümumi çəkisi 44.5 qram olan qızıl boyunbağı, qolbağı, klon, sırğa və üzük dəstini, həmin qızıl-zinət əşyalarının özləri olmadıqda isə onların dəyəri olan 5785 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Qazax şəhəri H.Əliyev prospektində yerləşən “Mərkəzi Kolxoz” bazarının ətrafında, özünə məxsus mağazada “Qiyməti metalların və qiymətli daşların alqı-satqısı, dövriyyəsi ilə məşğul olur. Onun adına, Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında dövlət əyyar palatasının (035694) nömrəli lisenziyası var. Onun, Azərbaycan Respublikası Vergilər Nazirliyi vergi ödəyicisi kimi uçota alınmağı haqqında (VÖEN **********) şəhadətnaməsi vardır. O cavabdehlər, yəni Cavabdeh1 və X2 uzun müddətdir ki, tanıyır. Onların bir-birinə etibarı yaranmışdır. Cavabdehlər dəfələrlə onun mağazasından nisyə olaraq qızıl-zinət alımışlar. Onlar, ona olan borclarını vaxtı-vaxtında ödəyiblər. Buna görə də onun cavabdehlərə hörməti və etibarı yaranmışdır. Cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 oğlu xx.xx.2024-ci il tarixində onun mağazasına gəldilər və ondan nisyə olaraq qızıl-zinət əşyaları almaq istədiklərini bildirdilər. Onun onlara etibarı olduğuna görə onlara nisyə olaraq qızıl-zinət əşyaları satmağa razılaşmışdır. O cavabdehlərə 1) 585 əyyarlı, ümumi çəkisi 44.5 qram olan qızıl boyunbağı, qolbağı, klon, sırqa və üzük dəstini 4000 manata, 5 (beş) ay müddətinə hissəhissə ödəmələrinə razılaşaraq, nisyə olaraq satmışdır. Həmin vaxtı, onlar öz aralarında müqavilə yazmışlar və müqavilənin doğruluğunu Cavabdeh1 və onun zamini Cavabdeh2 öz ilə təsdiqləmişdir. Həmin tarixdən səkkiz aydan artıq vaxt keçməsinə baxmayaraq nə Cavabdeh1, nədə ki, onun zamini Cavabdeh2 ona olan borclarından heç bir ödəniş etməmişlər. O, dəfələrlə onlardan xahiş etmiş ki, ya ona olan pul borcu versinlər, ya da ondan aldığı qızıl-zinət əşyalarının özünü qaytarsınlar. Amma cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onu aldadırlar, belə ki, nə ona olan pul borclarını verirlər, nədə ki, ondan nisyə olaraq aldıqları qızıl-zinət əşyalarını ona qaytarırlar. Bildirir ki, o, cavabdehlərə qızıl-zinət əşyaları satdıqda həmin əşyalarının, yəni 585 əyyarlı qızıl-zinət əşyalarının hər bir qramının bazar satış qiyməti 90(doxsan) manat idi. Hal-hazırda isə qızıl-zinət əşyalarının, yəni 585 əyyarlı qızıl-zinət əşyalarının hər bir qramının bazar satış qiyməti indeksasiya olunaraq 130 (bir yüz otuz) manat olmuşdur. Beləliklə, Cavabdeh1 və onun zamini Cavabdeh2 ona olan borcları 5785 (beş min yeddi yüz səksən beş) manat təşkil edir. Ona görə də o məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Əvvəlki məhkəmə iclasında Cavabdeh2 bildirdi ki, iddianı qəbul etmir. Belə ki, o qızıl satanın yanına oğlunun hərbi biletini götürmək üçün getmişdir. O imza edən zamanı hərbi biletin götürülməsi üçün imza çəkmişdir. Qızılları o götürməmişdir. O imza edən zaman imza etdiyi sənədi oxumamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdehə qızılı 2023-cü il tarixdə vermiş və həmin vaxt qızılın qramı 90 manat təşkil edirdi. Lakin hazırda 1 qram qızılın bazar qiyməti 130 manat təşkil edir. Odur ki, qeyd etdiklərini nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işdə olan müqavilədən görünür ki, Cavabdeh1 İddiaçı 585 əyyarlı ümumi çəkisi 44.5 qram olan boyunbağı, qolbağı, klon, sırğa və üzük dəstini 4000 manata almış və həmin pulu xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi hər ay 800 manat ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Cavabdeh2 isə zamin olmuş və müqaviləyə imza etməklə öhdəliyi öz üzərinə götürmüşdür. İşdə olan xx.xx.2025-ci il tarixli “Elit” adına lombardın zərgər-mütəxəssisi X5 tərəfindən verilən rəydən görünür ki, 1 qram 583-585 əyyarlı qızılın qiyməti 130 manatdır. 1 qram 750 əyyarlı qızılın qiyməti 180 manatdır. 1 qram 750 əyyarlı briliyant qaşlı qızılın qiyməti 250 manatdır. İşdə olan 058389 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında bağlanmış şifahi nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı Cavabdeh1 və Cavabdeh2 585 əyyarlı, ümumi çəkisi 44.5 qram olan qızıl boyunbağı, qolbağı, klon, sırqa və üzük dəstini 4000 manata, 5 (beş) ay müddətinə hissə-hissə ödəmələrinə razılaşaraq, nisyə olaraq satmış, Cavabdeh1 və Cavabdeh2 isə aldığı malın dəyərinin hazırki tarixədək ödəməmişdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Məhkəmə eyni zamanda digər Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, onlar alqı-satqı müqaviləsi üzrə alınmış malın dəyərinin qaytarılmasına görə zamin olduğundan, müqavilə üzrə yaranmış borcun ödənilməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 alqı-satqı müqaviləsi üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər Cavabdeh2 alqı-satqı müqaviləsi üzrə alınmış əşyanın dəyərinin qaytarılmasına görə zamin olduğundan, onlar, Cavabdeh1 iddiaçı qarşısında olan pul öhdəliyini üzərinə götürmüşdür. Cavabdehlər Cavabdeh2 Cavabdeh1 ilə birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Buna görə də məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə 585 əyyarlı ümumi çəkisi 44.5 qram olan qızıl boyunbağı, qolbağı, klon, sırğa və üzük dəstini, həmin əşyalar olmadıqda isə onların dəyəri olan 5785 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qayadada iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə görə məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə ödənilməmiş dövlət rüsumunun əvəzi qismində 77,85 manat məbləğində pul vəsaiti cavabdehdən dövlət nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qayadada 585 əyyarlı ümumi çəkisi 44.5 qram olan qızıl boyunbağı, qolbağı, klon, sırğa və üzük dəsti, həmin əşyalar olmadıqda isə onların dəyəri olan 5785 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qayadada ödənilməmiş dövlət rüsumunun əvəzi qismində 77,85 manat məbləğində pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar