Məhkəmə qərarları › İş №2(023)-879/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-879/2023

18.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-879/2023 18.07.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi, İddiaçı QSC BOKT-nın nümayəndəsi X1 iştirakı ilə İddiaçı QSC BOKT-nın Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə Qazax Rayon Məhkəməsində 18 iyul 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı BOKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh əsas borc üzrə 1046.45 manat, faiz borcu 339.86 manat olmaqla, cəmi 1386.31 manat məbləğində kredit borcu və həmçini ödənilmiş 33.86 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı QSC BOKT-nın xeyrinə ödənilməsini xahiş etmişdir. İddiaçı QSC BOKT-nın nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə etmiş və izahat verərək bildirmişdir ki, "xxxx" ASC Cavabdeh 07 avqust 2013-cü il tarixdə 24 ay müddətinə illik 24 faiz ödəməklə 3000 manat məbləğində kredit vermişdir. "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Hazırkı kredit müqaviləsi üzrə tələb hüququ 21 aprel 2017-ci il tarixdə İddiaçı QSC-yə keçmişdir. Kredit müqaviləsinin müddəti 07 avqust 2015-ci il tarixdə başa çatmışdır. Borclunun sonuncu ödənişi barədə məlumatı yoxdur. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi haqqında məlumat verməmişdir. Məhkəmə Cavabdeh məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı BOKT ona qarşı borcun tutulmasına dair iddia tələbindən iddia müddəti ötürülməklə verildiyinə görə imtina barədə qərar çıxarılması və iddianın rədd edilməsini xahiş etmişdir. İşdə olan sənədlərdən görünür ki, 07 avqust 2013-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC Cavabdeh 24 ay müddətinə illik 24 faiz ödəməklə 3000 manat məbləğində kredit vermişdir. "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə 1046.45 manat, faiz borcu 339.86 manat olmaqla, cəmi 1386.31 manat məbləğində kredit borcu yaranmışdır. Məhkəmə iddiaçını izahatını dinləyib, cavabdehin ərizəsini nəzərdən keçirib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 374.1-ci maddəsinə əsasən əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Göstərilən Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarından görünür ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etdi ki, ləğv prosesində olan "xxxx" ASC ilə Cavabdeh arasında 07 avqust 2013-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. İddiaçı məhkəmədə iddia qaldırdığı zaman Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsi ilə müəyyən edilmiş iddia müddətini üzrsüz səbəbdən buraxmışdır. Məhkəmə hesab edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı QSC BOKT tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsi ilə müəyyən edilmiş iddia müddəti üzürsüz səbəbdən ötürüldüyündən iddia tələbi təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı QSC BOKT-nın Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar