Məhkəmə qərarları › İş №2(023)-749/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-749/2023

31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-749/2023 31.05.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Şəmkir Rayon Məhkəməsinin hakimi Məmmədov Fəxri Afiq oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbi barədə” iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, Müəyyən etdi̇ : İddiaçı ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2020-ci il tarixli 304975-1-36049 saylı “Kredit Təşkilatlarında olan Öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə Kredit Müqaviləsi”nə əsasən 12 aprel 2023-cü il tarixinə Banka borclu olduğu 1722,09 manat məbləğində əsas, 141,63 manat məbləğində faiz borcu, 148,95 manat cərimə borcu olmaqla, ümumilikdə 2012,67 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 40.13 (qırx manat 13 qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli 304975-1-36049 saylı “Kredit Təşkilatlarında olan Öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə Kredit Müqaviləsi” bağlanmış və illik 21 faiz Müqavilə bağlandığı zaman Müqavilənin 5.1.8 bəndi icra olunduqda illik faiz dərəcəsi əlavə olaraq 5% artır hesablanması şərti ilə 48 ay müddətinə 3000 manat məbləğində kredit borcunun qaytarılmasını cavabdeh öz üzərinə götürmüşdür. Lakin Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və nəticədə cavabdehin Banka 1722,09 manat məbləğində əsas, 141,63 manat məbləğində faiz borcu, 148,95 manat cərimə borcu olmaqla, ümumilikdə 2012,67 manat məbləğində borcu yaranmışdır. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 304975-1-36049 saylı “Kredit Təşkilatlarında olan Öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə Kredit Müqaviləsi”dən görünür ki, müqaviləyə əsasən illik 21 faiz Müqavilə bağlandığı zaman Müqavilənin 5.1.8 bəndi icra olunduqda illik faiz dərəcəsi əlavə olaraq 5% artır hesablanması şərti ilə 48 ay müddətinə 3000 manat məbləğində kredit borcunun qaytarılmasını cavabdeh öz üzərinə götürmüşdür. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2020ci il tarixli 304975-1-36049 saylı müqavilə üzrə İddiaçı ASC-yə xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək ümumilıikdə 446163 manat ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduqları qeyd edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Beləliklə təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında xx.xx.2020-ci il tarixli 304975-1-36049 saylı kredit müqaviləsi bağlanmış və cavabdehə illik 21 faiz hesablanması şərti ilə 48 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu qaytarmamışdır. Cavabdehin həmin müqavilə üzrə banka 1722,09 manat məbləğində əsas, 141,63 manat məbləğində faiz borcu yaranmışdır. Odur ki, kredit müqaviləsi üzrə tələb hüququ iddiaçıya güzəşt edildiyindən, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa, iddiaçı müqaviləyə istinad edərək cavabdehdən gecikdirilmiş ödənişlərə görə 148,95 manat cərimə tələb etmişdir. Lakin, məhkəmə cavabdehin maddi vəziyyətini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq, borc məbləğinə nəzərən tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını və 50 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 1722,09 manat məbləğində əsas, 141,63 manat məbləğində faiz borcu, 50 manat cərimə borcu olmaqla, ümumilikdə 1913,72 manat məbləğində vəsait alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 40.13 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli 304975-1-36049 saylı “Kredit Təşkilatlarında olan Öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə Kredit Müqaviləsi”nə əsasən 12 aprel 2023-cü il tarixinə Banka borclu olduğu 1722,09 manat məbləğində əsas, 141,63 manat məbləğində faiz borcu, 50 manat cərimə borcu olmaqla, ümumilikdə 1913,72 (bir min doqquz yüz on üç manat yetmiş iki qəpik) pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 40.13 (qırx manat on üç qəpik) manat pul alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fəxri Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar