Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-86/2025 17.01.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Cəbiyeva Vəfa Şubet qızının katibliyi, iddiaçılar İddiaçı2 və İddiaçı1, cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı qanunsuz saxlanılan pul tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1100 manat pul alınıb İddiaçı2 verilməsi və 5.400 manat pul və ödənilmiş dövlət rüsumu alınıb İddiaçı1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışdır ki, onlar kənddə heyvandarlıqla, təsərrüfatla və muzdlu əməklə ailələrini dolandırırlar. Onlar əsasən qoyunçuluqla məşğul olurlar. 2022-ci ilin dekabr ayının 14-də cavabdeh İddiaçı1 14.600 manat dəyərində 73 baş xırdabuynuzlu heyvanları almış, həmin puldan hissə-hissə ödəmiş və 5.400 manat borcu qalmışdır. 2022-ci ilin dekabr ayının 4-də cavabdeh İddiaçı2 19.475 manat dəyərində 95 baş xırdabuynuzlu heyvanları almış və ödəməli olduğu borcundan 1.100 manat qalmışdır. Keçən iki il müddət ərzində borcu dəfələrlə istəmişlər, hər dəfə müxtəlif bəhanələr gətirərək borcunu ödəyəcəyini vəd etsə də, borcu verməmiş, onları indiyə kimi aldatmışdır. Bu barədə kifayət qədər sübutları və şahidləri vardır. Cavabdehlə hər dəfə ona məxsus nömrə ilə danışanda borcunu inkar etmir, verəcəyini vəd edir, lakin borcunu vermir. Cavabdeh onların pulunu özündə saxlamaqla, onların əldə edəcəyi gəlirdən məhrum etmişdir. Onlar həmin pula heyvan alıb saxlayaraq gəlir əldə edə bilərdilər. Cavabdehin qanunsuz və qərəzli hərəkətləri nəticəsində onlar həmin gəlirdən məhrum edilmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək bildirdi ki, o, öz qeyd dəftərində cavabdehin nə qədər borcu olduğunu qeyd etmişdir. Cavabdeh sonuncu dəfə borcundan 600 manat vermişdir. Nəticədə ona 5400 manat borcu qalmışdır. Heyvanları qardaşı ilə birgə saxlasalar da, satanda ayrı satmışlar. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdehə heyvanı qardaşı İddiaçı1 10 gün əvvəl satmışdır. Cavbdehin ona 1100 manat borcu qalmışdır. Heyvanların çəkisi yadında deyil. Heyvanın birini təxminən 205 manatdan satmışdır. Heyvanın pulundan ilkin olaraq 5000 vermiş, sonradan hissə-hissə ödəmişdir. Lakin nəticədə 1100 manat borcu qalmışdır. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil bildirdi ki, cavabdeh iddiaçılardan həqiqətən xırdabuynuzlu heyvan almış, lakin iddiaçılar ərizələrində qiyməti cox yazmışlar. Belə ki, cavabdeh İddiaçı1 1220 manat dəyərində, İddiaçı2 isə 1330 manat dəyərində xırdabuynuzlu heyvan almış və heyvanların pulunu hissə-hissə ödəmişdir. Şahidlərin qiymətlə bağlı verdiyi ifadələr fərqlidir. Cavabdeh heyvanları həmin qiymətə almamışdır. Cavabdeh İddiaçı1 73 baş xırda buynuzlu heyvanın hər birini 140 manatdan almışdır və ona 220 manat borcu qalmışdır. İddiaçı2 isə borcu qalmamışdır. İş materiallrana əlavə olunmuş səs yazısından sonra cavabdeh borcundan ödənişlər etmişdir. Hazırda cavabdehin İddiaçı1 cəmi 220 manat borcu qalmış, Avtandil Əsgərova isə borcu qalmamışdır. Odur ki, iddianın qismən təmin edilməsini və cavabdehdən İddiaçı1 münasibətdə 220 manat pulun tutulmasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, prosses iştirakçılarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X6 verdiyi ifadəsində göstərmişdir ki, o, iddiaçılar İddiaçı1 və İddiaçı2 qonşusudur. İddiaçının uşağı xəstə olduğundan uşağı ziyarət etmək üçün onlara getmişdir. Həmin vaxt tanımadığı şəxslərin oraya gəldiyini və heyvan apardıqlarını görmüşdür. Həmin şəxs 400 dollar pul vermişdir ki, uşağı xəstəxanaya aparsınlar. Qalan pulu da yanvar ayının sonuna kimi ödəyəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 verdiyi ifadəsində göstərmişdir ki, o, İddiaçı1 və İddiaçı2 qonşusudur. Uşaq xəstə olduğu üçün uşağı ziyarətə getmişdir. Həmin vaxt Cavabdeh 73 baş xırda buynuzlu heyvanı 205 manatdan satmışdır. Həmin vaxt həmin şəxs 400 dollar vermiş, pulun qalanı isə qalmışdır. Onun yanında dəfələrlə telefonla Cavabdehla danışmışlar və sonuncu borcunu qaytaracağını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 verdiyi ifadəsində göstərmişdir ki, iddiaçılar onun yaxın qohumudur. İddiaçı1 uşağı xəstə olduğundan Bakı şəhərinə aparırdılar. Həmin günü onlar Namiqin qaynatasının evində olmuşlar. Cavabdeh İddiaçı1 73 baş xırdabuynuzlu heyvan almış və 400 dollar vermişdir. Qalan pulu isə sonra verəcəyini demişdir. Cavabdeh İddiaçı1 5400 manat, İddiaçı2 isə 1100 manat borcu qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 verdiyi ifadəsində göstərmişdir ki, iddiaçıların qonşusudur. İddiaçı1 uşağı xəstə olduğundan onlara ziyarətə getmişdir. Həmin vaxt İddiaçı1 73 baş xırdabuynuzlu heyvanı satdığını, alıcının pulun yarısını verdiyini görmüşdür. Heyvanın birini 210 manata hesablamışlr. Həmin vaxt alıcı heyvanların pulundan 400 dollar vermiş, qalanı isə qalmışdır. İddiaçı2 heyvanını harda satması barəfə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı1 onun kürəkənidir. Həmin vaxt 73 baş heyvanı onların evindən satmışlar. Alıcı pulun bir hissəsini vermiş, sonradan qalan hissəni verəcəyini demişdir. Cavabdehin 5400 manat İddiaçı1, 1100 manat isə İddiaçı2 borcu qalmışdır. Heyvanı alan zaman 400 dollar vermişlər. Sonradan pul verməmişdir. İşdə olan diskdəki səs yazısından aşkar olur ki, Cavabdeh İddiaçı1 5400 manat və İddiaçı2 1100 manat borcu qalmış və həmin pulları qaytaracağına dair söz vermişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı1 və Əsgərov X1 Xalid Aftandil oğluna xırda buynuzlu heyvanları satmış və nəticədə oğlu Cavabdeh İddiaçı1 5400 manatın və İddiaçı2 1100 manat borcu qalmışdır. 12 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. «Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə» Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli Qərardadının 39-cu bəndində məhkəmələrə izah edilmişdir ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə görə bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.4-cü maddəsinə görə bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə uyğun olaraq, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki işin məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, İddiaçı1 və Əsgərov X1 Xalid Aftandil oğluna xırda buynuzlu heyvanları satmış sonuncu isə həmin heyvanların pulunu ödəməyi öz öhdəliyinə götürmüşdür. Lakin Cavabdeh həmin öhdəliyi yerinə yetirməmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 85 manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı1 xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı1 və İddiaçı2 iddiası təmin edilsin. Cavabdeh 5400 manat məbləğində pul İddiaçı1 və 1100 manat məbləğində pul isə İddiaçı2 xeyrinə tutulsun. Cavabdeh 85 manat məbləğində dövlət rüsumu alınıb İddiaçı1 verilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-86/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-86/2025
17.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver