Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-777/2023 06.07.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh Nurəddin oğluna qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh Nurəddin oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qazax Rayon Məhkəməsinin 24 yanvar 2011-ci il tarixli, 2(023)-136/2013 saylı qətnaməsinə əsasən müəyyən edilmiş 100 manat alimentin miqdarı dəyişdirilərək, Cavabdeh Nurəddin oğlundan 23 noyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Qazax Rayon Məhkəməsinin 24 yanvar 2011-ci il tarixli, 2(023)-136/2013 saylı qətnaməsinə əsasən 23 noyabr 2011-ci ildə anadan olmuş Hüseyn adlı uşağının atasının Cavabdeh Nurəddin oğlu olması müəyyən edilmiş, cavabdehdən xx.xx.2012-ci ildən başlayaraq ayda 100 manat sabit pul məbləğində aliment tutulması müəyyən olunmuşdur. Təyin olunmuş aliment məbləği uşağınını maddi ehtiyaclarının təmin olunması üçün kifayət etmir. Belə ki, uşağı artıq böyüyüb, onun tələbatları artıb, geyim, məktəb ləvazimatları, gündəlik məişət qayğıları, habelə hazırlıq kurslarına görə kifayət qədər vəsait tələb olunur. O, həmin tələbatları təkbaşına qarşılaya bilmir. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin Cavabdeh Nurəddin oğlu məhkəməyə göndərdiyi etiraz ərizəsində göstərmişdir ki, iddiaçıdan ayrıldıqdan sonra başqa bir qadınla ailə qurmuşdur, həmin evlilikdən iki övladı doğulmuşdur. Hazırda o və həyat yoldaşı heç birt yerdə işləmirlər, yataqxanada kirayədə yaşayırlar, maddi vəziyyətləri ağırdır. Məhkəmə qətnaməsi ilə təyin edilmiş alimenti valideynlərinin köməyi ilə ödəyir. Göstərilənlərə əsasən, işə onun iştirakı olmadan baxılaraq, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından 23 noyabr 2011-ci il təvəllüdlü X2 adlı uşaqları doğulmuşdur. İş materiallarında olan Qazax Rayon Məhkəməsinin 24 yanvar 2011-ci il tarixli, 2(023)-136/2013 saylı qətnaməsindən görünür ki, İddiaçı 23 noyabr 2011-ci ilə doğulmuş Hüseyn adlı uşağının atasının 19 yanvar 1982-ci ildə Sumqayıt şəhərində doğulmuş Cavabdeh olmasının müəyyən olunması, 19 yanvar 1982-ci ildə doğulmuş, hazırda Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi 48 nömrəli evin 1 nömrəli mənzilində yaşayan Cavabdeh 25 dekabr 2012-ci ildən başlayaraq ayda 100 manat tutulub 23 noyabr 2011-ci ilə doğulmuş Hüseyn adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddiaçının hər ay hər uşağa görə 220 manat sabit pul məbləğində aliment təyin edilməsinə dair tələbi tam təmin edilə bilməz. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin iddiaçının ərizəsində göstərdiyi miqdarda cavabdehin aliment ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunmur və iddiaçı tərəfindən məhkəməyə cavabdehin aylıq qazancı, əmək haqqı və ya digər gəlirləri barədə hər hansı sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qeyd edilən Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği hazırda uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla nəzərdə tutulmuş “uşağını saxlamalı olmasına dair vəzifəsi”nin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, alimentin müəyyən edilməsi barədə qətnamənin qəbul edilməsindən keçən müddətdən sonra minimum yaşayış tələbatı artmışdır. Digər tərəfdən, uşaq böyüdükcə onun saxlanması üçün çəkilməli olan xərclərin həcmi də artır. Həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” 09 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Beləliklə, tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin iddiaçının da uşaqların valideyni olaraq onlar saxlamaq vəzifəsinin olmasını, bununla belə uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində müəyyən edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən vaxtdan deyil, hazırki qətnamənin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Bundan başqa, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə hesablanır. Azərbaycan Respublikası Dövlət rüsumu haqqında qanunun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddialarda həmin Məcələnin 8.1.1-ci maddəsində iddia qiyməti 1.000 manatadək olduqda 30 manat ödənilməlidir. Azərbaycan Respublikası Dövlət rüsumu haqqında qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi ödənilməlidir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına və aliment tutulması barəsində iddia ərizələri verilərkən iddiaçının dövlət rüsumu ödəməkdən azad olunmasını nəzərə alaraq hesab edir ki, illik tutulacaq alimentin məbləği 1920 manat məbləğində təşkil etdiyindən 30+9.2 manat, cəmi 39.20 (otuz doqquz manat 20 qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh Nurəddin oğlundan alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Qazax Rayon Məhkəməsinin 24 yanvar 2011-ci il tarixli, 2(023)-136/2013 saylı qətnaməsi ilə Cavabdeh Nurəddin oğlundan tutulan alimentin miqdarı dəyişdirilsin və Cavabdeh Nurəddin oğlundan qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 23 noyabr 2011-ci il tarixdə anadan olmuş X3 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh Nurəddin oğlundan 39.20 (otuz doqquz manat 20 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-777/2023
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-777/2023
06.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver