Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-948/2024 15.08.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Qazax Rayon Notariat Ofisi, maraqlı şəxs Turanbank ASC və üçüncü şəxs Qazax Rayon İcra və Probasiya Şöbəsinə qarşı “icra qeydinin ləğv edilməsi tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Qazax Rayon Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qazax Rayon Notariat Ofisinin 8İ-2322 saylı 14 mart 2024-cü il tarixli icra qeydinin icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qazax Rayon Notariat Ofisinin 81-2322 saylı, 14 mart 2024-cü il tarixli icra qeydi ilə, Qazax Rayon Notariat Ofisinin xüsusi notariusu X1 İcra Qeydinə əsasən 3375,09 (üç min üç yüz yetmiş beş manat qəpik) borcun və bundan əlavə 7515,65 (yeddi min beş yüz on beş manataltmış beş qəpik) manat məbləğində cərimə penya, tələbkar tərəfindən ödənilmiş 25 (iyirmi beş) manat dövlət rüsumu olmaqla cəmi 10915,74 (on min doqquz yüz on beş manat yetmiş dörd qəpik) manat pulun ondan tutularaq Turanbank ASC-yə ödənilməsi müəyyən olunmuşdur. O, Qazax Rayon Notariat Ofisinin onun barəsində apardığı 8İ-6041 saylı 14 mart 2024-cü il tarixli icra qeydi ilə razı deyil, onun barəsində Qazax Rayon Notariat Ofisinin 8İ-2322 saylı. 14 mart 2024-cü il tarixli icra qeydi aparılarkən notarius tərəfindən o, notariat ofisinə dəvət olunmamış, ümumiyyətlə barəsində çıxarılan icra qeydindən xəbərsiz olmuşdur.Beləliklə notarius barəsində apardığı icra qeydi barədə ona xəbərdarlıq etməmiş və icra qeydinin surəti ona göndərilməmişdir.Onun Qazax Rayon Notariat Ofisinin apardığı 8İ-2322 saylı. 14 mart 2024-cü il tarixli icra qeydindən yalnız may ayı üçün pensiyasının tutulmasından sonra məlumatı olmuşdur. O, pensiyası tutulduqdan sonra, pensiyasının tutulmasının səbəbini aydınlaşdırmaq üçün DSMF-yə müraciət etmiş, oradan bildirmişdirlər ki, Qazax rayon İcra və Probasiya şöbəsinin məktubu əsasında tutulması bildirilmişdir.O, İcra şöbəsinə gedərək nə məsələ olmasını aydınlaşdırmış. İcra şöbəsindən ona bildirmişlər ki, Turanbank ASC-yə borcu olduğu üçün Qazax Rayon Notariat Ofisinin barəsində icra qeydi mövcuddur. Bundan sonra o, banka getmiş, razılaşdıqlarını bildirmiş, nə olmasını soruşmuşdur. Bankdan ona bildirmişdilər ki, 2015 (iki min on beş) manat ödə tam olaraq borcun bağlanacaq. O, 2015 (iki min on beş) manat taparaq ödəniş etmiş, ödəniş etdikdən sonra ona borcunun olmaması barədə arayış vermələrini, bundan başqa pensiyasının tutulmasının dayandırılması üçün vermələrini istəmişdir.. Lakin bankdan ona bildirmişdirlər ki, bunu edə bilməzlər, onun barəsində icra qeydi var, icra qeydi üzrə borcun qurtarana kimi pensiyasından tutulacaqdır.Odur ki, o, da hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.O, bankdan götürdüyü 22600 manat kreditin sonunda 28312,78 manat pul ödəməli olduğu halda 30151 manat pul ödəyib, ancaq borcu hələdə bitməmişdir. Bu azmış kimi ona həddən artıq, şişirdilmiş məbləğdə cərimə,penya hesablamışlar. Bütün bu göstərdiklərinə görə də o, Qazax Rayonu Notariat Ofisinin barəsində çıxardığı 8İ-2322 saylı, 14 mart 2024-cü il tarixli icra qeydi ilə razı deyil, onun Turanbank ASC-yə borcu yoxdur.Onun nəyinki banka borcu, hətta bank ondan artıq ödənişlər almışdır. Bu baxımdan hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcubiriyyətində qalıb. Onun Turanbank ASC-yə borcunun olmamasının hətta bankın ondan artıq məbləğdə pul almasını məhkəmədə sübut edəcək.Ona görə hesab edir ki, Qazax Rayonu Notariat Ofisinin onun barəsində qəbul etdiyi 8İ-2322 saylı, 14 mart 2024-cü il tarixli icra qeydi əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Qazax Rayon Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin cavabdehin məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etmədiyindən, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs Qazax Rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndə məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs ASC-nin nümayəndəsi X2 əvvəlki məhkəmə iclaslarında bildirmişdir ki, icra qeydinin aparılması barədə bildirişin İddiaçı çatdırılması barədə məlumatı yoxdur. Odur ki, iddia tələbi ilə bağlı yekun qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə, iddiaçının izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Qazax Rayon Notariat Ofisi tərəfindən verilmiş 8İ-2322 saylı 14 mart 2024-cü il tarixli reystr nömrəli icra qeydinin surətindən görünür ki, İddiaçı tələbkar Maraqlı şəxs ASC-nin xeyrinə ödənilməmiş 3375 manat, 09 qəpik, 7515 manat 65 qəpik cərimə pulu və tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu olmaqla, cəmi 10915 manat 74 qəpik pul tutulmalıdır. İcra qeydinin verilməsinə əsas olmuş “Notariat icra qeydi haqqında ərizə”dən görünür ki, icra qeydinin verilməsinə əsas olan öhdəliyi müəyyən edən sənəd xx.xx.2020-ci il tarixli, BK№Q-044-MKOS/AZN-20 nömrəli kredit müqaviləsidir. Ərizədə göstərilir ki, kredit müqaviləsi üzrə borclunun 3369,74 manat əsas borcu, 5.35 manat faiz borcu, 7515.65 manat cərimə borcu, 0.00 manat komissiya haqqı üzrə borc olmaqla, ümumilikdə 10890.74 manat borcu vardır. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı ilə Maraqlı şəxs ASC arasında xx.xx.2020-ci il tarixli kredit sazişi bağlanmış, həmin kredit sazişinə əsasən Bank tərəfindən iddiaçıya 22600 manat kredit verilmişdir. İddiaçı kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyindən, onun bank qarşısında borcu yaranmışdır. Maraqlı şəxs ASC isə iddiaçının kredit müqaviləsindən irəli gələn borcunun ödənilməsi barədə icra qeydi verilməsi ilə bağlı notariat orqanına ərizə ilə müraciət etmiş və Qazax Rayon Notariat Ofisi tərəfindən 14 mart 2024-cü il tarixdə müvafiq icra qeydi verilmişdir. Məhkəmə qeyd edir ki, notarius tərəfindən icra qeydi təsdiq edilərkən “Notariat haqqında” Qanunun tələblərinə əməl edilməmişdir. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. Qanunvericiliyin tələbinə görə, Maraqlı şəxs ASC icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli olduğu halda, həmin bildirişi göndərmədən icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı Bank notariat ofisinə müraciət etməzdən əvvəl borcluya qeyd olunan məzmunda bildirişin göndərilməsini, həmin bildirişin borcluya çatdırılmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçı isə həm iddia ərizəsində, həm də məhkəmə iclasında verdiyi izahatında icra qeydinin aparılmasından tamamilə məlumatsız olduğunu bildirərək, icra qeydinə əsasən ondan tutulmalı olan pul məbləğini mübahisələndirir. Göründüyü kimi cavabdeh Qazax Rayon Notariat Ofisi icra qeydini təsdiq edərkən, mühüm əhəmiyyət kəsb edən halı, yəni icra qeydinin aparılacağı ilə bağlı borclunun məlumatlı olub-olmamasını və bununla da tələbin mübahisəsiz olduğunu müəyyən etməmiş, tələbkardan borcluya icra qeydinin aparılması ilə bağlı məlumat verməsinə dair bildirişi və bildirişin ona çatdırılmasını təsdiq edən sənədi tələb etmədən icra qeydini təsdiq etmiş və bununla da “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələblərini pozmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, icra qeydinin təsdiq edilməsi zamanı qanun pozuntusuna yol verildiyindən, iddia təmin edilməli, Qazax Rayon Notariat Ofisi tərəfindən verilmiş 14 mart 2024-cü il tarixli, 8İ-2322 reyestr nömrəli icra qeydi ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Qazax Rayon Notariat Ofisi tərəfindən verilmiş 14 mart 2024-cü il tarixli, 8İ-2322 reyestr nömrəli icra qeydi ləğv edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-948/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-948/2024
15.08.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver