Məhkəmə qərarları › İş №2(023)-83/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-83/2025

21.01.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-83/2025 21.01.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəbiyeva Vəfa Şubet qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Qazax Rayon notariat ofisinə və "xxxx" ASC-yə qarşı «icra qeydinin ləğv edilməsi və əsassız hesablanmış borcun azaldılması» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Qazax Rayon notariat ofisinə və "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək, Qazax rayon Notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli icra qeydinin ləğv edilməsi və "xxxx" ASC-nin həmin müqavilənin hesabında hesablanmış olduğu, 16433,54 manat əsas və 2990,76 manat məbləğində cərimə, ümumilikdə 19449,30 manat pulun azaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, "xxxx" ASC ilə onun arasında xx.xx.2023-cü il tarixli, № RES-558587/23 nömrəli kredit müqaviləsinə əsasən ona, 48 ay müddətinə 17800 manat kredit verilmişdir. Cavabdeh Qazax rayon notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən, qeyd olunan kredit müqaviləsi üzrə ödənilməmiş 16433,54 manat, 2990,76 manat məbləğində cərimə, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla ümumilikdə 19449,30 manat məbləğində borcun ondan tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi müəyyən olunmuşdur. Qazax rayon notariat ofisi nədənsə borcun mübahisəsiz olmasına əminlik göstərərək, əsas və faiz borcu ilə bərabər məbləği həddindən artıq şişirdilmiş 2990,76 manat məbləğində cərimənin (dəbbə pulunun) tutulmasına dair də icra qeydi aparmışdır. Halbi ki, xx.xx.2023-cü il tarixli, № RES- 558587/23 nömrəli kredit müqaviləsi üzrə "xxxx" ASC-nə dəfələrlə ödənişlər etmişdir. İcra qeydində göstərilən əsas, faiz və cərimə məbləği ilə razılaşmır. Hesab edir ki, notariat ofisi borcun mübahisəsiz olub-olmaması araşdırmalıdır. Ona görə də icra qeydi ləgv edilməli, iddia icraatı qaydasında məhkəmə tərəfindən işin faktiki halları araşdırılmalı, həqiqətin müəyyən edilməsi üçün müvafiq ekspertiza təyin edilməklə borcun məbləği aşkara çıxarılmalı və iş üzrə düzgün nəticəyə gəlinməsi məqsədi ilə digər zəruri hərəkətlər aparılmalıdır. Əvvəlki məhkəmə iclasında iştirak edən "xxxx" ASC-nin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək bildirdi ki, İddiaçı icra qeydi barədə və hasablanmış cərimələr barədə lazımı qaydada bildiriş göndərilmiş, lakin sonuncu öhdəliyini lazımı qaydada icra etməmişdir. Odur ki, qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında işriark edən İddiaçı iddianı müdafiə edərək bildirdi ki, "xxxx" ASC əsas borca cəriməni çox hesablamışdır. O vaxtı vaxtında ödənişlər edirdi. Ona görə də icra qeydi ləğv edilməli, İddia icraatı qaydasında məhkəmə tərəfindən işin faktiki halları araşdırılmalı, həqiqətin müəyyən edilməsi üçün rnüvafiq ekspertiza təyin edilməklə borcun məbləği aşkara çıxarılmalı və iş üzrə düzgün nəticəyə gəlinməsi məqsədi ilə digər zəruri hərəkətlər aparılmasını xahiş etdi. Cavabdehlər Qazax Rayon notariat ofisinin və "xxxx" ASC-nin nümayəndələri məhkəməyə ərizə göndərərək mülki işə onların iştirakı olmadan baxıb qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, RES-558587/23 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı 48 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 17800 manat məbləğində kredit verilmişdir. İşdə olan "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, xx.xx.2023-cü il tarixli, RES-558587/23 nömrəli kredit müqaviləsi üzrə hesablanmış 15527,6 manat məbləğində əsas borc və ona hesablanmış faiz borcu 20 gün müddətində ödənilmədiyi təqdirdə «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacağı barədə İddiaçı xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, TA010469646AZ nömrəli xəbərnamənin surətindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişin surəti xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında « Sürəyya Süleymanova» adı və soyadı ilə imza etmiş şəxsə təqdim edilmişdir. İşdə olan Qazax rayon notariat ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-9819 nömrəli icra qeydinin surətindən görünür ki, İddiaçı, X1, X2 və X3 16433,54 manat məbləğində əsas, 2990,76 manat peniya və 25 manat məbləğində dövlət rüsumu tutularaq, "xxxx" ASC-yə xeyrinə ödənilməlidir. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, borclu İddiaçı xx.xx.2023-cü il tarixli, RES-558587/23 nömrəli kredit müqaviləsi üzrə əsas borcdan qalığı 15527,60 manat, faiz borcundan 905,94 manat, cərimə faizi 2990,76 manat, cəmi 19424,30 manat təşkil edir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı və "xxxx" ASCarasında bağlanmış xx.xx.2023-cü il tarixli, RES-558587/23 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən İddiaçı 48 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 17800 manat məbləğində kredit verilmişdir. "xxxx" ASCtərəfindən xx.xx.2024cü il tarixli bildirişlə xx.xx.2023-cü il tarixli, RES-558587/23 nömrəli kredit müqaviləsi üzrə hesablanmış 15527,6 manat məbləğində əsas borc və ona hesablanmış faiz borcu 20 gün müddətində ödənilmədiyi təqdirdə «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacağı barədə İddiaçı xəbərdarlıq edilmişdir. Həmin bildiriş xx.xx.2024-cü il tarixdə Sürəyya Süleymanovaya təqdim olunmuş və həmin hal xx.xx.2024-cü il tarixli, TA010469646AZ nömrəli xəbərnamə ilə təsdiq edilmişdir. xx.xx.2024-cü il tarixdə "xxxx" ASC ASC xx.xx.2023-cü il tarixli, RES-558587/23 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 16433,54 manat, cərimə qismində 2990,76 qəpik,və 25 manat dövlət rüsumu cəmi 19449,30 manat məbləğində pul vəsaitinin İddiaçı, X1, X2 və X3 tutulmasına dair icra qeydinin qəbul olunmasını xahiş etmişdir. Qazax rayon notariat ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-9819 nömrəli icra qeydi ilə İddiaçı, X1, X2 və X3 19449,54 manat məbləğində pul vəsaitinin tutularaq, "xxxx" ASC -yə xeyrinə ödənilməsi müəyyən edilmişdir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə görə Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 162-ci bəndində göstərilmişdir ki, 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə, icra qeydi aparılır. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Mülki işin məhkəmə iclasında tədqiq edilmiş hallarından görünür ki, icra qeydinin verilməsi ilə əlaqədar "xxxx" ASC tərəfindən notariusa təqdim olunmuş sənədlər xx.xx.2023-cü il tarixli, RES-558587/23 nömrəli kredit müqaviləsi üzrə borcun mübahisəsiz olduğunu təsdiq edir. Həmçinin öhdəliyin icrasını tələb etmək hüququnun həmin müqaviləyə əsasən yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş iddia müddəti keçməmişdir. Bundan başqa, "xxxx" ASC tərəfindən icra qeydinin aparılması üçün notariat ofisinə müraciət edildiyi gündən, yəni xx.xx.2024-cü il tarixdən 15 gün əvvəl - xx.xx.2024-cü il tarixdə sifarişli poçt vasitəsilə İddiaçı tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərilmişdir. Göründüyü kimi Qazax rayon notariat ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-9819 nömrəli icra qeydinin verilməsi zamanı qanunun tələbi pozulmamışdır və həmin icra qeydinin ləğvinə əsaslar yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, İddiaçı cavabdeh Qazax Rayon notariat ofisinə və "xxxx" ASC qarşı «icra qeydinin ləğv edilməsi və əsassız hesablanmış borcun azaldılması» tələbi barədə iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Qazax Rayon notariat ofisinə və "xxxx" ASC-yə qarşı «icra qeydinin ləğv edilməsi və əsassız hesablanmış borcun azaldılması» tələbi barədə iddiası təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar