Məhkəmə qərarları › İş №2(024)-333/2024

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-333/2024

22.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-333/2024 22.10.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi (böyük məsləhətçi) Quliyev Elçin Feyzullah oğlunun katibliyi. İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maddi ziyan və əldən çıxmış fayda» tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı “maddi ziyan” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «maddi ziyan və əldən çıxmış fayda» tələbinə dair ilkin iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 2055 (iki min əlli beş) manat məbləğində maddi zərərin, dəymiş maddi zərərə görə əldən çıxmış faydanın əvəzi olaraq 3000 (üç min) manat məbləğinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 71 (yetmiş bir) manat dövlət rüsumunun, cəmi 5126 (beş min bir yüz iyirmi altı) manat pulun alınaraq ona ödənilməsi, Cavabdeh İddiaçı qarşı məhkəməyə «maddi ziyan» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək İddiaçı ona vurulmuş 8000 (səkkiz min) manat maddi ziyandan cavabdehə dəymiş 2055 (iki min əlli beş) manat maddi ziyanın çıxılması və 5945 manat maddi ziyanın və ödənilmiş 81 manat dövlət rüsumunun alınıb özünə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2023-cü il tarixdə təxminən saat 18:30 radələrində idarə etdiyi “VAZ 2107” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qax şəhəri istiqamətindən Zaqatala rayon istiqamətində qanunvericilikdə nəzərdə tutulan həddə hərəkətdə olarkən idarə etdiyi avtomobilin qarşısına anidən 6-7 ədəd iribuynuzlu heyvan çıxmış, bir baş inək digərlərindən daha sürətlə nəzarətsiz olaraq qaçaraq yola çıxmış, idarə etdiyi avtomobilin sürətinin 60 km olmasına baxmayaraq avtomobil ilk öncə nəzarətsiz qalan bir baş inəyə dəymiş, sonradan isə nəzarətsiz olaraq yolu sürətlə keçən digər inəyə dəymişdir. Hadisə baş verən zaman hava qaranlıq olmuş, həmin iri buynuzlu heyvanların sahibi avtomobilinin içərisinə fanarla işıq salmışdır. Həmçinin bildirmək istərdi ki, avotomobillə hərəkət etdiyi yolda heyvanların keçirilməsi ilə bağlı heç bir dövlət yol işarəsi olmamışdır. Bundan başqa Qax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(024)-40/2024 saylı qərarından da görünür ki, Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Həmin qərarda da Cavabdeh təqsirli olaraq ona 2055 (iki min əlli beş) manat məbləğində maddi ziyan vurmuşdur. Qeyd edir ki, özünə məxsus avtomobillə şəxsi işinə gedib gəlirdi və gündəlik 45-50 manat civarında qazanc əldə edirdi. Yalnız Qax rayonu ərazisində deyil, Balakən-Şəki, Mingəçevir və digər rayonlara gedərək işi ilə əlaqədar olaraq verilən tapşırıqları yerinə yetirirdi. Qeyd olunan həmin hadisədən sonra iddiaçı həm işini, həm də avtomobilini itirmişdir. Hadisənin törədildiyi vaxtdan isə 4 aya yaxın vaxt keçmişdir və heç bir qazanc əldə edə bilməmiş, əksinə maddi durumu daha da pisləşmişdir. Hal-hazırda gündəlik qazancının ən azından yarısını əldən çıxmış fayda olaraq cavabdehdən tələb etmək qərarına gəlmişdir. Gündəlik 25 (iyirmi beş) manat olmaqla bu günə 3000 (üç min) manatdan çox gəlir əldə edəcəyi təqdirdə edə bilməmişdir. Buna baxmayaraq Cavabdeh öz təqsirini bildiyi halda könüllü olaraq ona dəymiş maddi ziyanı və əldən çıxmış faydanı ödəmir. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərini müdafiə edərək əlavə olaraq onu da göstərdi ki, Cavabdeh özünə məxsus iribuynuzlu heyvanları yola buraxılmama saatında və heyvanların keçirilməsi üçün nəzərdə tutulmuş keçid yerindən yox, asfalt örtüyündən keçirmişdir. O, sürət həddinə riayət etdiyi halda gecə vaxtı olduğu üçün heç nə görməmişdir. İribuynuzlu heyvanlar qəfildən onun avtomobilinin qarşısına çıxmışlar. Heyvanın birini avtomobilinin hərəkət etdiyi yol zolağında vurmuşdur. Çünki heyvanların sayı bir-iki baş deyildir ki, birini sağda, digərini solda vursun. Cavabdeh meşədən asfaltın ortasına bir sığır mal çıxarmışdır. Avtomobili qəzadan yayındıra bilməmiş, əyləci basmağa vaxt tapa bilməmişdir. Məcbur olaraq yaxın vuran işıqlarla hərəkət etmişdir, çünki qarşı istiqamətdən yük avtomobili gəlmişdir. Yük avtomobili keçən kimi cavabdeh malları avtomobil yoluna çıxarmışdır. O, 60 km/saat sürətlə hərəkət etmiş, heyvanları görməmişdir. Avtomobildə tək olmuş, başqa sərnişin olmamışdır. Yol nişanının tələblərinə uyğun sürətlə hərəkət etmişdir. Həm də yol şəraiti elə olmuşdur ki, sürətlə hərəkət etmək mümkün olmamışdır. Qarşılıqlı iddia ilə bağlı deyə bilər ki, haqsızlıqdır. Çünki cavabdeh malları ona verməmiş, kəsib ətini götürmüş və satmışdır. Əgər təqsir onda olsaydı belə, mallar onun olmalı idi. Cavabdeh malı kəsib satmış, haqsız olaraq da ondan pul tələb etməkdədir. Cavabdehin malını damda yox, magistral yolda vurmuşdur. Hadisə Qax-Zaqatala avtomobil yolunda baş vermişdir. Hadisə ilə bağlı özünün barəsində də protokol tərtib olunmuş və cərimə edilmişdir. Düz yolda manevr qaydalarını pozduğuna görə cərimə olunmuşdur. Düz yolda manevr qaydalarını poza bilməzdi. Çünki iribuynuzlu heyvanları öz hərəkət yolunda vurmuşdur. Yol polisi ilə aralarında olan məhkəməylə bağlı isə ona nə bildiriş gəlmiş, nə da çağırılmamışdır. Məhkəmə olduqdan 10 gün sonra ona bildiriş gəlmişdir. Müstəntiqin qərarından prokurorluğa şikayət vermiş, prokuror tərəfindən həmin qərar ləğv olunaraq başqa müstəntiqə verilmişdir. Sürət həddini aşma ilə bağlı qərar ləğv olunmuşdur. Çünki müstəntiq düzgün qərar qəbul etmədiyi üçün qərardan prokurora şikayət vermişdir. Yol şəraiti elə idi ki, orada sürət həddini aşmaq mümkün deyildir. Həmçinin idarə etdiyi avtomobilin mühərriki nasaz olduğu üçün 60 km-dən yüksək sürətlə idarə olunması mümkün deyildir. Ekspertiza təyin olunmuş, lakin ekspertizanın təyin olunmasından məlumatı olmamış, ekspert gəlib-getmişdir. O xəstəxanada olmuş, bütün hər şeydə onu günahkar çıxarmaq istəmişlər. Ekspert rəyinin verilməsinə səbəb olan qərar ləğv edilmişdir. Hər bir halda haqlıdır. O, sürət həddini aşmamışdır. Sürət həddini aşıb malları vursaydı belə haqlı olardı, çünki hadisə baş verən yerdən mallar keçməməlidir. Yolu düz olsaydı, yaxud malları görsəydi, malları vurmazdı. Baş vermiş qəzadan sağ çıxmaya bilərdi. Avtomobildən sağ çıxmağı da möcüzə idi. Cavabdeh malını evində, həyətində, yaxud kəndin içərisində vurmamışdır ki, gedib ona pul ödəsin. Malların keçirilməsi üçün nəzərdə tutulmayan yerdə onları vurmuşdur. Cavabdehin ona razılaşmaq barədə təklif etməsi ilə bağlı göstərdiklərinə cavab olaraq bildirir ki, cavabdeh doğru danışmır. Çünki o avtomobildən düşəndə cavabdeh qaçırdı. İdrisi tutub saxlayan zamanı Cavabdeh “DİN-nin 102 xidmətinə zəng etmiş, özü isə yol polisinə məlumat vermişdir. Bundan sonra isə həmkəndlisinə zəng etmişdir ki, gəlib çatsınlar. Çünki sinəsinin üzərində xəsarətlər yaranmış, gözü şüşə ilə dolmuşdur. Düzgün görə bilməmişdir. Özü hər deyəndə həkimə müraciət edən deyil, heç bilmir ki, kim təcili tibbi yardıma zəng etmişdir. Onu zorla həkimə göndərmişlər. Cavabdehdən ona dəymiş ziyan və əldən çıxmış faydanı tələb edir. Hadisə 2023-cü ilin dekabr ayında baş vermişdir. Həmin vaxtdan hər ay 600 manat pul tələb edir. Qarşılıqlı iddianı qəbul etmir. İlkin iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində özünə məxsus olan mal-qaranı nəvəsi Mustafa ilə birlikdə otlaq sahəsindən evə apararkən Qapıçay çayının üstündə olarkən Qax şəhəri istiqamətində bir ədəd “VAZ 2107” markalı avtomobil yüksək sürətlə hərəkət edərək onun bir baş malını vurmuş, bundan sonra maşın fırlanaraq o biri yoldakı inəyi də vuraraq öldürmüşdür. Cavabdeh idarə etdiyi avtomobillə “X9” Azərbaycan Respublikasının qanununun 36-cı maddəsinin 1-ci hissəsinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmuşdur. İşə Qax rayon Polis Şöbəsində baxılmış və iş üzrə avtotexniki ekspertizası təyin edilmişdir. Qax rayon Polis Şöbəsinin İQ-nun müstəntiqi Polis kapitanı Zöhrab Abdullazadənin xx.xx.2024-cü il tarixli qərarı ilə material üzrə Cinayət işinin başlanması rədd edilmişdir. Hadisə nəticəsində iki baş inəyini maşın vurub öldürmüş və ona 8000 manat məbləğində maddi ziyan dəymişdir. Cavabdeh bu hərəkəti ilə İXM-nin 327.1 və 328.1-ci maddələrinin tələbini pozmuşdur. Cavabdeh ondan hazırda hadisə ilə bağlı avtomobilə dəymiş ziyana görə 2055 manat, əldən çıxmış faydaya görə 3000 manat, 17 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 5116 manat pul tələb edir. Hesab edir ki, cavabdeh belə iddia tələbi ilə məhkəməyə müraciət etməldə haqlı deyil, İddiaçı əldən çıxmış faydanı təsdiq edən heç bir sübut təqdim etməmişdir. Cavabdeh hazırda ona dəymiş ziyanı ödəməkdən imtina edir. Qarşılıqlı iddia üzrə iddiaçı bu tələblə məhkəməyə müraciət edərək 81 manat dövlət rüsumunu da cavabdehdən tələb edir. Məhkəmə iclasında Cavabdeh qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq onu da göstərdi ki, İddiaçı nə danışırsa yalandır. Hadisə baş verən gün malları qoruğa salmış və 2 nəfər qoruqdan evə gətirən zaman Səxavətin idarə etdiyi avtomobilin sürəti olduqca yüksək olmuşdur. Səxavət avtomobilin idarəetməsini itirmiş, əvvəlcə sağ tərəfdə iribuynuzlu heyvanın birini vurmuş, sonra isə 20-30 metr sol yola çıxıb gəldikdən sonra sol tərəfdə olan malı vurmuşdur. Bundan sonra onun mobil telefonu olmadığına görə, daha doğrusu telefondan istifadə edə bilmədiyi üçün Səxavətdən polisə zəng etməsini xahiş etmişdir. Səxavətə razılaşmalarını təklif etmiş, Səxavət razılaşmamış, onun maşınını alıb vercəyəni demişdir. Səxavət əvvəlcə Güllük kəndində yaşayan qohumlarına zəng etmiş, polisə isə xeyli gec zəng etmişdir. Polis gəlib yazmış, sonra məhkəməyə vermişlər. Guya prokuror tərəfindən onun heç nədən məlumatı olmadan, çağırılmadan Səxavət qərarı ləğv etdirmişdir. Səxavət yalan danışır, belə ki heç bir yerdə işləməmişdir. Səxavətin avtomobili çox sürətlə gəlmişdir. Ona məxsus heyvan asfaltın üzərində yox, yolun kənarında olmuşdur. O da malın arxasında dayanmış, Səxavətin avtomobilinin onu vurmasına çox az qalmışdır. Əgər Səxavət malları vurmasaydı avtomobili ilə meşəyə girəcəkdi. Təklifi odur ki, tələb etdiyi 8000 (səkkiz min) manat məbləğdən Səxavətə dəymiş 1770 manat ziyan məbləği çıxılsın, qalan pul Səxavət tərəfindən ödənilsin. Qax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(024)-40/2024 nömrəli qərarından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində Qax rayonu Güllük kəndi ərazisində özünə məxsus iribuynuzlu malı yolda nəzarətsiz qoyduğu və nəticədə qəflətən İddiaçı idarə etdiyi “VAZ 2107” minik marklı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmış, nəticədə iribuynuzlu mal avtomobillə toqquşaraq həmin avtomobilin sahibinə maddi ziyan vurmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/5997 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli qüsur aktında “VAZ 2107” minik markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və təmir-bərpa xərcinin 1770.00 manat məbləğində olduğu müəyyən edilmişdir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki. iş üzrə ekspertiza xərci 50 (əlli) manat təşkil edir. Qax rayon İstehsal-İstehlak Korperativinin verdiyi xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 2023-cü ilin dekabr ayı üçün 1 ədəd 4 yaşında diri çəkisi 800 kq olan, cins, iribuynuzlu heyvanın (inəyin) və 1 ədəd 5 yaşında diri çəkisi 700 kq olan cins, iribuynuzlu heyvanın (inəyin) ümumilikdə orta bazar qiyməti 8000 (səkkiz min) manat təşkil edir. xx.xx.2024-cü il tarixli 18930 nömrəli qəbzdən görünür ki, iddiaçı qiymətləndirilən iddia ərizəsinin verilməsi üçün məhkəmənin hesabına 71 (yetmiş bir) manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Qax RPŞ-nin istintaq qrupunun müstəntiqi polis kapitanı X2 cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, İddiaçı əməlində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin tərkibi yaranmadığından onun barəsində material üzrə cinayət işinin başlanması rədd olunmuş, onun Azərbaycan Respublikası İXM-nin 327.1-ci (manevr qaydalarının pozulmasına görə) və Azərbaycan Respublikası İXM-nin 328.1-ci (yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə) maddələri üzrə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Qax RPŞ-nin DYPB-nə göndərilmişdir. İşdə olan məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizasının xx.xx.2023-cü il tarixli 8/3700 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “VAZ 2107” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı hərəkətlərində “X9” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü İddiaçı “VAZ 2107” markalı avtomobili yaşayış məntəqəsində icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “X9” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Lakin işə əlavə edilmiş Qax rayon prokuroru ədliyyə müşaviri Rəşad Bəşirovun 16 fevral 2024-cü il tarixli qərarının surətindən görünür ki, Qax RPŞ-nin istintaq qrupunda toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 13 yanvar 2024-cü il tarixli qərarı ləğv edilməsi və həmin materialın Qax rayon polis şöbəsinə göndərilməklə tam, hərtərəfli və obyektiv araşdırma aparılaraq qanuni və əsaslı qərar qəbul edilməsi təmin edilməsi və material üzrə əlavə araşdırmanın aparılmasının Qax RPŞ-nin istintaq qrupuna həvalə edilməsi qərara alınmışdır. Eyni zamanda iş materiallarında olan Qax RPŞ-nin istintaq qrupunun müstəntiqi polis kapitanı X5 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 19 fevral 2024-cü il tarixli qərarının surətindən görünür ki, Qax RPŞ-nin İstintaq Qrupunun müstəntiqi, polis kapitanı Zöhrab Abdullzadə tərəfindən 13 yanvar 2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, lakin 13 yanvar 2024-cü il tarixli qərar qanunsuz və əsassız olduğundan Qax rayon prokuroru, ədliyyə müşaviri Rəşad Bəşirov tərəfindən 16 fevral 2024-cü il tarixli qərarla ləğv olunmuş, material üzrə əlavə araşdırma aparılıb qanuni və əsaslı qərar qəbul edilməsi üçün Qax RPŞ-yə geri qaytarılmış və icrası Laçın Ədilova həvalə edilmişdir. X1 izahatında avtomobili 50-60 km/saat sürətlə idarə etdiyini bildirmişdir. Sürücü İddiaçı əməlində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin tərkibi yaranmadığından onun barəsində material üzrə cinayət işinin başlanması rədd olunmuş, barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci (manevr qaydalarının pozulmasına görə) maddəsi üzrə inzibati qaydada tədbir görülməsi üçün qəbul olunmuş qərarın surətinin Qax RPŞ-nin DYPB-nə göndərilməsi iş üzrə nəzərə alınmış, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi inzibati qaydada tədbir görülməsi üçün qəbul olunmuş qərarın surətinin Qax RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmış və Cavabdeh və İddiaçı gələcəkdə hər hansı bir tələbləri olarsa mülki qaydada cavabdehin qeydiyyatda olduğu yer üzrə müvafiq qaydada Qax Rayon Məhkəməsinə müraciət etmək hüquqları izah edilmişdir. Həmin qərarda qeyd olunmuşdur ki, Qax RPŞ-nin İstintaq Qrupunun müstəntiqi, polis kapitanı Zöhrab Abdullazadə tərəfindən məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilərkən İddiaçı sürət məhdudiyyəti düzgün müəyyən edilməmiş və ekspertiza qərarında sürət məhdudiyyəti 70 km/saat kimi göstərilmişdir. Ona görə də, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyində sürücü İddiaçı “VAZ 2107” markalı avtomobili yaşayış məntəqəsində icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “X9” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü İddiaçı avtomobili 50-60 km/saat sürətlə idarə etdiyindən məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyində qeyd olunan həmin xüsusat nəzərə alınmamalıdır. İş materiallarına əlavə edilmiş Qax RİHB-nın Güllük kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2024-cü il tarixli 87 nömrəli arayışdan görünür ki, İddiaçı Qax rayonu Güllük kəndində qeydiyyatda olmaqla yaşayır. İş materiallarına əlavə edilmiş Qax RİHB-nın Güllük kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2024-cü il tarixli 86 nömrəli arayışdan görünür ki, Cavabdeh Qax rayonu Qapıçay kəndində qeydiyyatda olmaqla yaşayır. Qax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(024)-40/2024 saylı qərarından görünür ki, Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. Qax Avtomotoservis Ticarət Müəssisəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 139 nömrəli Aktdan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı ümumilikdə 2055 (iki min əlli beş) manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, baş vermiş hadisə nəticəsində “VAZ 2107” minik markalı **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, ilkin iddia tələbi qismən əsaslı oldğundan qismən təmin edilməli, qarşılıqlı iddia isə əsassız olduğundan rədd edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə qeyd edir ki, iddia tələbinin dəlillərinə görə tərəflər arasında yaranmış mübahisə maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı yaranan mübahisədir və iddia tələbi zərərin əvəzinin ödənilməsini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21ci maddəsi, habelə əlaqəli normalar əsasında həll edilmişdir. İlk növbədə məhkəmə göstərir ki, mülki dövriyyənin normal inkişafı və və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirmələrindən ibarətdir. Müəyyən hallarda mülki hüquq subyektləri müqavilə və ya digər öhdəlikləri yerinə yetirmirlər, ya da lazımınca yerinə yetirmirlər. Bununla da onlar mülki hüquq pozuntuları törətmiş olurlar. Bu cür pozuntuların qarşısının alınması üçün isə mülki qanunvericilik mülki hüquq məsuliyyəti müəyyən edir. Hansı ki, mülki hüquq məsuliyyəti törədilmiş hüquq pozuntusuna görə tətbiq edilən mülki hüquq sanksiyası rolunda çıxış edir. Mülki hüquq məsuliyyəti əmələ gəlmə əsasına görə müqavilə və müqavilədənkənar olmaqla iki növdə olur. İkinci növ ziyan vurmaq nəticəsində əmələ gələn məsuliyyət adlanır və fiziki şəxsin şəxsiyyətinə, əmlakına və işgüzar nüfuzuna zərər vurmaq yolu ilə yaranır. Hazırda da, iddiaçının əmlakına zərər dəyməklə cavabdehin onun qarşısında “delikt – müqavilədənkənar” məsuliyyəti yaranmışdır. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir. Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsində deyilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2023-cü il tarixldə saat 18:30 radələrində Qax rayonu Güllük kəndi ərazisində özünə məxsus iribuynuzlu mal-qaranı yolda nəzarətsiz qoymuş, bundan sonra qəflətən İddiaçı idarə etdiyi “VAZ 2107” minik marklı **-BE- *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmış, nəticədə iribuynuzlu mallar avtomobillə toqquşaraq həmin avtomobilin sahibi İddiaçı maddi ziyan vurmuşdur. Nəticədə iddiaçıya məxsus avtomobilə 1770 (bir min yeddi yüz yetmiş) manat məbləğdə ziyan dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsi üzrə Cavabdeh İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərər çəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. Məhkəmə tərəfindən avtomobilə dəymiş maddi ziyanın hansı məbləğdə olmasının müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və rəy əsasında müəyyən edilmişdir ki, iddiaçıya məxsus olan “VAZ 2107” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1770.00 manatdır. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddələri). Məhkəmə ekspert rəyini MPM-nin 76.2-ci maddəsinə əsasən sübut kimi qəbul edir. Çünki ekspert nəticəyə gələrkən malın (işin, xidmətin) bazar qiyməti və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan, reklam mənbələri məlumatlarından istifadə olunmuşdur. Göründüyü kimi ekspert gəldiyi nəticəni kifayət qədər əsaslandırmış və rəyi müfəssəl tərtib etmişdir. Ona görə də ekspert rəyi mötəbər sayılmalı və sübut kimi qəbul edilməlidir. Məhkəmə yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini işin faktik halları baxımından hüquqi qiymətləndirərək hesab edir ki, ilkin iddia tələbinin qismən təmin edilməsi qanunamüvafiq olar. Çünki, iş materialları ilə Cavabdeh ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətməsi tam sübuta yetirilmişdir. Belə ki, o günün qaranlıq saatlarında görüntünün tam məhdud olduğu şəraitdə avtomobil yolundan malqaranın ötürülməsi nəzərdə tutulmayan yerdən irubuynuzlu mal-qaranı ötürməklə yol-nəqliyyat hadisəsini baş verməsinə, həm də özünə məxsus heyvanların tələf olmasına səbəb olmuşdur. Həmçinin onun təqsirli hərəkəti ucbatından iddiaçıya məxsus avotmobilə dəymiş ziyan ekspert rəyi ilə 1770 manat müəyyən edilmişdir. Belə olan halda iddiaçıya verilməli olan maddi ziyanın məbləği onun özünün tələb etdiyi həddə deyil, rəyə uyğun olmalıdır. Məhkəmə ilkin iddia tələbinin dəymiş maddi zərərə görə əldən çıxmış faydanın əvəzi olaraq 3000 (üç min) manat məbləğdə tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin zərərin əvəzinin ödənilməsi qaydalarını tənzimləyən 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. Məhkəmə diqqətə çatdırır ki, yuxarıda sadalanan maddi hüquq normaları iddia tələbinin maddi ziyanla bağlı hissəsinin qanuni əsasını təşkil edən normalardır. Əgər iddiaçı tərəfindən iddia ərizəsində qeyd olunanlar sübuta yetiriləcəyi halda iddianın təmin edilməsi qanuni əsaslara söykənəcəkdir. Hazırda isə iddiaçı iddia edir ki, avtomibilinə maddi ziyan dəydiyi üçün gəlirdən məhrum olmuşdur. Belə ki, hər gün Azərbaycanınn mütxəlif bölgələrinə gedərək gündəlik 45 manat gəlir əldə etmişdir. Lakin Cavabdeh təqsiri ucbatından yol-nəqliyyat hadisəsi baş verdiyi üçün avtomobilsiz qalmış və həmin gəlirdən məhrum olmuşdur. Ona görə də, cavabdeh ona əldən çıxmış faydaya görə 3000 manat ödəməlidir. İşin bu anında məhkəmə diqqətin Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə yönəldilməsini zəruri hesab edir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mütləq həqiqət - dolğun və bitkin formada olan obyektiv həqiqət deyilir. Mütləq həqiqət elə bir biliyə deyilir ki, elmin və praktikanın sonrakı inkişafının gedişində onu təkzib etmək mümkün olmur. Nisbi həqiqət isə elə bir bilikdir ki, gerçəkliyi əsasən düzgün əks etdirir. Lakin onu dolğun deyil, müəyyən hüdud daxilində, müəyyən şəraitdə və münasibətlərdə əks etdirir. Elmin sonrakı inkişafında bu bilik dürüstləşir. “Həqiqət” anlayışı, həmçinin hüquqda, xüsusilə prosessual hüquqda əhəmiyyət kəsb edən məsələlərdən biridir. Eyni zamanda, bu məsələ ilə bağlı hüquq nəzəriyyəsində və təcrübədə mübahisə doğuran bəzi məqamlar mövcuddur. Bir çox halda hüquqşünasların qarşısında belə suallar meydana çıxır: məhkəmə iş üzrə həqiqəti müəyyən etmək üçün fəallıq göstərməlidirmi və ya məhkəmə tərəflərin öz tələb və etirazlarını sübut etməsi zamanı çəkişmələrini müşahidə etməli və yalnız onlar tərəfindən təqdim olunan sübutlara əsaslanmalıdır? Məhkəmə hansı həqiqəti müəyyən etməlidir, formal və yaxud obyektiv (real) həqiqəti? Konkret mülki işin baxılması və həll edilməsi zamanı həqiqətin müəyyən edilməli olması heç kim tərəfindən və heç bir zaman inkar edilməmişdir. Bu inkar olunarsa, mülki işlərin baxılması və həll edilməsi zamanı tətbiq edilən "ədalət mühakiməsi" anlayışı öz mənasını itirmiş olar. Hüquqi mənada həqiqət, icraatın formasından (konstitusiya, mülki, cinayət, inzibati) asılı olmayaraq, sahələrarası funksional prinsip statusuna malikdir. Bundan əlavə bu prinsip həmin sahənin prinsipləri sistemində xüsusi yer tutur. Tədqiq olunan prinsiplə əlaqədar nəzəriyyədə əsas məsələ mülki işlər üzrə icraatın gedişində məhkəmə tərəfindən müəyyənləşdirilən həqiqətin xarakteridir. Bu məsələnin həlli, çəkişmə prinsipinin mülki işdə hüquqi cəhətdən mühüm əhəmiyyət kəsb edən halların sübut edilməsində tərəflərin və məhkəmənin vəziyyətini müəyyən edən hissəsi ilə sıx əlaqəlidir. Məhkəmə tərəfindən obyektiv, düzgün, ağlabatan qərarın qəbul edilməsi üçün “audiatur et altera pars” – “digər tərəf də dinlənilməlidir” qaydası tətbiq edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə tərəfindən həqiqətin müəyyən edilməsi müddəası konstitusiya norması olmaqla ümumi xarakter daşıyır. Lakin həqiqətin müəyyən edilməsinin məqsəd və qaydası məhkəmə icraatının növündən asılı olaraq fərqlənir. Belə ki, məhkəmə prosesinin mülki, inzibati və ya cinayət işi üzrə olmasından asılı olaraq həqiqətin xarakteri də dəyişir. Konstitusiyanın 127-ci maddəsinə əsaslanan Mülki Prosessual Məcəllənin 9.1 və 9.3-cü maddələrində qeyd edilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 14.1-ci maddəsi məhkəmədən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasını tələb edir. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Göründüyü kimi, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlosakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olubolmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı iddiasının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tərəfindən hansı işlə məşğul olması, gündəlik hansı məbləğdə gəlir əldə etməsi, işinin avtomobillə bağlı olmasına dair mötəbər sübutlar təqdim edilməmişdir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli qərarında qeyd edilir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, həmin tələb əsassızdır. Cavabdeh məxsus iki baş iribuynuzlu heyvanların tələf olması nəticəsində ona 8000 (səkkiz min) manat məbləğində maddi ziyan dəyməsi İddiaçı təqsiri ucbatından deyil, Cavabdeh mal-qaranı nəzarətsiz qoyması nəticəsində özünün təqsiri ucbatından baş vermişdir. Ona görə də, Cavabdeh qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Hazırki işdə isə Cavabdeh mal-qaranı sutkanın qaranlıq vaxtı qaytararkən, heyvanları asfalt yola çıxarmaqla və mal-qaranın keçirilməsi üçün nəzərdə tutulmayan yoldan keçirməklə yol nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuş, nəticədə iddiaçıya məxsus avtomobilə maddi ziyan dəymişdir. Beləliklə Cavabdeh təqsirli hərəkətləri nəticəsində iddiaçının əmlakına zərər yetirilmişdir. Halbuki, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh mal-qaranı qaranlıq vaxtı keçid üçün nəzərdə tutulmayan asfalt yola çıxarmaqla mal-qaranın tələf olması ilə nəticələnən hadisədən əlavə, öz həyatı və sağlamlığı üçün təhlükə yaradacaq hərəkət törətmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli qərarında həmçinin qeyd olunur ki, Yüksək təhlükə mənbəyinin sahibinin üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyi hüquq nəzəriyyəsində “təhlükə məsuliyyəti” adlandırılır. “Təhlükə məsuliyyəti” anlayışı cəmiyyətdə elm və texnikanın, sənayenin inkişafı nəticəsində insanların qanunla qorunan mənafelərinin pozulma riskinin də artması ilə əlaqədar formalaşmışdır. Obyektiv, fiziki xüsusiyyətlərindən irəli gələrək ətrafdakılara zərər yetirmək təhlükəsi, ehtimalı yüksək olan əşya, habelə fəaliyyət növü sahibləri təqsirsiz olsalar belə, bu fəaliyyətdən, əşyanın istifadəsindən irəli gələn zərərlərə görə məsuliyyət daşıyırlar. Qanunverici ətrafdakılar üçün təhlükəli olan əşyanın sahibinin və ya fəaliyyət növü ilə məşğul olan şəxsin bu təhlükədən məlumatlı olmasına baxmayaraq, riski öz üzərinə götürərək əşyadan istifadə etməsi və ya fəaliyyət növü ilə məşğul olması səbəbindən üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyinin də onun üzərinə qoyulmasını məqsədəmüvafiq hesab etmişdir. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir. Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. O da nəzərə alınmalıdır ki, zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti zamanı məhz onun təhlükəli xüsusiyyətlərindən irəli gələrək baş vermiş olmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi ziyanın əvəzi kimi 1770 (bir min yeddi yüz yetmiş) manat məbləğdə pul alınaraq İddiaçı verilməli, ilkin iddia tələbi qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia ərizəsi əsassız olduyğundan rədd edilməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq dövlət büdcəsinə ödənilmiş 71 manat pulun 37.70 (otuz yeddi manat yetmiş qəpik) manatı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq cavabdehdən alınaraq iddiaçıya verilməsi və 33.30 (otuz üç manat otuz qəpik) manat hissəsi isə İddiaçı aid edilməlidir. Bundan başqa iş üzrə ekspertiza xərcinin əvəzi kimi 50 (əlli) manat pul cavabdehdən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Cavabdehin qarşılıqlı iddianın verilməsi üçün ödədiyi 81 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İlkin iddia tələbi qismən təmin edilsin. Cavabdeh avtomobilə vurulmuş ziyana görə 1770 (bir min yeddi yüz yetmiş) manat pul alınaraq İddiaçı verilsin. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 71 (yetmiş bir) manat pulun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 37.70 (otuz yeddi manat yetmiş qəpik) manatının əvəzi Cavabdeh alınaraq İddiaçı verilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ekspertiza xərci cavabdehə aid edilməklə, 50 (əlli) manat məbləğdə pul Cavabdeh tululub Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kod-142595, büdcə səviyyəsinin kodu-3, SAP(XİİS) hesabı, adı-X3, kodu 210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN **********, Hesab-AZ34CTRE********************) saylı hesabına keçirilsin. Qarşılıqlı iddia tələbi təmin edilməsin. Cavabdehin qarşılıqlı iddianın verilməsi üçün ödədiyi 81 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar