Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-787/2024 07.08.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi ilə, İddiaçı cavabdehlər Qazax rayon Notariat ofisinə, BOKT "xxxx" MMC-yə və üçüncü şəxs Babayev Samir Səməd oğluna qarşı icra qeydinin ləğv edilməsi və əsassız hesablanmış borcun azaldılması tələbi barədə iddiasına dair mülki işə 07 avqust 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Qazax rayon Notariat ofisinə, BOKT "xxxx" MMC-yə və üçüncü şəxs Babayev Samir Səməd oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qazax rayon notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli icra qeydinin ləğv edilməsi və BOKT "xxxx" MMC-nin həmin müqavilənin əsasında hesabladığı 2481,76 manat əsas, 478,63 manat faiz və 2614,49 manat cərimənin, ümumilikdə 5599,88 (beş min beş yüz doxsan doqquz manat səksən səkkiz qəpik) manat məbləğində borcun azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh BOKT "xxxx" MMC ilə Babayev Samir Səməd oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli, Q-0339-Pk/AZN 2023 saylı kredit müqaviləsinə əsasən S.S.Babayevə 15 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Həmin öhdəliyin təminatı olaraq BOKT "xxxx" MMC onunla xx.xx.2023cü il tarixli, Q-0339-Pk/AZN 2023 saylı zaminlik müqaviləsi də bağlanmışdır. Cavabdeh Qazax rayon notariat ofisinin verdiyi xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən borclu Babayev Samir Səməd oğlunun qeyd olunan kredit müqaviləsi üzrə yaranmış 2481,76 manat əsas, 478,63 manat faiz və 2614,49 manat cərimə olmaqla, ümumilikdə 5599,88 manat məbləğində borcun tutulub BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməsi müəyyən olunmuşdur. Qazax rayon notariat ofisi borcun mübahisəsiz olmasına əminlik göstərərək, əsas və faiz borcu ilə bərabər, həddindən artıq şişirdilmiş 2614,49 manat cərimənin (dəbbə pulunun) tutulmasına dair də icra qeydi aparmışdır. Halbuki, xx.xx.2023-cü il tarixli, Q-0339-Pk/AZN 2023 saylı kredit müqaviləsi üzrə BOKT "xxxx" MMC-yə dəfələrlə ödənişlər olunmuşdur. İcra qeydində göstərilən əsas, faiz və cərimə məbləği ilə razılaşmır. Hesab edir ki, notariat ofisi boncun mübahisəsiz olub-olmamasını araşdırmalı idi. Ona görə də icra qeydi ləğv edilməli, iddia icraatı qaydasında məhkəmə tərəfindən işin faktiki hallan araşdırılmalı, həqiqətin müəyyən edilməsi üçün müvafiq ekspertiza təyin edilməklə borcun məbləği aşkara çıxarılmalı və iş üzrə düzgün nəticəyə gəlinməsi məqsədi ilə digər zəruri hərəkətlər aparılmalıdır. Qeyd olunanlara əsasən Qazax rayon notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli icra qeydinin ləğv edilməsi və BOKT "xxxx" MMC-nin həmin müqavilənin əsasında hesabladığı 2481,76 manat əsas, 478,63 manat faiz və 2614,49 manat cərimənin, ümumilikdə 5599,88 (beş min beş yüz doxsan doqquz manat səksən səkkiz qəpik) manat məbləğində borcun azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə göndərdiyi ərizədə üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddianıl müdafiə etdiyini, işə onun iştirakı olmadan baxılaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh Qazax rayon Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə Qazax rayon Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Cavabdeh BOKT "xxxx" MMC məhkəməyə göndərdiyi etiraz ərizəsində iddianı əsassız hesab edərək göstərmişdir ki, Bank Olmayan Kredit Təşkilatı"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “Baş ofıs”i ilə borclu Babayev Samir Səməd oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli Q-0339-pk/AZN- 2023 saylı kredit müqaviləsinə əsasən illik faiz 25% olmaqla, 15 ay müddətinə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi, eyni zamanda iddiaçı BOKT "xxxx"MMC ilə X3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli Q- 0339-pk/AZN-2023 saylı zaminlik müqaviləsinə əsasən o, zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməsinə görə borclu X2 ilə eyni həcmdə, yəni tam öhdəlik üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. Qeyd olunan öhdəlik lazımınca yerinə yetirilmədiyinə görə BOKT "xxxx" MMC tərəfindən Notariat ofisinə müraciət olunmaqla Qazax rayon notariat ofisinin xx.xx.2024-cü il tarixli 8İ-3106 nömrəli icra qeydi çıxarılmış, icra qeydinə əsasən borclu şəxs ödənişi təmin etmədiyi halda zamin kimi ödəniş öhdəliyini öz üzərinə götürmüş X1 əsas müddət üçün vaxtında ödənilməmiş 2960 manat 39 qəpik, (qeyd olunan məbləğin 478 manat 63 qəpik faiz məbləğidir) 2614 manat 49 qəpik cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsümü olmaqla, cəmi 5599 manat 88 qəpik pulun tutularaq Təşkilatın hesabına ödənilməsi barədə qərar qəbul olunmuşdur. X4 Səməd oğlu və zaminlik öhdəliyini öz üzərinə götürmüş İddiaçı kredit ödənişinin vaxtında təmin olunması ilə bağlı dəfələrlə şifahi və rəsmi məlumatlar verilsə də vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ödənişdən qəsdən yayınmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən əsas borc kredit müddətinin son gününədək (sonuncu gün də daxil olmaqla) ödənilməlidir. Müqavilənin müddəti bitdikdə və borcalan kredit borcunu odəmədikdə, kreditin ödənilməyən əsas məbləği üçün 1%-ə (bir) qədər ilk gündən başlayaraq gündəlik cərimə (dəbbə) borc tam ödənilən günədək hesablanır və borc alan tərəfindən tam ödənilir. Qeyd olunanlara əsasən, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı Qazax rayon Notariat ofisinin qəbul etdiyi xx.xx.2024-cü il tarixli 8İ-3106 nömrəli icra qeydinin ləğvi və icra qeydində göstərilən borc məbləğinin azaldılması ilə bağlı Qazax rayon Məhkəməsinə təqdim etdiyi iddia ərizəsinə etirazını bildirir və iddia ərizəsinin əsasız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh BOKT "xxxx" MMC BOKT və üçüncü şəxs Babayev Samir Səməd oğlu məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə onların məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş BOKT "xxxx" MMC ilə Babayev Samir Səməd oğlu (borcalan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli Q-0339-pk/AZN- 2023 saylı kredit müqaviləsindən görünür ki, Bank borclana 15 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 3000 manat məbləğində kredit vermiş, borcalan isə müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. BOKT "xxxx" MMC ilə İddiaçı (zamin) arasında bağlanmış xx.xx.2023-cü il tarixli Q- 0339-pk/AZN- 2023 saylı zaminlik müqaviləsindən görünür ki, zamin borcverən ilə borcalan arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə borcalanın öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşdür. BOKT "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixli bildiriş tərtib edilərək, Babayev Samir Səməd oğlu və İddiaçı kredit təşkilatı qarşısında yaranmış kredit borcunu 20 gün müddətində ödəməyəcəkləri təqdirdə, öhdəliyin icrasını təmin etmək məqsədilə yaranmış borc məbləği barədə notarius tərəfindən icra qeydinin aparılacağı barədə məlumat verilmişdir. Qeyd edilən bildiriş borcluların yaşadığı ünvana göndərilmişdir. Qazax rayon notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 8İ-3106 reyestr nömrəli icra qeydinin surətindən görünür ki, İddiaçı tələbkar BOKT "xxxx" MMC-nin xeyrinə xx.xx.2023-cü il tarixli Q-0339-pk/AZN- 2023 saylı müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 2960,39 manat pulun, 2614,49 manat məbləğində cərimənin və tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu olmaqla, cəmi 5599,88 manat pulun tutulması qərara alınmışdır. İcra qeydinin verilməsinə əsas olmuş “Notariat icra qeydi haqqında ərizə”dən görünür ki, icra qeydinin verilməsinə əsas olan öhdəliyi müəyyən edən sənəd xx.xx.2023cü il tarixli zaminlik müqaviləsidir. Ərizədə göstərilir ki, kredit müqaviləsi üzrə borclunun 5574,88 manat borcu vardır. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Babayev Samir Səməd oğlu ilə BOKT "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinə əsasən Babayev Samir Səməd oğluna 3000 manat kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi, X3 ilə xx.xx.2023cü il tarixli Q-0339-pk/AZN-2023 saylı zaminlik müqaviləsi bağlanmış və o, zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməsinə görə borclu X2 ilə eyni həcmdə, yəni tam öhdəlik üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. Babayev Samir Səməd oğlu kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyindən, onun bank qarşısında borcu yaranmışdır. Bank tərəfindən xx.xx.2024-cü il tarixdə borclulara yaranmış borc öhdəliyini 20 gün müddətində icra etməyəcəkləri təqdirdə icra qeydinin aparılması barədə bildiriş göndərilmişdir. Lakin, borclular tərəfindən onlara verilmiş müddət ərzində borc öhdəliyi icra edilməmişdir. Bundan sonra BOKT "xxxx" MMC kredit müqaviləsindən irəli gələn borcun ödənilməsi barədə icra qeydi verilməsi ilə bağlı notariat orqanına ərizə ilə müraciət etmiş və Qazax rayon notariat ofisi tərəfindən xx.xx.2024-cü il tarixdə müvafiq icra qeydi verilmişdir. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. “Notariat haqqında” qanunvericiliyin tələbinə uyğun olaraq, BOKT "xxxx" MMC icra qeydinin aparılması üçün notariat kontoruna müraciət etdiyi gündən ən azı 20 gün əvvəl borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərdikdən sonra icra qeydinin aparılması üçün notariat kontoruna müraciət etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı icra işinin materiallarında bank tərəfindən notariat ofisinə müraciət edilməmişdən əvvəl borcluya qeyd olunan məzmunda bildirişin göndərilməsi, həmin bildirişin borcluya çatdırılmasını təsdiq edən sübutlar öz təsdiqini tapmışdır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun səkkizinci hissəsinə görə icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin 1 hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Konstitusiyanın 26-cı maddəsinin İ hissəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, BOKT "xxxx" MMC ilə Babayev Samir Səməd oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən, iş üzrə borclular Babayev Samir Səməd oğlu və İddiaçı müqavilənin qüvvədə olduğu müddət ərzində 3000 manat əsas borc və ona hesablanmış faiz borcunu ödəməli olması, icra sənədində qeyd edilən borc məbləğinin mübahisəsiz olduğunu sübut edir. Belə ki, iş materiallarından məlum oldu ki, iddiaçı kredit müqaviləsi üzrə cəmi 746,39 manat ödəniş etmişdir ki, həmin məbləğin 518,24 manat məbləği əsas borcun, 228.15 manat faiz borcunun ödənilməsinə yönəlmişdir. Belə olan vəziyyətdə, məhkəmə hesab edir ki, BOKT "xxxx" MMC icra qeydinə əsasən borcludan 2481,76 manat əsas borc ilə yanaşı, 473,63 manat məbləğində faiz borcunun tutulmasını tələb etməkdə haqlı olmuşdur. Bundan başqa, məhkəmə, eyni zamanda icra qeydinin cərimənin tutulması hissəsini də araşdıraraq hesab edir ki, icra qeydi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun icra qeydində göstərilən həcmdə tutulması borclunun əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə borclunun üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 2614,49 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 200 manat məbləğində müəyyən edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Qazax rayon notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli icra qeydi ləğv edilməli, İddiaçı xx.xx.2023cü il tarixli Q-0339-pk/AZN-2023 saylı müqavilə əsasında 2481,76 manat əsas, 478,63 manat faiz və 200 manat cərimə olmaqla, ümumilikdə 3160,39 (üç min yüz altmış manat otuz doqquz qəpik) manat məbləğində pul tutularaq BOKT "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Qazax rayon notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli icra qeydi ləğv edilsin. İddiaçı xx.xx.2023-cü il tarixli Q-0339-pk/AZN-2023 saylı müqavilə əsasında 2481,76 manat əsas, 478,63 manat faiz və 200 manat cərimə olmaqla, ümumilikdə 3160,39 (üç min yüz altmış manat otuz doqquz qəpik) manat məbləğində pul tutularaq BOKT "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-787/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-787/2024
07.08.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver