Məhkəmə qərarları › İş №2(024)-14/2024

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-14/2024

02.02.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-14/2024 02.02.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə. İddiaçı Cavabdeh qarşı “Cavabdeh tərəfindən Qax rayon AİK-nın xx.xx.2007-ci il tarixli 02 saylı qərarı əsasında onun və ailə üzvlərinin qanuni mülkiyyətinə verilmiş 900.03 kv.m torpaq sahəsinə DƏDRX-nin Qax rayon şöbəsinin əməkdaşları tərəfindən ölçmə işlərinin aparılmasına göstərilən maneələrin aradan qaldırılması tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh tərəfindən Qax rayon AİK-nın xx.xx.2007-ci il tarixli 02 saylı qərarı əsasında onun və ailə üzvlərinin qanuni mülkiyyətinə verilmiş 900.03 kv.m torpaq sahəsinə DƏDRX-nin Qax rayon şöbəsinin əməkdaşları tərəfindən ölçmə işlərinin aparılmasına göstərilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, Cavabdeh gəlməmiş. onun etibarnamə üzrə nümayəndəsi X3 gəlmişdir. Məhkəmə işə Cavabdeh etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Qax rayon AİK-nin xx.xx.2007-ci il tarixli 02 saylı qərarı əsasında ona və ailə üzvlərinin qanuni mülkiyyətinə 900.03 kv.m torpaq sahəsi verilmişdir. Yuxarıda qeyd edilən torpaq sahəsini DDRX-nin 12 saylı Şəki Ərazi idarəsində dövlət qeydiyyatına aldırmaq üçün DƏDRX-nin Qax rayon şöbəsinə müraciət etmiş və şöbənin əməkdaşları tərəfindən ölçmə işlərinin aparılmasına mərhum əri X2 qardaşı oğlu Cavabdeh tərəfindən qanunsuz maneçilik törədilmişdir. Həmin maneçiliyin aradan qaldırılması ona təklif edilmiş, lakin heç bir nəticəsi olmamışdır. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Qeyd etdiyi maneçilik onun və ailə üzvlərinin öz qanuni mülkiyyətində olan əmlakın üzərində mülkiyyət hüququnu kobud şəkildə pozur. Göstərilənləri nəzərə alaraq məhkəmədən Cavabdeh tərəfindən Qax rayon AİK-nın xx.xx.2007-ci il tarixli 02 saylı qərarı əsasında onun və ailə üzvlərinin qanuni mülkiyyətinə verilmiş 900.03 kv.m torpaq sahəsinə DƏDRX-nin Qax rayon şöbəsinin əməkdaşları tərəfindən ölçmə işlərinin aparılmasına göstərilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq göstərdi ki, kadastr sənədi onun yoldaşının adınadır. Onun içərisində də torpaq sahəsinin kimlərə aid olması barədə siyahı vardır. Həmin siyahıda onun, yoldaşının və qızının adı vardır. Onlar orada qeydiyyatda olmuş və orada yaşamışlar. Lakin müəyyən səbəblərdən, yoldaşı rəhmətə getdikdən sonra orada dava olmuş və uşaqlarını qorumaq üçün ordan çıxmışlar. Yoldaşı rəhmətə getdikdən sonra onun hər bir əmlakına vərəsəlik almışdır. Cavabdehlər orada qeydiyyatda yoxdurlar. Torpağın bütün vergilərini o ödəmişdir. Həmin torpaq sahəsinin üzərində köhnə ev vardır. Həmin evi yoldaşının atası almış və onun yoldaşına vəsiyyət etmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi X3 izahat verərək göstərdi ki, Cavabdeh onun əridir. Bu işlə əlaqədar onlar vəsatət vermiş, apellyasiya məhkəməsində baxılmış və qəbul etməmişdir. Onlar Ali Məhkəməyə şikayət verəcəklər. Həmin evin mülkiyyətcisi Nəcbəddin Məmmədov və arvadı Tutu Məmmədovadır. Həmin insanlar 70-80 yaşına qədər yaşamışlar. Onlar baxımsız vəziyyətdə qaldığı üçün, yəni iddiaçıgil evdən çıxıb getmiş, onun qaynatası onları həmin evə köçürmüşdür. Onlardan əvvəl həmin insanlara onun baldızı baxmışdır. Ovladı baxmadığı halda sual olunur ki, hansı valideyin ona pay torpağı ayıra bilər. Əgər 2007-ci ildə olmuş sənəddirsə 15 il keçmişdir və nə üçün məhkəməyə müraciət olunmayıb. əgər bu torpaq iddiaçının ailəsinə aiddirsə niyə evin əsas sahibi Nəcbəddin Məmmədovun mülkiyyət sahibi olaraq niyə torpaq sahəsində adı çəkilmir. Həmin torpaq sahəsi kimin icazəsi ilə Mahir Məmmədova verilmişdir. Onlar inanırlar ki bu sənəd qanuni sənəd deyil və ona görə də, bunun araşdırmasını davam etdirirlər. Məhkəmədən xahiş edir ki, iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilsin ki, işlərini davam etdirsinlər. Məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan A№ 067436 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Qax rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 2007ci il tarixli qərarı ilə 900.03 kv.m torpaq sahəsi X4 verilmişdir və subyektlər siyahısında X6, X8, İddiaçı və X5 adları vardır. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2005-ci ildə ölmüşdür. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2012-ci ildə ölmüşdür. İşə əlavə edilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X6 ilə İddiaçı nikahları 19 iyul 1980-ci ildə rəsmi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının və cavabdehin etibarnamə üzrə nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, A№ 067436 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Qax rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 2007-ci il tarixli qərarı ilə 900.03 kv.m torpaq sahəsi X4 verilmişdir. X6 İddiaçı əri olmuşdur. X6 xx.xx.2005-ci ildə ölmüşdür. İddiaçı DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsində dövlət qeydiyyatına aldırmaq üçün DƏDRX-nin Qax rayon şöbəsinə müraciət etmiş və şöbənin əməkdaşları tərəfindən ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən maneçilik törədilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsinin izahatından müəyyən edilmişdir ki, ölçü işlərinin aparılması ilə razı deyildirlər. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət toxunulmazdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublıkası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, Qax rayon AİK-nın xx.xx.2007-ci il tarixli 02 saylı qərarı əsasında İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 900.03 kv.m torpaq sahəsinə DƏDRX-nin Qax rayon şöbəsinin əməkdaşları tərəfindən ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən edilən maneələr aradan qaldırılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilsin. Qax rayon AİK-nın xx.xx.2007-ci il tarixli 02 saylı qərarı əsasında İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 900.03 kv.m torpaq sahəsinə DƏDRX-nin Qax rayon şöbəsinin əməkdaşları tərəfindən ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən edilən maneələr aradan qaldırılsın. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar