Məhkəmə qərarları › İş №2(024)-233/2024

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-233/2024

07.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-233/2024 07.05.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə. İddiaçı Cavabdeh qarşı “müəyyən olunmuş alimentin miqdarının artırılması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2022-ci ildə doğulmuş X2 adlı uşağın yetkinlik yaşına çatana qədər saxlanması və maddi cəhətdən təmin edilməsi üçün Cavabdeh ona ödədiyi hər ay 140 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq hər ay 235 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, o, Cavabdeh ilə nikahlarını qeyd etdirməklə evlənmişdir. Birgə nikahdan onların xx.xx.2022-ci ildə doğulmuş X2 adlı övladları doğulmuşdur. Ailə qurduqları vaxtlardan mehriban şəraitdə yaşasalar da, sonradan cavabdehlə xasiyyətləri uyğun gəlməmiş və onlar ayrılmış və hazırda da ayrı yaşayırlar. Qax Rayon Məhkəməsinin 2(024)-183/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2022-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması və maddi cəhətdən təmin edilməsi üçün Cavabdeh xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Hazırda o uşağı saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Övladı böyümüş, xərcləri artmışdır. Cavabdehin hər ay uşaq üçün verdiyi 140 manat alimentlə uşağı saxlamağı və onun təhsil xərclərini ödəməsi qeyri mümkündür. Cavabdeh isə müəyyən olunmuş alimenti verməkdən başqa ona heç bir əlavə yardım göstərmir. Ona görə də məhkəmədə alimentin miqdarının artırılması haqda iddia qaldırmışdır. Göstərdiklərini nəzərə alaraq məhkəmədən xx.xx.2022-ci ildə doğulmuş X2 adlı uşağın yetkinlik yaşına çatana qədər saxlanması və maddi cəhətdən təmin edilməsi üçün Cavabdeh ona ödədiyi hər ay 140 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq hər ay 235 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək göstərdi ki, Qax rayon Məhkəməsi tərəfindən onlar arasında olan nikah pozulmuşdur. Həmçinin məhkəmə tərəfindən xx.xx.2022-ci ildə doğulmuş X2 adlı uşağın yetkinlik yaşına çatana qədər saxlanması və maddi cəhətdən təmin edilməsi üçün ondan hər ay 140 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. O, hazırda fərdi işlərlə məşğuldur. İddiaçının tələb etdiyi aliment məbləğini ödəməyə maddi imkanı yol vermir. Uşaq üçün əlavə olaraq 10 manat aliment verə bilər. Ona görə də, məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə toplanmış materialları araşdıraraq belə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Qax Rayon Məhkəməsinin 2(024)-183/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2022-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması və maddi cəhətdən təmin edilməsi üçün Cavabdeh xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı uşaq böyüdüyü üçün və xərcləri artdığı üçün uşağın saxlanması üçün ödənilən alimentin miqdarının artırılması tələbi ilə hazırkı iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırki iş üzrə qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycanda 2024-cü il üçün yaşayış minimumu haqqında» Qanunda uşaqların saxlanması üçün 235 manat məbləğ müəyyən edilməsinə baxmayaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsi valideynlərin öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmasını müəyyən etmişdir. Belə olan halda uşağın saxlanması üçün nəzərdə tutulmuş 235 manat məbləğə də ümumilikdə hər iki valideynin öhdəliyi kimi yanaşılmalıdır. Həmin məbləğin bir valideynin üzərinə qoyulması cavabdehin maddi vəziyyətinə və Ailə Məcəlləsinin 56.1-ci maddəsinin tələblərinə uyğun deyildir. Belə olan halda məhkəmə cavabdehdən uşağın saxlanması üçün tutulan alimentin miqdarının artırılaraq hər ay 180 manat sabit pul məbləğində müəyyən edilməsini qanuna müvafiq hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndin əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. İnsan Hüquqlarına Dair Ümumi Bəyamnamənin 25-ci maddəsinin 2-ci bəndinə əsasən Analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. Həm nigah nəticəsində, həm də nikahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının qanununun 8-ci maddəsinə əsasən Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin qanunun 13-cü maddəsinə əsasən Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maliyyə vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Həmin məcəlləsinin 78.1-ci maddəsinə uyğun olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi alimentin müəyyən olunmuş miqdarı yalnız o halda dəyişə bilər ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hər hansı dəyişiklik olsun. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 №-li Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Buna görə də, məhkəmə qeyd edir ki, hazırki halda alimentin artırılmış miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı ödədiyi hər ay 140 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq hər ay 180 manat sabit pul məbləğində müəyyən edilməli və alimentin tutulması qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanmağa başlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Qeyd edilən hüquq normasına əsasən məhkəmə qərara gəlir ki, bir il ərzində ödəmənin məcmusu nəzərə alınmaqla cavabdehdən 30 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia qismən təmin edilsin. xx.xx.2022-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı ödədiyi hər ay 140 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq hər ay 180 manat sabit pul məbləğində müəyyən edilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar