Məhkəmə qərarları › İş №2(024)-123/2024

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-123/2024

31.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-123/2024 31.01.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İddiaçı1, Cavabdeh iştirakı ilə. İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “dəymiş maddi ziyan tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi : İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək onlara dəymiş olan 1945 manat maddi ziyanı və iddia qaldırmaq üçün ödədikləri 40 manat dövlət rüsumunun Cavabdeh alınıb ona verilinəsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, İddiaçı2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə İddiaçı2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsində göstərmişlər ki, xx.xx.2023cü il tarixdə İddiaçı1 baş etibarnamə əsasında faktiki sahiblik etdiyi “VAZ 21099” markalı **-BN-*** dövlət nişanlı avtomobillə Qax-şəhəri H.Əliyev prospektində hərəkətdə olan arxadan gələn “VAZ 21011” markalı **-BG-*** qeydiyyat nişanlı avtomaşın qəflətən ona məxsus olan avtomobilə çırpılmışdır. “VAZ 21011” markalı **-BG-*** qeydiyyat nişanlı avtomaşının sahibi Cavabdeh həmin vaxtı dəymiş ziyanı ödəyəcəyini bildirmişdir. Hadisə vaxtı xəsarət alan olmamışdır. Maşın qəza nəticəsində yararsız hala düşmüşdür. Daha sonra hadisə yerinə YPX-nin əməkdaşları gəlmişdir. Həmin vaxt onun barəsində protokol tərtib olunmuşdur. Avtomobil tanınmaz hala düşmüşdür. Avtomobilə dəymiş ziyanı mütəxəssis hesablamış, məlum olmuşdur ki, usta xərci ilə birlikdə ümumilikdə 1945 manat miqdarında ziyan dəymişdir. Avtomaşının çox hissəsi yararsız hala düşmüşdür. Bununla bağlı fotoşəkili və qiymətləndirmə barədə aktı işə əlavə edir. Ona görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Bundan əlavə o məhkəmədə iddia qaldırmaq üçün 38 manat dövlət rüsumu ödəmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmədən onlara dəymiş olan 1945 manat maddi ziyanı və iddia qaldırmaq üçün ödədikləri 40 manat dövlət rüsumunun Cavabdeh alınıb onlaraa verilinəsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, idarə etdiyi “VAZ 21011” markalı **-BG-*** qeydiyyat nişanlı avtomaşın iddiaçıya məxsus “VAZ 21099” markalı **-BN-*** dövlət nişanlı avtomobillə toqquşmuş və iddiaçıya maddi ziyan dəymişdir. İddiaçıya dəyən ziyanı hissə-hissə, ayda 300 manat olmaqla ödəyəcəkdir. İddianı qəbul edir. Təmin edilməsinə etiraz etmir. İş materiallarına əlavə edilmiş Qax Avtomotoservis və Ticarət müəssisəsinin verdiyi 16 oktyabr 2023-cü il tarixli 121 saylı rəyindən görünür ki, “VAZ 21099” markalı **-BN-*** dövlət nişanlı avtomobilin təmir-bərpa xərci 1945 manat təşkil edir. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin təsdiq olunmuş surətindən görünür ki, “VAZ 21099” markalı **-BN-*** dövlət nişanlı avtomobil İddiaçı2 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş baş etibarnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı2 mülkiyyətində olan “VAZ 21099” markalı **-BN-*** dövlət nişanlı avtomobillə bağlı etibarnamədə göstərilən hərəkətləri aparmağı İddiaçı1 etibar etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən yazılaraq imzlanamış qəbzdən görünür ki, o iddiaçıya maddi ziyan vurmasını və dəymiş ziyanı hissəhissə ödəyəcəyini göstərmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı1 məhkəmədə iddia qaldırmaq üçün 40 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh Qax rayonu Lələli kəndində qeydiyyatdadır. İş materiallarını nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh idarə etdiyi “VAZ 21011” markalı **-BG-*** qeydiyyat nişanlı avtomobil İddiaçı1 baş etibarnamə əsasında faktiki sahiblik etdiyi İddiaçı2 mülkiyyətində olan “VAZ 21099” markalı **-BN-*** dövlət nişanlı avtomobillə toqquşmuş və iddiaçılara 1945 manat məbləğində maddi ziyan dəymişdir. Cavabdeh iddiaçılara 1945 manat maddi ziyan vurduğunu etiraf edərək həmin məbləği hissə hissə ödəyəcəyini bildirmişdir. Beləliklə məhkəmə iş materiallarına, işin faktiki hallarına və tərəflərin izahatlarına hüquqi qiymət verərək hesab edir ki, baş vermiş yolnəqliyyat hadisəsi zamanı iddiaçılara 1945 manat ziyan dəyməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 40 manat dövlət rüsumu ödəmişdir. İddia tələbi sübuta yetirildiyi üçün həmin məbləğ cavabdehdən alınaraq iddiaçılara verilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh dəymiş maddi ziyana görə 1945 manat pul 40 manat dövlət rüsumu alınaraq iddiaçılar İddiaçı2 və İddiaçı1 verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilsin. Cavabdeh dəymiş maddi ziyana görə 1945 manat pul 40 manat dövlət rüsumu alınaraq iddiaçılar İddiaçı2 və İddiaçı1 verilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar