Məhkəmə qərarları › İş №2(023)-945/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-945/2025

04.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-945/2025 04.08.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 04 avqust 2025-ci il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11.200 manat pulun, hüquqi yardım üçün ödədiyi 120 manatın və 123,60 manat dövlət rüsumunun tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tanışı Cavabdeh xx.xx.2024-cü il tarixində ümumilikdə 12.900 manat pul vəsaitini iki dəfəyə qaytarmaq şərti ilə borc vermişdir. Razılığa əsasən cavabdeh pul vəsaitinin bir hissəsini təşkil edən 6450 manatı 2024-cü ilin oktyabr ayının 30-dək, qalan 6450 manat pul vəsaitini isə 2024-cü ilin dekabr ayınadək qaytarmaq öhdəliyi götürmüşdür. Bununla bağlı xx.xx.2024-cü ildə borc müqaviləsi bağlayaraq, notarial qaydada təsdiq etmişlər. Cavabdeh ilə bağlanmış müqavilənin 1.1-ci bəndinin tələblərinə uyğun olaraq cavabdeh borcundan yalnız 1.700 manat pul vəsaiti ödəmişdir. Cavabdehdən qalan pul vəsaitinin ödənilməsini xahiş etdikdə, sonuncu birmənalı şəkildə borcunu qaytarmayacağını bildirmişdir. Bununla bağlı aidiyyatı ərazi polis orqanına müraciət etsədə, cavabdehlə olan mübahisənin mülki icraat qaydasında həll edilməsi tövsiyyə edilmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalımışdır. Məhkəmə hazırlıq iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq gəstərmişdir ki, cavabdehlə əvvəllər marketdə işləmişlər və tanışlıqları oradan yaranmışdır. Cavabdehlə yaranmış tanışlığa görə 12.900 manat borc vermiş və bununla bağlı müqavilə bağlamışlar. Lakin cavabdeh hazırda borcundan cəmi 1700 manat qaytarmışdır, qalan borcunu qaytarmaqdan boyun qaçırır. Məhkəmə hazırlıq iclasında Cavabdeh iddianı qəbul edərək, həqiqətən İddiaçı 12.900 manat borc aldığını etiraf etmiş, həmin borcdan cəmi 1700 manat qaytardığını bildirmişdir. İddiaçı məhkəməyə ünvanladığı ərizədə məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı ərizədə iddianı tam qəbul edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından cavabdehin iddiaçıya borcunun mövcud olduğunu iddiaçı, borc kimi verilən pulun qaytarılmasını isə cavabdeh sübut etməlidir. İş materiallarına əlavə olunmuş 28 avqust 2024-cü il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı 12900 manat pulu Cavabdeh verməyi, Cavabdeh isə müqavilənin şərtlərinə uyğun olaraq həmin borcdan 2024-cü ilin oktyabr ayının 30-dək 6450 manat, 2024-cü ilin dekabr ayınadək qalan 6450 manat olmaqla qaytarmağı öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 882.1-ci maddəsində qeyd olunur ki, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2.-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, iddiaçı cavabdehə 12.900 manat pul vermişdir. Cavabdeh müqavilənin bağlanmasından keçən müddət ərzində cəmi 1700 manat pul ödəmişdir. Hazırda cavabdehin müqavilə üzrə 11200 manat borcu vardır. Cavabdeh məhkəmə hazırlıq iclasında və məhkəməyə ünvanladığı ərizədə iddiaçıya borcu olduğunu etiraf etmişdir. Qeyd edilənlərə və Mülki Məcəllənin 385, 442, 448, 739 və 882-ci maddələrinin göstərişlərinə əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən həmin pul məbləğini tələb etməkdə haqlıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 11200 manat pul alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hüquqi yardım xidmətinə görə 120 manat pul köçürülmüşdür. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin olunduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu və vəkil xərci də cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 123,60 manat dövlət rüsumu və 120 manat vəkil xərci cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 11.200 (on bir min iki yüz) manat pul, hüquqi yardım üçün ödənilmiş 120 (bir yüz iyirmi) manat və 123,60 (yüz iyirmi üç manat 60 qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar