Məhkəmə qərarları › İş №2(024)-246/2023

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-246/2023

28.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-246/2023 28.04.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə. İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyan tələbi” nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ona dəymiş 700 manat maddi ziyan və iddia qaldırmaq üçün ödədiyi 30 manat dövlət rüsumu Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, Cavabdeh iddianı qəbul etməmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, o Bakı şəhərində yaşayır. Onun Qax rayonu Turaclı kəndi ərazisində 5.5 hektara yaxın kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsində əvvəlcədən salınmış fındıq bağı sahəsi vardır. Qax rayonu Qarabaldır kənd sakini Cavabdeh təsərrüfatında olan xırdabuynuzlu heyvanları dəfələrlə ona məxsus fındıq bağına salaraq yenicə əkdiyi fındıq kollarına ziyan vurmuşdur. Cavabdehə dəfələrlə bu barədə xəbərdarlıq etsə də, heç bir əhəmiyyəti olmamışdır. O bununla bağlı Qax rayon polis şöbəsinə müraciət etmişdir. O iddiaçının həmin hərəkətlərindən bezmiş və ona qarşı məhkəmədə iddia qaldırmaq qərarına gəlmişdir. X2 Mərkəzinə məlumat verdikdən sonra ona məxsus fındıq sahəsinə baxış keçirilmişdir. Yenicə əkdiyi 200 ədəd fındıq tingi məhv olmuşdur. Ona 700 manat maddi ziyan dəymişdir. Cavabdehin hərəkətləri elə vəziyyətə gətirib çıxarımışdır ki, hətta bundan sonra onun bağına maddi ziyan dəyərsə cavabdehdən şübhələnəcəkdir. Çünki cavabdehə inanmır. Göstərdiklərini nəzərə alaraq məhkəmədən ona dəymiş 700 manat maddi ziyan və iddia qaldırmaq üçün ödədiyi 30 manat dövlət rüsumu Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh izahat verərək göstərdi ki, iddia ərizəsində göstərilənlərlə razı deyildir. Özünə məxsus təsərrüfatda olan xırdabuynuzlu heyvanlar 2023-cü ilin yanvar ayında iddiaçıya məxsus fındıq bağına girmişlər. Heyvanların iddiaçıya məxsus fındıq bağına girməsindən onun məlumatı olmamışdır. O, iddiaçıya qəsdən ziyan vurmamışdır. İddiaçıya ziyan dəyməsinə görə peşmandır. Məhkəmədən ona kömək edilməsini xahiş edir. İddianı qəbul etmir, rədd edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Reyestr nömrəsi **********25 qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Turaclı kəndində yerləşən 3.2126 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Reyestr nömrəsi **********46 qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Turaclı kəndində yerləşən 1.89 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Dövlət Statistika Komitəsi Qax rayon Statistika idarəsinin 28 aprel 2023-cü il tarixli № 3-34-59/2-58/2023 saylı məktubundan görünür ki, 2022-ci il ərzində 1 kiloqram fındığın orta bazar qiyməti 3.90 manat təşkil etmişdir. İş materiallarında olan Qax DAİM-nin rəyindən görünür ki, müvafiq məktubun icrası ilə əlaqədar İddiaçı Əli qızına məxsus Qax rayon Turaclı kəndində yerləşən 5.5 hektar fındıq sahəsinə baxış keçirilmişdir. Sahəni kənar təsirlərdən (heyvanlardan və s) qorumaq üçün vətəndaş sahənin 4 kənarını bağlamışdır. Lakin tikanlı məftillər qırılaraq sahəyə xırdabuynuzlu heyvanlar və atlar salınmışdır. Bağda təqribən 70-80 ədəd yeni və əvvəlki illərdən salınmış (seyrəkliyin aradan qaldırılması üçün) təzə toplar mövcud idi. Xırdabuynuzlu heyvanlar bağın içərisində olan həmin yeni topları yeyərək və tərpədərək inkişafdan qalmasına səbəb olmuşdur. Bu da öz növbəsində həmin bitkilərin 2-3 ıl məhsul vermə qabiliyyətini geri salır. Odur ki ərizəçiyə bağın gələcək yetişmə dövrünü nəzərə alınsa təqribən 100-150 kiloqram məhsul miqdarında ziyan dəymişdir. İşə əlavə edilmiş Qax rayon polis şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı Cavabdeh məxsus xırdabuynuzlu heyvanların ona məxsus fındıq bağına daxil olaraq ziyan vurulması barədə müraciətinə baxılmış, araşdırmalar zamanı əməldə cinayət tərkibi və yaxud inzibati hüquqpozma müəyyən edilməmiş və iddiaçıya maddi ziyanla bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İşə əlavə edilmiş Seriya AZE № 09740534 saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Gəncə prospekti, ev 41, mənzil 28-də qeydiyyatdadır. İşə əlavə edilmiş Seriya ******* saylı biometrik şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh Qax rayonu Qarabaldır kəndində yaşayır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarını nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyərək məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə iclasında tərəflərin izahatı ilə müəyyən edildi ki, Reyestr nömrəsi **********25 qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Qax rayonu Turaclı kəndində yerləşən 3.2126 ha torpaq sahəsi İddiaçı, Reyestr nömrəsi **********46 qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Qax rayonu Turaclı kəndində yerləşən 1.89 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Cavabdeh məxsus xırdabuynuzlu heyvanlar iddiaçıya məxsus fındıq bağına girərək fındıq kollarını tələf etməklə iddiaçıya maddi ziyan vurmuşlar. İddiaçının şikayəti əsasında Qax RPŞ-də araşdırma aparılmış və ona dəymiş ziyanla bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Eyni zamanda müraciət əsasında Qax X2 Mərkəzinin mütəxəssisləri tərəfindən sözü gedən fındıq sahəsinə yerində baxış keçirilmiş və rəy verilmişdir. Həmin rəydə göstərilmişdir ki, iddiaçıya məxsus bağda təqribən 70-80 ədəd yeni və əvvəlki illərdən salınmış (seyrəkliyin aradan qaldırılması üçün) təzə toplar mövcud olmuş, xırdabuynuzlu heyvanlar bağın içərisində olan həmin yeni topları yeyərək və tərpədərək inkişafdan qalmasına səbəb olmuşdur. Bu da öz növbəsində həmin bitkilərin 2-3 il məhsul vermə qabiliyyətini geri salır. Odur ki, ərizəçiyə bağın gələcək yetişmə dövrü nəzərə alınsa təqribən 100-150 kiloqram məhsul miqdarında ziyan dəymişdir. Məhkəmə sorğusu əsasında Dövlət Statistika Komitəsi Qax rayon Statistika idarəsinin Qax rayon məhkəməsinə ünvanladığı 28 aprel 2023-cü il tarixli № 3- 34-59/2-58/2023 saylı məktubla müəyyən edilmişdir ki, 2022-ci il ərzində 1 kiloqram fındığın orta bazar qiyməti 3.90 manat təşkil etmişdir. 1 kq fındığın qiyməti 3.90 manat təşkil etdiyi və iddiaçıya minimum 100 kq fındıq məhsulu miqdarında ziyan dəyməsi nəzərə alınarsa dəymiş maddi ziyan 3.90 manat x 100 kq fındıq məhsulu=390 manat təşkil edir. Beləliklə iddia tələbi işin faktiki halları, tərəflərin izahatları, DAİM-nin müvafiq rəyi və statistika idarəsinin məktubu ilə qismən sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh dəymiş maddi ziyana görə 390 (üç yüz doxsan) manat pul və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi ziyana görə 390 (üç yüz doxsan) manat pul və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qax rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar