Məhkəmə qərarları › İş №2(023)-920/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-920/2024

24.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-920/2024 24.07.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılması» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı Qazax Rayon Məhkəməsinin 2(023)-1966/2017 nömrəli 29 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin Məbləğini artıraraq cavabdehdən 13 mart 2015-ci il təvəllüdlü X1 üçn hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment və mediasiya xidmətinə görə ödədiyi 50 (əlli) manatın birdəfəlik olaraq tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə birgə nikahlarından 13 mart 2015-ci il tarixdə X3 doğulmuşdur. Qazax Rayon Məhkəməsinin 2(023)-1966/2017 nömrəli 29 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə uşağın saxlanılması üçün 100 (yüz) manat aliment və uşağın saxlanılması üçün isə ona 50 manat sabit pul məbləğində aliment təyin edilmişdir. Cavabdehin bu qətnamədən verdiyi apellyasiya şikayəti əsasında Gəncə Apellyasiya Məhkəməsinin 05 dekabr 2017-ci il tarixli, 2(104)-3850/2017 saylı qətnaməsi ilə Qazax Rayon Məhkəməsinin 2(023)-1966/2017 nömrəli 29 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə uşağın saxlanılması üçün 50 (əlli) manat sabit pul məbləğində müəyyən edilən aliment hissəsində ləğv edilərək, iddia həmin hissədə təmin edilməmişdir. O, alimentin artırılması tələbi ilə bağlı borcluya könüllü olaraq mediasiya prosesinin tətbiqi barədə təklif göndərmiş, cavabdeh təyin edilmiş mediasiya iclasında iştirak etməmişdir. Bununla bağlı 14 may 2024-cü il tarixdə mediator müvafiq arayış vermişdir. Mediasiya xərci olan 50 manatı tam olaraq o, ödəyib.Mən alimentin artırılaraq hər ay 235 manat müəyyən edilməsini tələb edirəm. Hər il uşağın ehtiyacları artır və o, tək olaraq bu ehtiyyacları ödəməkdə çətinlik çəkir. Azərbaycan Respublikasında 2024-cü il üzrə yaşayış minumumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Hesab edir ki, cavabdeh fərdi əməklə məşğuldur və kifayət qədər pul qazanır. Cavabdeh uşağın saxlanılması üçün ayda 235 manat sabit pul məbləğində aliment ödəyə bilər. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işləri ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddiasının tam təmin olunmasını xahiş etmişdir. Cavabdeh 07 iyun 2024-cü il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı ilə boşandıqdan sonra X4 ilə ailə həyatı qurduğunu və bu nikahdan iki övladı olduğunu bildirmiş, həmin uşaqlardan xx.xx.2019-cu il təvəllüdlü övladı Abdullazadə İlham psixi inkişaf ləngiməsi və davranış pozuntusu diaqnozu xəstəliyindən əziyyət çəkir. Onun daimi müayinə və müalicəyə ehtiyyacı var. O ailəsinin ehtiyaclarını güclə ödəyir. Hətta bəzən lazım olan dərmanları və ya ərzaq məhsullarını ala bilmir. İddiaçıya ödədiyi alimenti çətinliklə ödəyir.Ona görə də, İddiaçı ona qarşı alimentin artırılması tələbinə dair iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, alimentin miqdarının artırılmasına razı deyil. Yenidən ailə həyatı qurub və həmin nikahdan iki azyaşlı uşağı var. Çayxanada işləyir. Maddi vəziyyəti yaxşı deyil. Buna görə də, alimentin miqdarının artırılmasına razı deyil.130 manat aliment ödəməyə imkanı var. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə ki, işdə olan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3850/2017 nömrəli 05 dekabr 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Qazax Rayon Məhkəməsinin 2(023)-1966/2017 nömrəli 29 sentyabr 2017-ci il tarixli qətnaməsi qismən, yəni İddiaçı saxlanılması üçün Cavabdeh ayda 50 manat miqdarında alimentin tutulmasının müəyyən edildiyi hissədə ləğv edilməsi, həmin hissədə yeni qətnamə çıxardılaraq iddia tələbi təmin edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanlmışdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Bundan başqa, həmin Məcəllənin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Azərbaycan Respublikasında 2023-cü ildə yaşayış minimumu haqqında» 9 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa görə 2023-cü ildə ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasında 2024-cü ildə yaşayış minimumu haqqında» 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa görə 2024-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.3-cü bəndinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Məhkəmə tərəflərin maddi vəziyyətini, tərəflərin birgə nikahlarından doğulmuş uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətini, həmin uşaqların mənafeyini və aliment qət edildikdən sonra ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun artmasını, habelə iddiaçının sabit məbləğdə əmək haqqına malik olmasını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin olunmalı, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(104)-3850/2017 nömrəli qətnaməsi ilə tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilərək, cavabdehdən iddiaçının xeyrinə yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(104)-3850/2017 nömrəli qətnaməsi ilə uşağın saxlanması üçün tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh 13 mart 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh ödənilmiş mediasiya xərcinin əvəzi qismində 50 (əlli)manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar