Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-295/2025 29.05.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövən qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 Cavabdeh2 qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən müştərək qaydada 2.500 manat məbləğində pulun alınıb ona verilməsinə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdedhlər onun qardaşı və qardaşının arvadıdır. Təxminən 2023-cü ilin sentyabr ayı idi. O, cavabdehlərə bildirmişdir ki, ona torpaq sahəsi lazımdır. Onlar isə onların mülkiyyətində torpaq sahəsi olduğunu və ona həmin torpaq sahəsini sata biləcəklərini bildirdilər. O da həmin tarixdən etibarən hissəhissə ümumilikdə 2.500 manat pulu cavabdehlərə vermişdir. Həmin torpaq sahəsinin qardaşı və arvadı ona göstərdilər, lakin həmin torpaq sahəsinin Çıxarışı hazır deyildir. Çıxarış hazır olduğunda biz notariat ofisinə müraciət edəcəkdilər. Lakin Çıxarış hazır olduğunda müəyyən oldu ki, həmin torpaq sahəsinin bir hissəsi elə onun mülkiyyətindədir. Cavabdehlərin dediklərinə görə bundan onların xəbəri olmamışdır. Bilmir, cavabdehlər onun mülkiyyəti olduğunu bilirdilər ya yox. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Qax rayonu, Fıstıqlı kəndində onların hamısını fındıq payları vardır. O kiçik qardaşından 2.500 manat ödəyərək 25 top fındığı almışdır. Sonra isə qardaşı Mustafa özünün torpaq payını satıb çıxarış alan zaman üzı çıxmışdır ki, onun aldığı torpaq sahəsi əslində özünündür. O da tələb edir ki, cavabdeh ya onun fnıdığını ya da 2.500 manat pulunu versin. Cavabdeh C.F.Səfərəliyev də M.A. Səfərəliyevin arvadıdır. Pulu qardaşı Mustafa alsa da, ikisi də xərclədiyi üçün Cavabdeh2 da pulu tələb edir. İstəyir ki, qardaşı Mustafa fındığq sezonunda məhsulu satsın və pulunu ödəsin. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul edərək və iddia ilə bağlı göstərdi ki, onlar Qax rayonu Fıstıqlı kəndində yayasan zaman 2019-cu ildə bacısı Jaləyə 25 top fındıq vermişdir. Lakin o vaxtı fındıq sahəsinin sənədi olmamışdır. 2021-ci il tarixdə Qax rayonuna kirayəyə gəlmişdir. Bacısı 2025-ci ildə şikayət etmişdir. 25 top fındıq müqabilində 2.500 manatı almışdır. Pulu ehtiyacı olduğu üçün ailəsinə xərcləmişdir. İndi də iddiaçı pulu tələb edir və o da narazılıq bildirmir. İddiaçı ilə də danışmışdır ki, payız vaxtı fındıq məhsulunu yığdıqdan sonra pulunu bitirib verərəcəkdir. Pulu iddiaçıdan Cavabdeh2 ilə birlikdə yox, tək almışdır. İddianı qəbul edir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınması barədə heç bir vəsatət daxil olmamışdır. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları: Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********35 reyestr №li, ********** qeydiyyat №li, 17 aprel 2004-cü il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla Qax rayonu, Fıstıqlı kəndində yerləşən 1.70 ha həyətyanı torpaq sahəsinin 0.6606 ha hissəsi X1, 0.2616 ha hissəsi İddiaçı, 0.2616 ha hissəsi X2, 0.2616 ha hissəsi X3 və 0.2616 ha hissəsi Cavabdeh1 mülkiyyətinə verilmişdir. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 İddiaçı 25 top fındıq müqabilində 2.500 manat pul almış, lakin həmin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən müvafiq sənəd lıanarkən məlum olmuşdur ki, İddiaçı Cavabdeh1 tərəfindən satılan fındıq topları iddiaçının özünə məxsus olmuşdur. Cavabdeh 2.500 manatı qaytaracağını vəd etsə də, vədinə əməl etməmişdir. Bu səbəbdən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, hər bir şəxs iddia tələbi ilə məhkəməyə müraciət etdikdə, tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. İddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Cavabdeh1 məhkəmə iclasında iddiaçıya borcu olduğunu etiraf edərək iddianı qəbul etdiyini göstərmişdir. Beləliklə cavabdehin Cavabdeh1 iddiaçıya 2.500 manat borcunun olması cavabdehin məhkəmə iclasında verdiyi etirafedici izahatı ilə birbaşa sübuta yetirilmişdir. Beləliklə də, məhkəmə iclasında işin faktiki halları, işdə olan əsaslı və mötəbər sübut hesab edilən cavabdehin etirafedici izahatı ilə sübuta yetirlmişdir. Lakin iddiaçı tərəfindən Cavabdeh2 borc pul verməsi, həmin borcun verilməsi zamanı cavabdehin iştirakı ilə bağlı heç bir tutarlı sübut məhkəməyə təqdim olunmadı. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikasının Alı Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 6.6-cı bəndində qeyd edilmişdir ki, iddiaçı məhkəmə iclasında iddianın predmetini və yaxud əsasını dəyişdirdikdə, iddianın həcmini artırıb-azaltdıqda, cavabdeh iddianı tam və ya qismən etiraf etdikdə, bu barədə qətnamədə qeyd edilməli, məhkəmənin bununla razılaşıbrazılaşmamasının səbəbləri qətnamənin əsaslandırıcı hissəsində şərh edilməlidir. Məhkəmə cavabdehin iddianı tam qəbul etməsi ilə razılaşır və bununla bağlı qeyd edir ki, cavabdehin iddiaçıya borclu olması barədə etirafını təkzib edən heç bir hal və şübhə məhkəmə tərəfindən müəyyən olunmamış və məhkəmə onun etirafının tam səmimi olması qənaətindədir. Lakin tərəflərin məhkəmə iclasında verdiyi izahatlarıdan da bəlli olur ki, digər Cavabdeh2 iddiaçıdan pul almamış, 2.500 manat pul ancaq Cavabdeh1aya verilmişdir. İddiaçı Cavabdeh2 pul tələb etməsinin səbəbini onun digər Cavabdeh1anın arvadı olması və pulu birlikdə xərcləməsi ilə əsaslandırmışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbinin Cavabdeh2 aid hissəsi əsassızdır və Cavabdeh2 tərəfindən iddiaçıdan pul alınması ilə bağlı İddiaçı tərəfindən məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim olunmamış, həmin fakt məhkəmədə öz təsdiqini tapmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməlidir. Tətbiq edilən hüquq: «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi» haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddənin şərhinə görə tərəflər əşyanı alıcya verdikdən müəyyən müddət sonra real ödənilməsini tələb edə bilər. Əşyanın ödənilməsi halında müqavilənin əsas şərti olan ödənilmiş əşyanın alıcıya verilməsi vəzifəsinin icrası satıcının üzərinə düşdüyü halda, əşyaların nisyə satışında əsas şərt olan ödənilmədən qəbul edilmiş əşyanın ödənilməsi vəzifəsi alıcının üzərinə düşür. Mülki Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.3-cü maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 441.2-ci maddəsinə əsasən mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Şərh olunan maddəyə əsasən qarşılıqlı icra dedikdə, tərəflərdən birinin öz öhdəliyini icra etməsi, digər tərəfin isə öz öhdəliklərinin icrası etməsi anlaşılır. Göründüyü kimi qarşılıqlı icra iki öhdəlikdən ibarətdir. Burada öhdəliklərin birində kreditor olan şəxs, ikinci öhdəlikdə borclu olur, öhdəliklərin birində borclu olan şəxs, ikinci öhdəlikdə kreditor olur. Buna görədə şərh olunan maddədə bunlardan biri mükəlləfiyyətli tərəfi, digəri isə üzərinə qarşılıqlı icra düşən tərəfdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. «Elektron məhkəmə» informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 106.4-cü maddəsinə əsasən məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Burada əsas məqam ondan ibarətdir ki, qətnamədə məhkəmənin gəldiyi nəticənin maddihüquqi əsası kimi işə baxan zaman deyil, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına istinad edilməlidir. Qətnamədə prosessual hüquq normalarına uyğunluğu məsələsi həll olunarkən məhz işin baxılması zamanı yəni müvafiq prosessual hərəkətlərin icra edildyi vaxt qüvvədə olan prosessual hüquq normaları rəhbər tutulmalıdır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamənin əsaslığı onun iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərə uyğun olmasında ifadə olunur. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 2.500 manat pul və ödənilmiş 45 manat dövlət rüsumu alınaraq İddiaçı verilməli, iddia Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 2.500 manat pul və ödənilmiş 45 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia Cavabdeh2 münasibətdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №2(024)-295/2025
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-295/2025
29.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver