Məhkəmə qərarları › İş №2(023)-783/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-783/2023

14.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-783/2023 14.09.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi ilə, İddiaçı nümayəndəsi, Vəkil Müşafiq oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc pulun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 16000 (on altı min) manat pulun və ödənilmiş 140 (bir yüz qırx) manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə birlikdə müəyyən iş birliklərində fikir mübadiləsi yürütmüşlər. Həmin müddət ərzində bir-birilərindən müəyyən qədər borc pullar almaqla aralarında etibar yaranmışdır. Yaranmış etibara görə cavabdeh ondan 16000 manat borc pul almışdır. Cavabdeh həmin pulu xx.xx.2023-cü il tarixədək qaytaracağına dair öhdəlik götürmüşdür. Cavabdeh bununla bağlı qəbz yazaraq ona təqdim etmişdir. Lakin dəfələrlə pulunu tələb etməsinə baxmayaraq, cavabdeh borcunu qaytarmamış və borcu ödəməkdən müxtəlif bəhanələrlə yayınır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi, Vəkil Müşafiq oğlu iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunan qəbzdən görünür ki, Cavabdeh İddiaçı 16000 manat pul aldığını, həmin pulu qaytarmadığını, xx.xx.2023-cü il tarixə qədər həmin pulu İddiaçı qaytaracağına dair öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 4/1265-5/10-67 saylı rəyindən görünür ki, mülki işin 9-cu vərəqində olan Cavabdeh İddiaçı 16 000 AZN məbləğində pulu borc alması və qaytarılması barədə qəbzin orta hissəsində “...16 000” rəqəmindəki “6 000” rəqəmləri - Cavabdeh tərəfindən icra olunmuşdur. mülki işin 9-cu vərəqində olan Cavabdeh İddiaçı 16 000 AZN məbləğində pulu borc alması və qaytarılması barədə qəbzin orta hissəsində “...16 000” rəqəmindəki “1” rəqəminin - Cavabdeh tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçı, 16000 (on altı min) manat məbləğində pulun cavabdehə verilməsini təsdiq edən sübutları, yəni cavabdeh tərəfindən yazılaraq imza edilmiş qəbzi məhkəməyə təqdim etmişdir. Belə ki, həmin qəbzlə müəyyən olunur ki, 16000 manat məbləğində pul iddiaçı tərəfindən cavabdehə verilmişdir. Lakin, cavabdeh borc kimi alınmış həmin pul məbləğinin iddiaçıya qaytarmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Məhkəmə baxışı zamanı xüsusi bilik tətbiqinə ehtiyac olduğu üçün ekspert rəyi alınmış, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyinə əsasən Cavabdeh İddiaçı 16 000 AZN məbləğində pulu borc alması və qaytarılması barədə qəbzin orta hissəsində “...16 000” rəqəmindəki “6 000” rəqəmlərinin - Cavabdeh tərəfindən icra olunması, Cavabdeh İddiaçı 16 000 AZN məbləğində pulu borc alması və qaytarılması barədə qəbzin orta hissəsində “...16 000” rəqəmindəki “1” rəqəminin - Cavabdeh tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq yazılı qəbzlə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı müqavilə predmeti olan pul məbləğini cavabdehə vermişdir. Cavabdeh yazılı qəbz əsasında iddiaçıdan aldığı 16000 manat pulun ona qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh 16000 manat pul vəsaitini iddiaçıya qaytarmalı olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı qeyd edilən yazılı qəbz əsasında cavabdehə verdiyi 16000 (on altı min) manat pul məbləğini tələb etməkdə haqlıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, verilmiş iddia təmin edilməli, 16000 (on altı) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 140 (bir yüz qırx) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 16000 (on altı min) manat və 140 (bir yüz qırx) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar