Məhkəmə qərarları › İş №2(023)-739/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-739/2023

14.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-739/2023 14.06.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, İddiaçı X2 iştirakı ilə, İddiaçı X2 cavabdehlər X6, X9 və Allahverdiyeva (Əhmədova) Tərlan Şəfi qızına qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı X7 cavabdehlər X6, X9 və Allahverdiyeva (Əhmədova) Tərlan Şəfi qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus Qazax rayonu, Daş Salahlı kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Bəsti Allahverdiyeva, Adil Allahverdiyev və Tərlan Allahverdiyeva xüsusi mülkiyyətində olan və **********22-10301 reyestr nömrəli çıxarışla ona məxsus olan Qazax rayonu, Daş Salahlı kəndində yerləşən evinə qanunsuz daxil olmuşlar. Cavabdeh Bəsti Allahverdiyeva məhkəmədə ona qarşı “evə köçürülmə tələbi” ilə bağlı iddia qaldırmış, həm də valideynləri ilə birlikdə onun iradəsinin əksinə olaraq, onun mülkiyyət hüququnu pozaraq valideynləri ilə birlikdə onun evinə daxil olmuşlar. Bəsti Allahverdiyevanın iddia tələbi ilə əməli ziddiyyət təşkil edir və əməli iddia tələbini əsassız edir. Bəsti Allahverdiyeva ilə oğlu Vüsal Allahquluyev məhkəmə qaydasında boşanmışlar və nikahın pozulması haqqında şəhadətnamə almışlar. X5 və digər cavabdehlər onun ailə üzvləri deyildir. Bəsti Allahverdiyevanın xüsusi mülkiyyətində olan evə köçürülməsi ilə bağlı iddiası Qazax rayon məhkəməsinin, Gəncə Apelyasiya Məhkəməsinin və Ali Məhkəmənin qüvvəyə minmiş qətnamələrinə əsasən təmin olunmamışdır. Məhkəmə icraatı zamanı Bəsti Allahverdiyeva və digər cavabdehlər zorakılıqla onun evinə daxil olduqlarından, o müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cavabdehlərin evdən çıxarılması tələbi ilə bağlı iddia qaldırsa da, cavabdehlərin onun evində yaşamalarını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən həmin hal üzrə iddiası təmin olunmamışdır. Hazırda cavabdehlərin onun evində yaşamasını təsdiq edən Qazax RİHB-nin Daşsalahlı kənd İƏDÜN-nin arayışını həmin halı sübut etmək üçün iddiaya əlavə etmişdir. Hazırda cavabdehlərin onun iradəsinin ziddinə yaşamaları, onun mülkiyyət hüquqlarını pozur və evindən sərbəst və maneəsiz şəkildə istifadə etməyini məhdudlaşdırır. Bu isə onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Məhkəmə iclasında iddiaçı X7 iddianı müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, cavabdehlər X4, X8 və Allahverdiyeva (Əhmədova) Tərlan Şəfi qızının ona məxsus fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında cavabdeh X11 iddianı qəbul etməmiş və iddianı əsassız hesab edərək təmin olumamasını xahiş etmişdir. Cavabdehlər X11, X12 və Allahverdiyeva (Əhmədova) Tərlan Şəfi qızı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehlərin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”dan görünür ki, Qazax rayonu Daş Salahlı kəndində yerləşən fərdi yaşayış evi X2 mülkiyyətindədir və daşınmaz əmlak üzərində hüquq xx.xx.2021-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş Texniki Pasportun surətindən görünür ki, Qazax rayonu Daş Salahlı kəndində fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdə 5xx-xx/2056 inventar nömrə ilə X2 adına qeydə alınmışdır. İş materiallarında olan Qazax rayon məhkəməsinin 2(023)-1072/2021 saylı 14 oktyabr 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X4 X10 qarşı evə köçürülmə tələbinə dair iddiası təmin edilməməsi, X2 cavabdehlər X6, X9 və Allahverdiyeva (Əhmədova) Tərlan Şəfi qızına qarşı “evdən çıxarılma” tələbinə dair iddiası təmin edilməsi, X4, X8 və Allahverdiyeva (Əhmədova) Tərlan Şəfi qızının X3 məxsus Qazax rayonu Daş Salahlı kəndində fərdi yaşayış evindən çıxarılmaları qət edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)- 688/2022 saylı 27 yanvar 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Qazax rayon məhkəməsinin 2(023)-1072/2021 saylı 14 oktyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılması, iddiaçı X4 X10 qarşı evə köçürülmə tələbinə dair iddiası təmin edilməməsi, X2 cavabdehlər X6, X9 və Allahverdiyeva (Əhmədova) Tərlan Şəfi qızına qarşı “evdən çıxarılma” tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-4586/2022 saylı qərarından görünür ki, müstəqil tələb irəli sürən üçüncü şəxs X7 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-688/2022 saylı 27 yanvar 2022-ci il tarixli qətnaməsi səyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Qazax RİHB-nın Daş Salahlı kənd İƏD-si üzrə nümayəndəliyinin verdiyi xx.xx.2023-cü il tarixli 5-58-11-12-21/2-966/2023 saylı arayışdan görünür ki, Qazax rayonu Daş Salahlı kəndində yerləşən reyestr nömrəsi **********22-10301, qeydiyyat nömrəsi ********** olan çıxarışda göstərilən evə baxış keçirilən zaman həmin evdə X4 yaşadığı aşkar olunmuşdur. Məhkəmə iclasında araşdırılmış sübutlardan məlum oldu ki, cavabdeh X11 iddiaçının oğlu Vüsal Allahverdiyevlə 2012-ci ildə evlənmiş, 13 mart 2014-cü il tarixdə rəsmi nikaha daxil olaraq, iddiaçıya məxsus Qazax rayonu Daş Salahlı kəndində yerləşən evə gəlin köçmüşdür. Bəsti Allahverdiyeva ilə iddiaçının oğlu Vüsal Allahquluyev məhkəmə qaydasında boşanmışlar. Sözügedən ev hazırda mülkiyyət hüququ əsasında X2 adına qeydə alınmışdır. Həmin vaxtdan indiyə qədər cavabehlə mülkiyyətçi olan iddiaçı arasında sözügedən mənzildən istifadə hüququnun yaranması ilə bağlı heç bir razılaşma olmamışdır. Cavabdeh bu günədək sözügedən mənzildə yaşamağa davam edir. İddiaçı bu səbəbdən mülkiyyət hüququ ilə ona məxsus ev üzərində olan mülkiyyət hüquqlarından istifadə edə bilmədiyindən cavabdehin ona məxsus mənzildən çıxarılmasını istəyir. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya məxsus mənzildən çıxarılması məsələsi həll edilərkən, ilk öncə cavabdehin həmin mənzildən istifadə hüququnun olub-olmaması müəyyən edilməlidir. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30cu maddəsinin müddəaları tətbiq edilməlidir. İş materialları ilə müəyyən olunur ki, cavabdeh 13 mart 2014-cü il tarixdə iddiaçının oğlu ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və həmin vaxtdan iddiaçıya məxsus mənzilə köçərək orada yaşamışdır. Eyni zamanda tərəflər arasında mübahisəli hüquq münasibəti 01 oktyabr 2009-cu il tarixdən sonra yaranmışdır, Konstitusiya Məhkəməsinin qeyd olunan qərarına əsasən bu halda mübahisəyə Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Məhkəmə hesab edir ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbləri baxımından cavabdeh iddiaçının ailə üzvü hesab olunmur. Belə ki, mülkiyyətçinin ailə üzvləri dedikdə, onun arvadı (əri), uşaqları və valideynləri başa düşülür. Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilən “digər qohumlar” ifadəsinə gəldikdə isə qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçının ailə üzvü hesab olunmadığından, onun iddiaçıya məxsus yaşayış evindən istifadə hüququnun əmələ gəlməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. Belə ki, qeyd olunan maddi hüquq normalarına əsasən mülkiyyətçinin ailə üzvü sayılmayan şəxslərin yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə onun arasında yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Lakin, iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında təsdiqlənən yazılı müqavilə bağlanmamışdır. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, Qazax rayonu Daş Salahlı kəndində yerləşən evin mülkiyyətçisi olan iddiaçı ilə cavabdeh arasında yaşayış sahəsindən istifadə hüququnun yaranması ilə bağlı notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, cavabdehin həmin yaşayış sahəsindən istifadə hüququ yaranmamışdır. Məhkəmə hesab edir ki, hazırki halda iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə mübahisəli mənzilə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin, cavabdehin hər hansı hüququnun olmamasına baxmayaraq, həmin mənzildən könüllü olaraq çıxmaması nəticəsində iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilmir. Odur ki, iddiaçı ona məxsus mənzildən cavabdehin çıxarılmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, mövcud şərtlər daxilində iddiaçının iradəsinə zidd olaraq cavabdehin iddiaçıya məxsus mənzildə olması iddiaçının mənzil üzərində mülkiyyət hüququnun həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə ki, mülkiyyət hüququ təbiəti etibarilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlakı üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur. Məhkəmə, X2 cavabdehlər X9 və Allahverdiyeva (Əhmədova) Tərlan Şəfi qızına qarşı “evdən çıxarılma” tələbinə dair iddiasına münasibətdə hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır və təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Qazax RİHB-nın Daş Salahlı kənd İƏD-si üzrə nümayəndəliyinin verdiyi arayışdan da görünür ki, Qazax rayonu Daş Salahlı kəndində yerləşən reyestr nömrəsi **********22-10301, qeydiyyat nömrəsi ********** olan çıxarışda göstərilən evə baxış keçirilən zaman həmin evdə yalnız X4 yaşadığı aşkar olunmuşdur. Göründüyü kimi, hazırda cavabdehlər X12 və Allahverdiyeva (Əhmədova) Tərlan Şəfi qızı həmin mübahisəli evdə yaşamır, bu isə onu ehtiva edir ki, həmin şəxslərin evdən çıxarılmasının hüquqi əsasları yoxdur. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, Qazax rayonu, Daş Salahlı kəndində yerləşən mənzilə hansı bir hüququ mövcud olmayan cavabdehin həmin mənzildə yaşaması iddiaçının mülkiyyət hüququnu məhdudlaşdıran hal olduğundan, iddia tələbi qismən təmin edilməli, cavabdeh X11 iddiaçının mülkiyyətində olan Qazax rayonu, Daş Salahlı kəndində yerləşən fərdi yaşayış evindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. X1 rayonu, Daş Salahlı kəndində yerləşən fərdi yaşayış evindən çıxarılsın. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Fəxri Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar