Məhkəmə qərarları › İş №2(023)-8/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-8/2025

10.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-8/2025 10.01.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı nümayəndəsi, Vəkil oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı İstifadədə olan əmlakın müdaxilədən müdafiəsi və vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki işə 10 yanvar 2025-ci il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağstafa Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli 74 saylı sərəncamına və xx.xx.2019-cu il tarixli torpaq sahəsinin icarə müqaviləsinə əsasən Ağstafa rayon Ceyrançöl qış otlaqlarından 10 il müddətinə icarəyə verilmiş 353,0 ha torpaq sahəsindən qanunsuz istifadə nəticəsində Cavabdeh tərəfindən ona vurulmuş “1800.0” manat ziyanın və ödənilmiş 38 manat dövlət rüsumunun ödənilməsi, həmçinin həmin torpaq sahəsindən cavabdehin istifadəsinin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Ağstafa Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli 74 saylı sərəncamı ilə Ağstafa rayon Ceyrançöl qış otlaqlarından 353,0 ha torpaq sahəsi 10 il müddətinə ona icarəyə verilmişdir. Həmin sərəncam əsasında Ağstafa Rayon İcra Hakimiyyəti ilə onun arasında xx.xx.2019-cu il tarixdə torpaq sahəsinin icarə müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixdə Qazax rayon Daşsalahlı kənd sakini Cavabdeh özünə məxsus qoyun sürüsünü torpaqayırma və icarə sənədlərinə əsasən qanuni istifadəsində olan ərazidə 6 ha xəsillik arpa sahəsində otardığı aşkar edilmişdir. Cavabdehə şifahi şəkildə iradını bildirərək, qoyun sürüsünü həmin ərazidən çıxarılmasını tələb etsədə, bunun müsbət nəticəsi olmamış, nəticədə ona külli miqdarda ziyan dəymişdir. Cavabdehin özünə məxsus qoyun sürüsünü onun istifadəsində olan torpaq sahəsinin otarılması nəticəsində, ona “1800” manat zərər vurulmuşdur. Belə ki, həmin 3 hektar torpaq sahəsindən ən azı 3600 kiloqram arpa məhsulu götürüləcəkdir ki, həmin arpanın hər kilaqramı 0.50 qəpik olmaqla, cəmi 1800 manat təşkil edir. Məhkəmə hazırlıq iclasında İddiaçı iddia ərizəsinə əlavə ərizə ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, iddia tələbi üzrə təyin olunmuş məhkəməəmtəəşünaslıq ekspertizası qərardadına əsasən Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3/2773 saylı ekspert rəyi ilə, iddia predmetinə aid olan dövr üzrə 1 hektar torpaq sahəsindən əldə edilən arpanın dəyərinin 444.5 manat təşkil etdiyi müəyyən edilmişdir. Cavabdeh tərəfindən ona məxsus torpaq sahəsinin 6 hektar ərazisində əkilmiş arpa bitkisi heyvanların otarılması yolu ilə məhv edilmiş, bununla da ona 2667 (6 x 444.5)=2667 manat ziyan vurulmuşdur. Odur ki, qeyd olunanlara əsasən Cavabdeh 2667 manat ziyan, ödənilmiş 46.67 manat dövlət rüsumu və hüquqi yardıma görə vəkilə ödənilmiş 120 manat olmaqla, cəmi 2833,67 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi, Vəkil iddianı müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, cavabdehin təqsiri ucbatından iddiaçıya 2667 manat ziyan dəymişdir ki, həmin halı şahidlər də təsdiq edir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında iddiaçının vəsatəti əsasında dindirilmiş şahid X3 ifadə verərək bildirmişdir ki, İddiaçı icarə sənədlərinə əsasən istifadəsində olan ərazidə 6 ha xəsillik arpa əkmişdir. 2023-cü ilin aprel ayının axırlarında əkin yerinə baxmağa getdiklərində əkin sahəsində təxminən 200-250 baş xırdabuynuzlu heyvanların otladığını görmüşlər. Həmin vaxt arpa çox balaca olduğundan yararsız hala düşmüşdür və biçilməsi mümkün olmamışdır. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsini səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, isə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını, şahid ifadəsini dinləyib dinləyib, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ağstafa Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli 74 saylı sərəncamına əsasən Qazax rayonu Fərəhli kənd sakini İddiaçı Ağstafa rayonu ərazisindəki Ceyrançöl qış otlaqlarından 353,0 ha torpaq sahəsi 10 il müddətinə icarəyə verilməsi qərara alınmışdır. Torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2019-cu il tarixli torpaq sahəsinin icarə müqaviləsinə əsasən Qazax rayonu Fərəhli kənd sakini İddiaçı Ağstafa Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli 74 saylı sərəncamına əsasən 353,0 ha torpaq sahəsi örüş üçün 10 il müddətinə istifadəyə verilmişdir. Ağstafa Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Qazax rayonu Fərəhli kənd sakini İddiaçı Ağstafa Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli 74 nömrəli sərəncamı ilə Ağstafa rayonunun inzibati ərazisindəki Ceyrançöl qış otlaqlarından 353 hektar otlaq sahəsi 10 il müddətinə icarəyə verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları haqqında” Əsasnamənin 26-cı bəndinə uyğun olaraq quzuları və boğaz heyvanları yaşıl yemlə təmin etmək məqsədi ilə istifadəyə və ya icarəyə verilmiş qış otlağının ümumi sahəsinin 3 faizindən çox olmayan hissəsi yaşıl yem üçün arpa əkini altında istifadə edilə bilməsi Qazax rayonu Fərəhli kənd sakini İddiaçı ilə bağlanılmış müqavilədə təsbid edilmişdir. X5 İnkişaf Mərkəzinin mütəxəssis rəyindən görünür ki, 1 ha arpa məhsulunun becərilməsinə bütün aqrotexniki tədbirlər həyata keçirilməklə hazırki bazar qiymətləri nəzərə alınaraq, ümumilikdə şum – 40 manat, malalama – 30 manat, toxum – 200 kq x 0,50 manat=100 manat, səpin – 30 manat, gübrə (şumaltı) Ammofoz (150 kq x 1,63 manat) – 244,50 manat, cəmi 444,50 manat vəsait tələb oluna bilər. Azərbaycan Respublikası Məhkəmə-Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/2773 saylı rəyindən görünür ki, Ekspertiza təyini haqqında qərardadda qeyd edilən arpa məhsulunun 1 tonunun 2023-2024-cü il tarixlərə olan orta bazar qiyməti nəzəri qaydada təxminən 450,00 (400-500) manat müəyyən edilir. Ekspert qeyd edir ki, torpaq sahəsinin becərilməsinə çəkiləcək xərclərin məbləğinin və əldə ediləcək məhsulun miqdarının müəyyən edilməsi məhkəmə-əmtəəşünaslıq ekspertziasının predmetinə aid deyil. Ekspertiza tədqiqatına təqdim edilmiş, X5 X2 sektorunun müdiri Çingiz Məmmədov tərəfindən tərtib edilmiş “Mütəxəssis rəyi”ndə aşağıdakılar qeyd edilimişdir: “1 ha arpa məhsulunun becərilməsinə bütün aqrotexniki tədbirlər həyata keçirilməklə, hazırkı bazar qiymətləri nəzərə alınaraq, ümumilikdə şum – 40 manat, malalama – 30 manat, toxum – 200 kqx0,50 manat=100 manat, səpin – 30 manat, gübrə (şumaltı) Ammofoz (150 kq x 1,63 manat) – 244,50 manat, cəmi 444,50 manat vəsait tələb oluna bilər. Azərbaycan Republikası MPM-in 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı xüsusi bilik tətbiqinə ehtiyac olduğu üçün iddiaçının istifadəsində olan torpaq sahəsinə dəymiş ziyanı müəyyən etmək üçün mütəxəssis və ekspert rəyləri alınmış, X5 İnkişaf Mərkəzinin mütəxəssis rəyinə və Azərbaycan Respublikası Məhkəmə-Ekspertizası Mərkəzinin rəylərinə əsasən 1 ha arpa məhsulunun becərilməsinə bütün aqrotexniki tədbirlər həyata keçirilməklə hazırki bazar qiymətləri nəzərə alınaraq, ümumilikdə şum – 40 manat, malalama – 30 manat, toxum – 200 kq x 0,50 manat=100 manat, səpin – 30 manat, gübrə (şumaltı) Ammofoz (150 kq x 1,63 manat) – 244,50 manat, cəmi 444,50 manat vəsait tələb olunduğu müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə ekspertiza rəyini sübut növü kimi qəbul edir və onunla razılaşır. Bu baxımdan məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2667 manat ziyan alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin torpaq sahəsindən cavabdehin istifadəsinin qadağan edilməsi hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Bundan başqa, məhkəmə iddianın hüquqi yardım üçün ödənilmiş 120 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçı tərəfindən Qazax rayon Vəkil Bürosunun hesabına 120 manat və Qazax Rayon Məhkəməsinin hesabına 46,67 manat pul köçürülmüşdür. Bununla yanaşı, məhkəmə hesab edir ki, İddiaçı və Cavabdeh müştərək qaydada iş üzrə ekspertiza tədqiqatının dəyəri kimi 50 (əlli) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 2667 (iki min altı yüz altmış yeddi) manat pul, 46.67 (qırx altı manat 67 qəpik) manat dövlət rüsumu və hüquqi yardıma görə vəkilə ödənilmiş 120 manat olmaqla, cəmi 2833,67 (iki min səkkiz yüz otuz üç manat 67 qəpik) manat pul alınaraq İddiaçı ödənilsin. Ağstafa Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli 74 saylı sərəncamına və xx.xx.2019-cu il tarixli torpaq sahəsinin icarə müqaviləsinə əsasən İddiaçı istifadəsində olan torpaq sahəsindən Cavabdeh istifadəsi qadağan edilsin. İddiaçı və Cavabdeh müştərək qaydada ekspertiza tədqiqatının dəyəri kimi 50 (əlli) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar