Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-20/2025 02.09.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə. İddiaçı Cavabdeh qarşı «cavabdehin ona məxsus olan torpaq sahəsindən çıxarılmaqla mərz nişanlarının vurulması, gediş gəliş yolunun açılması, vurulmuş maddi zərərin əvəzi qismində 10.000 manat pulun alınıb ona verilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi» barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçı Cavabdeh qarşı «cavabdehin ona məxsus olan torpaq sahəsindən çıxarılmaqla mərz nişanlarının vurulması, gediş gəliş yolunun açılması, vurulmuş maddi zərərin əvəzi qismində 10.000 manat pulun alınıb ona verilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus olan torpaq sahəsindən çıxarılmaqla ona məxsus olan çıxarış əsasında mərz nişanlarının vurulması, gediş gəliş yolunun açılması vurulmuş maddi zərərin əvəzi qismində 10.000 manat pulun alınıb ona verilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun özünə məxsus olan 1.6 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə dair onun **********36 reyestr nömrəli, 13 dekabr 2019-cu il qeydiyyat tarixli, çıxarışı vardır. Cavabdeh çıxarış əsasında torpaq sahəsinin müəyyən bir hissəsini zəbt etmiş, eyni zamanda torpaq sahəsinə gedən gediş-gəliş yolun bağlamışdır. Hazırda o torpaq sahəsini çıxarış üzrə koordinatda göstərilən cizgi əsasında istifadə etmək istəyir. Lakin cavabdeh onun torpaq sahəsinin müəyyən hissəsini zəbt edərək ondan icazəsiz fındıq kolları əkmişdir. Cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsi sənəd üzrə qeyd edilən hektardan da çoxdur. Bundan əlavə o həmin torpaq sahəsini 16 mart 2017-ci ildə alqı-satqı müqaviləsi vasitəsi ilə əldə etmiş və 13 dekabr 2019-cu il tarixdə DƏDRX-də qeydə alınaraq çıxarış verilmişdir. İddiaçıya torpaq sahəsi verildiyi təqdirdə onun mülkiyyət hüququ pozulmuş olur. Göstərdiklərini nəzərə alaraq məhkəmədən, cavabdehin ona məxsus olan torpaq sahəsindən çıxarılmaqla ona məxsus olan çıxarış əsasında mərz nişanlarının vurulması, gediş gəliş yolunun açılması vurulmuş maddi zərərin əvəzi qismində 10.000 manat pulun alınıb ona verilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Qax rayonu, Fıstıqlı kəndində ona məxsus 1.6 ha torpaq sahəsi vardır. Cavabdeh çıxarış əsasında torpaq sahəsinin bir hissəsini zəbt etmiş və torpaq sahəsinə gedən gediş-gəliş yolunu bağlamışdır. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahat verərək göstərdi ki, 2002-ci ildən mübahisəli torpaq sahəsini almışdır. Məhkəmə qaydasında cavabdehi çıxartmışdır. İddiaçı bunu qəbul edə bilmir, əsas məsələ budur. İddiaçı ona məxsus 0.65 ha torpaq sahəsini 2004-cü ildən bu yana zəbt etmişdir. May ayında Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə cavabdehi torpaq sahəsindən çıxartmışdır. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşin halları Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Daşınmaz Əmlakın Dövlət reyestrindən **********36 reyestr, ********** qeydiyyat №li, 13 dekabr 2019-cu il qeydiyyat tarixli Çıxarışın surətindən görünür ki, Qax rayonu Fıstıqlı kəndində yerləşən 1.6 ha torpaq sahəsi İddiaçı Mayıs oğlunun mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Daşınmaz Əmlakın Dövlət reyestrindən **********03 reyestr, ********** qeydiyyat №li, 07 noyabr 2018-ci il qeydiyyat tarixli Çıxarışdan surətindən görünür ki, Qax rayonu Fıstıqlı kəndində yerləşən 0.6555 ha torpaq sahəsi Cavabdeh mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin 08 avqust 2025-ci il tarixli 3-21-3-39/2-3058/2025 №li məktubundan görünür ki, İddiaçı iddia tələbi ilə bağlı mütəxəssis rəyinin təqdim edilməsi barədə məktuba «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsində baxılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 Saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 08 avqust 2025-ci il tarixli 3-21-3-39/2-3058/2025 №li məktubundan görünür ki, ərazi idarəsinin mütəxəssisi tərəfindən Qax rayonu Fıstıqlı kəndində yerləşən mübahisəli torpaq sahəsinə iddiaçı və cavabdehin iştirakı ilə baxış keçirilmiş, GPS aləti vasitəsilə döngə nöqtələrinin koordinatları götürülmüşdür. Cavabdehin istifadəsində olan torpaq sahəsi ölçülsə də, iddiaçı cavabdehin göstərdiyi torpaq sahəsi ilə razılaşmadığını və yenidən məhkəmə və icra işçilərinin iştirakı ilə ekspertizanın keçirilməsini tələb etdiyini bildirmişdir. Bu səbəbdən, torpaq sahəsində çöl ölçmə işlərinin aparılması və mütəxəssis rəyinin tərtib edilməsi mümkün olmamışdır. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Daşınmaz Əmlakın Dövlət reyestrindən **********36 reyestr, ********** qeydiyyat №li, 13 dekabr 2019cu il qeydiyyat tarixli Çıxarışa əsasən Qax rayonu, Fıstıqlı kəndində yerləşən 1.6 ha torpaq sahəsi İddiaçı Mayıs oğlunun mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Daşınmaz Əmlakın Dövlət reyestrindən **********03 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Qax rayonu Fıstıqlı kəndində yerləşən 0.6555 ha torpaq sahəsi Cavabdeh mülkiyyətinə verilmişdir. İddiaçı hazırda cavabdehin ona məxsus olan torpaq sahəsindən çıxarılmaqla ona məxsus olan çıxarış əsasında mərz nişanlarının vurulması, gediş gəliş yolunun açılması vurulmuş maddi zərərin əvəzi qismində 10.000 manat pulun alınıb ona verilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk olaraq tələbin «cavabdehin ona məxsus olan torpaq sahəsindən çıxarılmaqla ona məxsus olan çıxarış əsasında mərz nişanlarının vurulması, gediş gəliş yolunun açılması» hissəsinə münasibət bildirərək qeyd edir ki, iş üzrə 04 dekabr 2024-cü il tarixli, 2(024)187/2024 №li qərardadı ilə məhkəmə mühəndis texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında suallar qoyulmuşdur. Lakin müəyyən edilmişdir ki, ərazi idarəsinin mütəxəssisi tərəfindən Qax rayonu Fıstıqlı kəndində yerləşən mübahisəli torpaq sahəsinə iddiaçı və cavabdehin iştirakı ilə baxış keçirilərək, GPS aləti vasitəsilə döngə nöqtələrinin koordinatları götürülmüşdür. Cavabdehin istifadəsində olan torpaq sahəsi ölçülsə də, iddiaçı cavabdehin göstərdiyi torpaq sahəsi ilə razılaşmadığını və yenidən məhkəmə və icra işçilərinin iştirakı ilə ekspertizanın keçirilməsini tələb etdiyini bildirmişdir. Bu səbəbdən, torpaq sahəsində çöl ölçmə işlərinin aparılması və mütəxəssis rəyinin tərtib edilməsi mümkün olmamışdır. Beləliklə cavabdeh tərəfindən mübahisəli torpaq sahəsinin istifadə olunması, torpaq sahəsinə gedən gediş-gəliş yolun bağlaması və fındıq kolları əkməsi barədə iddiaçı tərəfindən məhkəməyə əsaslı və mötəbər sübut təqdim olunmadığı üçün tələbin həmin hissəsi sübuta yetirilməmişdir. Tələbin həmin hissəsi əsassız olduğu üçün həmin tələbdən törənən «vurulmuş maddi zərərin əvəzi qismində 10.000 manat pulun alınıb ona verilməsi»də əsassızdır. Həmçinin məhkəmə əlavə olaraq da onu qeyd edir ki, hər bir şəxs iddia tələbi ilə məhkəməyə müraciət etdikdə, tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. İddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Ona 10.000 manat maddi ziyan dəydiyini göstərməklə sübutetmə yükü üzərinə düşən iddiaçı bununla bağlı məhkəməyə əsaslı və mötəbər sübutlar təqdim etməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ hissəsində qeyd edilmişdir ki, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İV hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr tarixli Qərar). Azərbaycan Respublikası Mülki Məcəlləsi Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyət hüququnun yaranması üçün hər şeydən əvvəl şəxsin özünə məxsus əmlakı olmalıdır. Şəxsin müəyyən əmlakı olmalıdır ki, onunla hər hansı bir münasibətə girə bilsin. Mülkiyyətçi öz əmlakı ilə bağlı sahiblik, istifadə və sərəncam səlahiyyətlərindən qanun çərçivəsində öz istədiyi kimi istifadə edə bilər. Yəni mülkiyyətçi özünə məxsus olan əmlakdan şəxsən istifadə edə bilər, onu başqasının istifadəsinə verə bilər və ya istifadəsiz öz mülkiyyətində saxlaya bilər. Bütün bu hallarda onun mülkiyyət hüququ saxlanılır. Lakin əşyanın tətbiq edilməməsi və ya ona qulluq edilməməsi ictimai münasibətlərə toxunarsa müəyyən hüquqi nəticələr yaradır. Belə olan halda mülkiyyətçinin üzərinə həmin baxımsız əmlakdan istifadə etmək, ona qulluq göstərmək və saz vəziyyətdə saxlamaq vəzifəsi qoyula bilər. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Burada əsas məqam ondan ibarətdir ki, qətnamədə məhkəmənin gəldiyi nəticənin maddi-hüquqi əsası kimi işə baxan zaman deyil, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına istinad edilməlidir. Qətnamədə prosessual hüquq normalarına uyğunluğu məsələsi həll olunarkən məhz işin baxılması zamanı yəni müvafiq prosessual hərəkətlərin icra edildyi vaxt qüvvədə olan prosessual hüquq normaları rəhbər tutulmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamənin əsaslığı onun iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərə uyğun olmasında ifadə olunur. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikasının Alı Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 №li qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi savadlı, hüquqi cəhətdən düzgün tərtib edilməli, onda anlaşılmayan ifadələr yazılmamalı, hüquqi ifadələr yerində və dəqiq işlədilməlidir. (5-ci bənd). Qətnamənin məzmunu giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarət olub, həmin ardıcıllıqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220-ci maddəsində göstərilən məlumatlar əks etdirməlidir (6.1-ci bənd). Qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər rəhbər tutduğu, qanunlar və ya digər hüquqi aktlar göstərilməlidir. (6.2-ci bənd) Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəbləri orada aydın izah edilməlidir.(6.3-cü bənd). Məhkəmələr nəzərə almalıdırlar ki, qanunvericiliklə müəyyən edilmiş prosessual qaydaların pozulması ilə əldə edilmiş sübutlar məhkəmə qətnaməsinin əsasını təşkil edə bilməz. (6.4-cü bənd) Qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər hüquqi aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. (6.5-ci bənd) Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı «cavabdehin ona məxsus olan torpaq sahəsindən çıxarılmaqla mərz nişanlarının vurulması, gediş gəliş yolunun açılması, vurulmuş maddi zərərin əvəzi qismində 10.000 manat pulun alınıb ona verilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi» barədə iddiası əsassız olduğundan təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №2(024)-20/2025
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-20/2025
02.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver