Məhkəmə qərarları › İş №2(023)-774/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-774/2025

03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-774/2025 03.07.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 04 iyul 2025-ci il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10.000 manat pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Tovuz rayonu Yuxarı Öysüzlü kəndində qeydiyyatda olmaqla, Tovuz şəhərində (müvəqqəti himayədə) qardaşının yanında yaşayır. ünvan 1 ünvanda bir otaqlı mənzil onun sərəncamında olsa da, evin əsl sahibi qardaşı X1 olmuşdur. Tovuz şəhərində həmin ərazidə dövlət xətti ilə abadlaşdırma işləri aparıldığı üçün onun yaşadığı mənzil plana düşmüşdür və həmin ev üçün 10.000 manat kompensasiya verilmişdir. Onun başqa yaşayış yeri olmadığı üçün qardaşı başqa bir yerdən ev almaq üçün 10.000 manat kompensasiyanı ona hədiyyə etmişdir. Qazaxda yaşayan bacısı qızı onun 10.000 manat kompensasiya aldığını 10 iyul 2022-ci il tarixdə öyrənmişdir. Daş Salahlı kəndində müəllimə işləyən bacım qızı Cavabdeh 10 iyul 2022-ci ildə ona zəng edərək, kürəkəninin ticarətlə məşğul olmasını və pulu olmadığı üçün ona müvəqqət olaraq 3000 manat verməsini xahiş etmişdir. O həmin şəxsi tanımadığını bildirdikdə, Nəsibə “borcu mənə verirsən ona yox, pula mən cavabdehəm” deyə bildirmişdir. O Nəsibəyə inanaraq, onun kürəkəni Teymur adlı şəxsə 10 iyul 2022-ci il tarixdə Tovuz rayon Avtovağzalında 3.000 manat pul vermişdir. 21 iyul 2022-ci ildə Nəsibə yenidən ona zəng edərək, işlərin yaxşı getdiyini, kürəkəninin Türkiyədən mal gətirmək üçün 5.000 manat pula ehtiyacının olduğunu bildirdi. Həmin tarixdə, yəni 21 iyul 2022-ci il tarixdə Nəsibə özü Tovuz şəhəri, E.Quliyev 13 nömrəli ünvanda yerləşən evə gələrək 5000 manat pulu aparmışdır. 13 sentyabr 2022-ci il tarixdə Nəsibə yenidən ona zəng edərək, kürəkənin ticarəti böyütdüyünü, kürəkəninə təkrar pul lazım olduğunu bildirdi və 13 sentyabr 2022-ci il tarixdə kürəkəni Teymur adlı şəxs Tovuz şəhəri E.Quliyev 13 nömrəli ünvanda yerləşən evə gələrək 2.000 manat pulu aparmışdır. Teymur adlı şəxsin kimliyini və onun yaşayış ünvanını bilmir. Ona görə də onu işə cəlb edə bilmir. Lakin o pulu Nəsibəyə vermiş , kürəkəni Teymur pulu Nəsibənin sözü ilə gəlib ondan aparmışdır. Qazax rayonu Daş Salahlı kəndində yaşayan bacısı qızı Cavabdeh onun 10.000 manat pulunun hamısını əldə etdi. O pulları Nəsibəyə verərkən ticarətin gedişinə əsasən hissə-hissə olaraq geri qaytaracağını bildirmişdir. Nəsibə hətta onlara kömək etdiyi üçün o da, yeni ev alacağı vaxt ona kömək edəcəyinə söz verdiyi üçün həmin pulları ona vermişdir. Cavabdehə dəfərlərlə könüllü şəkildə pulu geri ödəməyi təklif etsədə, o bununla razılaşmamış, telefonla əlaqə saxlamaq istədikdə isə nömrəni bloka atmışdır. Onunla həmişə yaxşı münasibəti olmuşdur. Hesab edir ki, Nəsibə verdiyi borcu ona qaytarmaq fikrində deyil. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, izahatında göstərmişdir ki, cavabdeh onun bacısı qızıdır, uşaqlıqdan onunla birlikdə yaşamışdır. Ondan borc istəmişdir və həmin vaxtı kompensasiya verilən pul əlində olduğu üçün ona borc vermişdir. Həmin pulu qardaşıə ona özünə ev almaq üçün vermişdir. Hazırda cavabdeh borc verdiyi pulu qaytarmaqdan imtina edir. Odur ki, iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə, cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzrsüz sayaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddiaçı iddia tələbini təsdiq edən sübut kimi cavabdehlə telefon danışığına dair diski məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iddiaçının təqdim etdiyi diskə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Cavabdeh həqiqətən İddiaçı borc pul aldığını etiraf etmişdir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçı, cavabdehin ona 10.000 manat məbləğində pul borcu olduğunu təsdiq edən sübutları, yəni cavabdehlə danışığına dair diski məhkəməyə təqdim etmişdir. Belə ki, həmin səs yazısından müəyyən olunur ki, cavabdeh danışan zaman iddiaçıya 10.000 manat borcu olduğunu etiraf etmişdir. Lakin, cavabdehin borc kimi alınmış həmin pul məbləğinin iddiaçıya qaytarmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Yuxarıda göstərilənlər baxımından məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, tərəflər arasında yaranmış münasibətlər borc müqaviləsindən yarandığından, həmin münasibətlərə də borc müqaviləsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsində də nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.2.-ci maddəsi əsasında əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsi əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1.-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında şifahi borc müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı müqavilə predmeti olan pul məbləğini cavabdehə vermişdir. Cavabdeh iddiaçıdan şifahi borc müqaviləsi əsasında aldığı ümumilikdə 10.000 manat pulun ona qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, 10.000 manat pulu iddiaçıya qaytarmalı olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Məhkəmənin iş üzrə gəldiyi yekun nəticə ondan ibarətdir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 10.000 (on min) manat pul alınıb İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə, eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən cavabdehdən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213- 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 10.000 (on min) manat məbləğində pul və 100 (bir yüz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar