Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-229/2023 02.05.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi, vəkil X2, Cavabdeh iştirakı ilə. İddiaçı Cavabdeh və maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “maneələrin aradan qaldırılması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək mərhum atası X1 miras qalmış əmlaka dair Çıxarışın alınması üçün ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, İddiaçı və maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmiş, iddiaçının etibarnamə üzrə nümayəndəsi, vəkil X6 gəlmiş, maraqlı tərəfin etibarnamə üzrə nümayəndəsi gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının etibarnamə üzrə nümayəndəsi, vəkil X2 iştirakı ilə və maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, atası X7 xx.xx.1997-ci il tarixdə ölmüşdür. Hazırda ondan miras qalmış əmlakın onun vərəsələri arasında bölüşdürülməsini istəyir. Lakin, atasından miras qalmış əmlaka dair Çıxarış olmadığından, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki ərazi idarəsinə müraciət etmiş, idarə isə cavabdeh tərəfindən maneələr olduğundan Çıxarışın verilməsindən imtina etmişdir. Hazırda atasından miras qalmış evin dam örtüyü cavabdehin evinin dam örtüyünə birləşmiş haldadır. Ona görə maraqlı şəxs olan orqan atasından miras qalmış əmlaka dair Çıxarış verməsi üçün ölçmə işlərini aparmalıdır. Lakin, cavabdeh buna imkan vermir. Buna görə də atası X1 miras qalmış əmlaka dair vərəsəlik işini başa çatdıra bilmir. Yəni buna Cavabdeh maneə yaradır. Beləliklə bütün yuxarıda göstərdiklərindən də göründüyü kimi atası X1 qalmış miras əmlaka dair açdırdığı vərəsəlik işini başa çatdıra bilmədiyi üçün Cavabdeh bu işə dair yaratdığı maneələr aradan qaldırılmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmədən mərhum atası X1 miras qalmış əmlaka dair Çıxarışın alınması üçün ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi, vəkil X6 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, iddiaçı məhkəməyə sübut kimi torpaq sahəsinin texniki sənədini təqdim etmişdir. 22 sentyabr 2022-ci il tarixli arxiv sənədindən də görünür ki, torpaq sahəsinin 0.03 hektarı mərhum atası Məmmədəli Rəcəbova məxsus olmuşdur. Hər iki tərəfə işlənən torpaq sahəsinin plan və ölçü sənədi səhv işləndiyi üçün həmin sənədlə razı deyildir. İddiaçı tərəfindən atasının adına verilmiş torpaq sahəsi zəbt edilmişdir. Məhkəmədən iddianın rədd edilməsini xahiş edir. İş materiallarında olan AA******* saylı biometrik şəxsiyyət vəsiqəsinə dair məlumatlardan görünür ki, İddiaçı Qax şəhəri, M.F.Axundov küçəsi, ev 10-da yaşayır. İşə əlavə edilmiş АЗ № ******* saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7,İddiaçı atasıdır. İşə əlavə edilmiş İV-ЖГ № 494729 ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.1997-ci ildə ölmüşdür. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin 30 yanvar 2023-cü il tarixli 3-21-3-39/2-R-0002- 8/2023 saylı məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mərhum X3 adına qeydiyyata alınaraq texniki pasport və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi barədə 16 yanvar 2023-cü il tarixli müraciətinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsində baxılmışdır. Ərazi idarəsinin arxiv materiallarında Qax şəhərində yerləşən 0.02 ha torpaq sahəsinə X3 adına 16 sentyabr 2008-ci il tarixli, 2482 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi barədə məlumat mövcuddur. Fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən, həmçinin torpaq sahəsi digər şəxsin istifadəsində olmaqla mübahisəli olduğundan ərizənin icrası mümkün olmamışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikasının Torpaq və Xəritəçəkmə Komitəsinin A № 067397 saylı Torpaq sahəsinin Planı və Ölçüsü sənədindən görünür ki, X4 Qax rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 2007-ci il tarixli 02 saylı qərarı ilə 200.32 kv.m torpaq sahəsi verilmişdir. İş materiallarında olan fərdi yaşayış evinin Texniki Pasportunun təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hüquq subyekti X5r. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsi, vəkilinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı mərhum atası X4 Qax rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 2007-ci il tarixli 02 saylı qərarı ilə 200.32 kv.m torpaq sahəsi verilmiş və bu barədə onun adına A № 067397 saylı Torpaq sahəsinin Planı və Ölçüsü sənədi işlənmişdir. İddiaçı mərhum atası Seydəli Rəcəbovdan miras qalmış əmlaka dair Çıxarış almaq üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki ərazi idarəsinə müraciət etmiş, həmin idarənin mütəxəssislərinə cavabdeh tərəfindən ölçü və müayinə işlərinin aparılmasına maneçilik törədilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin tərəfindən 30 yanvar 2023-cü il tarixdə iddiaçının müraciətinə cavab olaraq ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mərhum X3 adına qeydiyyata alınaraq texniki pasport və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi barədə 16 yanvar 2023-cü il tarixli müraciətinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsində baxıldığı və ərazi idarəsinin arxiv materiallarında Qax şəhərində yerləşən 0.02 ha torpaq sahəsinə X3 adına 16 sentyabr 2008-ci il tarixli, 2482 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi barədə məlumat mövcud olması, fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən, həmçinin torpaq sahəsi digər şəxsin istifadəsində olmaqla mübahisəli olduğundan ərizənin icrasının mümkün olmadığı göstərilmişdir. Cavabdeh məhkəmə iclasında iddiaçının mərhum atası Seydəli Rəcəbovun adına Torpaq sahəsinin Plan və Ölçü sənədinin səhv işləndiyini əsas gətirərək iddianın təmin edilməsinə etiraz etdiyini bildirmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət toxunulmazdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublıkası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı mərhum atası X1 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair Çıxarışın alınması üçün ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən edilmiş maneələr aradan qaldırılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilsin. İddiaçı mərhum atası X1 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair Çıxarışın alınması üçün ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən edilmiş maneələr aradan qaldırılsın. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №2(024)-229/2023
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-229/2023
02.05.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver