Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-315/2023 16.05.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2006-cı il tarixdə doğulmuş X3 və xx.xx.2010-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması və maddi cəhətdən təmin edilməsi üçün Cavabdeh tutulan cəmi 160 manat alimentin artırılaraq hər ay hər bir uşaq üçün 220 manat məbləğin müəyyən edilməsi və cavabdehdən alınaraq özünə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, o, Cavabdeh ilə nikahlarını qeyd etdirməklə evlənmişdir. Birgə nikahdan onların xx.xx.2006-cı il tarixdə doğulmuş X3 və xx.xx.2010-cu il tarixdə doğulmuş X4 adlı uşaqları var. Münasibətləri pozulduğundan onlar həm rəsmi həm faktiki olaraq ayrılmışlar. Qax rayon Məhkəməsinin qətnaməsinə əsasən Cavabdeh xx.xx.2006-cı il tarixdə doğulmuş X1 və xx.xx.2010-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 80 manat sabit pul məbləğində alimentin tutulub özünə ödənilməsi qət edilmişdir. Hazırda o heç bir yerdə işləmir. Cavabdeh isə alimentdən başqa heç bir maddi köməklik göstərmir. Cavabdehin uşaqlara ödədiyi cəmi 160 manat aliment uşaqların heç bir ehtiyacını ödəmir. Ona görə də məhkəmədə alimentin miqdarının artırılması haqda iddia qaldırmışdır. Göstərdiklərini nəzərə alaraq məhkəmədən xx.xx.2006-cı il tarixdə doğulmuş X3 və xx.xx.2010-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması və maddi cəhətdən təmin edilməsi üçün Cavabdeh tutulan cəmi 160 manat alimentin artırılaraq hər ay hər bir uşaq üçün 220 manat məbləğin müəyyən edilməsi və cavabdehdən alınaraq özünə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək göstərdi ki, alimentin artırılmasına razı deyil. Belə ki, məhkəmə tərəfindən uşaqların saxlanılması üçün ona hər ay hər bir uşaq üçün 80 manat aliment kəsilmişdir. Təyin edilmiş alimenti işi olmasa da çox çətinliklə hər ay vaxtında ödəmişdir. İddiaçının hazırda tələb etdiyi alimenti ödəməyə onun maddi imkanı yol vermir. İkinci dəfə evlənmişdir və ikinci nikahdan üç övladı var. O hər uşaq üçün hər ay 100 manat aliment verə bilər. Odur ki, iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə toplanmış materialları araşdıraraq belə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Qax rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(024)-102/2019saylı qətnaməsi ilə xx.xx.2006-cı il tarixdə doğulmuş X3 və xx.xx.2010-cu il tarixdə doğulmuş X4 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 80 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı uşaqlar böyüdüyü üçün və xərcləri artdığı üçün uşaqların saxlanması üçün ödənilən alimentin miqdarının artırılması tələbi ilə hazırkı iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırki iş üzrə qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycanda 2023cü il üçün yaşayış minimumu haqqında» Qanunda uşaqların saxlanması üçün 220 manat məbləğ müəyyən edilməsinə baxmayaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsi valideynlərin öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmasını müəyyən etmişdir. Odur ki, uşaqların qayğısına qalmaq və ehtiyaclarını təmin etmək hər iki valideynin üzərinə qoyulmuş vəzifə və mənəvi borcdur. Belə olan halda uşağın saxlanması üçün nəzərdə tutulmuş 220 manat məbləğə də ümumilikdə hər iki valideynin öhdəliyi kimi yanaşılmalıdır. Həmin məbləğin bir valideynin üzərinə qoyulması cavabdehin maddi vəziyyətinə və Ailə Məcəlləsinin 56.1-ci maddəsinin tələblərinə uyğun deyildir. Belə olan halda məhkəmə cavabdehdən uşaqların saxlanması üçün tutulan alimentin miqdarının artırılaraq hər ay hər bir uşaq üçün 130 manat sabit pul məbləğində müəyyən edilməsini qanuna müvafiq hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndin əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. İnsan Hüquqlarına Dair Ümumi Bəyamnamənin 25-ci maddəsinin 2-ci bəndinə əsasən Analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. Həm nigah nəticəsində, həm də nikahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının qanununun 8-ci maddəsinə əsasən Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin qanunun 13-cü maddəsinə əsasən Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maliyyə vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Həmin məcəlləsinin 78.1-ci maddəsinə uyğun olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi alimentin müəyyən olunmuş miqdarı yalnız o halda dəyişə bilər ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hər hansı dəyişiklik olsun. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 №-li Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Buna görə də, məhkəmə qeyd edir ki, hazırki halda alimentin artırılmış miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2006-cı il tarixdə doğulmuş X3 və xx.xx.2010cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı bir uşaq üçün ödədiyi 80 manat alimentin məbləği artırılaraq hər ay hər bir uşaq üçün 130 manat sabit pul məbləğində müəyyən edilməli və alimentin tutulması qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanmağa başlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Qeyd edilən hüquq normasına əsasən məhkəmə qərara gəlir ki, bir il ərzində ödəmənin məcmusu nəzərə alınmaqla cavabdehdən 32 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia qismən təmin edilsin. xx.xx.2006-cı il tarixdə doğulmuş X3 və xx.xx.2010-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı bir uşaq üçün ödədiyi 80 manat alimentin məbləği artırılaraq hər ay hər bir uşaq üçün 130 manat sabit pul məbləğində müəyyən edilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. Cavabdeh 32 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev
Məhkəmə qərarları › İş №2(024)-315/2023
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-315/2023
16.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver