Məhkəmə qərarları › İş №2(024)-287/2023

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-287/2023

01.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-287/2023 01.05.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, Cavabdeh iştirakı ilə. İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 430 manat borc pulun və dövlət rüsumu olaraq ödədiyi 30 manat dövlət rüsumunun alınıb özünə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək səhhəti ilə bağlı məhkəmə baxış iclasında iştirak edə bilmədiyini, işə özünün iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə uyğun olaraq iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 31 mart 2021-ci il tarixdə Qax rayonu, Lələpaşa kənd sakini Cavabdeh ona pula ehtiyacı olduğunu ona görə də 600 manat borc pul istədiyini bildirmişdir. O da həmkəndlisi olduğu üçün Cavabdeh 600 manat borc pul vermişdir. Cavabdeh aldığı puldan 170 manatını qaytarmış lakin 430 manat borcunu hazırkı vaxtadək geri qaytarmamışdır. 3 ilə yaxın müddət keçməsinə baxmayaraq Cavabdeh ona qarşı dələduzluq edərək onu aldadır və borcunu istədikdə bəhanələr edərək ödəməkdən yayınır. Cavabdeh ona borcu olmasına dair o özü iltizam yazaraq imzalamışdır. Bu səbəbdən o məcbur olub bu iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, göstərdiklərini nəzərə alaraq məhkəmədən Cavabdeh 430 manat borc pulun və ödədiyi 30 manat dövlət rüsumunun alınıb özünə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək göstərdi ki, o İddiaçı 2021-ci ildə 600 manat pul almışdır. Aldığı puldan 170 manatını geri qaytarmış lakin yerdə qalan borcunu maddi imkanı olmadığı üçün ödəyə bilməmişdir. İddianı qəbul edir. Söz veriri ki, bu ilin fındıq yığımı zamanı iddiaçıya olan borcunu tam şəkildə ödəyəcəkdir. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən yazılaraq imzalanmış ərizədən görünür ki, onun iddiaçıya 430 manat borcu var, borcunu qısa müddətə ödəyəcəyinə söz verir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, işdə toplanmış materialları nəzərdən keçirib, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh 2021-ci ilin mart ayında İddiaçıdan 600 manat borc pul almışdır. Cavabdeh aldığı puldan 170 manatını ödəmiş lakin, qalıq borcunu hazırkı vaxtadək iddiaçıya geri qaytarmamışdır. İddiaçı dəfələrlə cavabdehdən borcunu tələb etsə də, heç bir nəticəsi olmamış bu səbəbdən iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə cavabdehin etirafedici izahatı və iş materialları ilə iddiaçıya 430 manat borcu olması tam sübuta yetirilir. Azərbaycan Respublikası Konstitusiyanın 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu)başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli,əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə vəxidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləripozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə iləayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Şərh olunanlara obyektiv qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 430 (dörd yüz otuz) manat pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 430 (dörd yüz otuz) manat pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən təqdim olunduğu (alındığı) gündən 1 ay müddətində Qax rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar