Məhkəmə qərarları › İş №2(024)-354/2025

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-354/2025

10.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-354/2025 10.07.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövən qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 40.000 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehi 20 ildir ki tanıyır. İlk dəfə o ondan uzun illər öncə borc bul almış və borcu dediyi vaxt qaytarmışdır. Sonralar da ona pul vermiş və aralarında heç bir problem olmamışdır. İki il əvvəl cavabdeh ona Bakı şəhərində ev alması ilə bağlı ona borc verməsini xahiş etdi. O, cavabdehin səmimiliyinə inanaraq hissə-hissə 40.000 manat pulu ona vermişdir. Cavabdehə dəfələrlə borcu qaytarmasına dair xəbərdarlıq etmiş, lakin borcu hələ də ödənilməmişdir. O, sonradan öyrənmişdir ki, cavabdeh başqa şəxslərin də inamından istifadə edərək onlardan pul almış və ödəməmişdir. Cavabdeh almış olduğu borcları tezliklə qayıtaracağı barədə ona həmişə deyir. Onunla Watsap yazışmasını da əlavə edir. Növbəti dəfə o cavabdehdən pul istəyəndə onu hədələmiş və «bax sənin başına nə oyun açaram dedi». Həmin gün o başa düşmüşdür ki, cavabdehin ona pul qaytarmaq niyyəti yoxdur və məhkəməyə müraciət etməyə qərara almışdır. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: Cavabdeh etirazında göstərmişdir ki, tanışı əvvəldən daima borc aldığı şəxs İddiaçı onu Qax rayon Məhkəməsinə 40.000 manat pul tələbinə dair ərizə vermişdir. O, həmin iddia ilə razi deyil, çünki cavabdehdən 40.000 manat borc pul almamışdır. R.M. Dursunovadan ən son 2022-ci il sonlarında 300-350 manat borc pul almışdır. Ona əvvəlcədən borc pul vermiş, o da alıb qaytarmışdır. 2020-ci il tarixdə 4.000 dollar ona borc pul vermiş və daha sonra xırda-xırda olmaqla 2.000 manat əlavə borc pul almışdır. Həmin borcları qaytara bilməməsinin səbəbi 2021-ci ildə Qax rayonu, Zəyəm kəndində yaşadığı özünə məxsus fərdi yaşayış evi tamamilə yanıb-kül olmuşdur. Həmin hadisədən sonra bütün kənd camaatı və Qax rayon İcra Hakimiyyəti də ona kömək edərək evni yenidən tikmişdir. Ondan sonra 4.000 dollar borcu ödəyə bilməmişdir. Digər borclar elə olub artmışdır. Ərizədə yazdığı bəzi ifadələr cəfəngiyyatdır. O, hər dəfə onunla telefonla və vatsapda danışarkən daima borcu olduğunu etiraf etmişdir. Onun ona qarşı qaldırmış olduğu 40.0000 manat pul tələbinə dair iddiasını qismən qəbul edir. Onun İddiaçı 4.000 dollar və 2.000 manat borcu vardır və onun qaytaracağına söz verir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdii və əlavə olaraq göstərdi ki, cavabdeh ondan borc istəmiş, o da inanıb borc vermişdir. Cavabdeh həmişə onun hörmət etdiyi adamdır. Əvvəllər borc verdiyi pulları geri aldığı və cavabdehə və cavabdehə inandığı üçün sonra da ona borc pul vermişdir. Lakin sonuncu dəfə borc aldıqdan sonra uzun sürmüş, illər aşmış və cavabdeh onun borcunu qaytarmamışdır. O da məcbur olaraq məhkəməyə müraciət etmişdir. Cavabdeh əvvəlcədən ona verilən borcları geri qaytarmışdır. Cavabdehin aldığı pulları o bir-bir tarixi ilə qeyd etmişdir. Kim gəlib pulları ondan aparmışdır, həmin adamlar da cavabdehin dostlarıdır. Hamsının adı siyahıda var. O, nə üçün kimdənsə artıq pul tələb etməlidir?. O, cavabdehə inanmışdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirakı təmin olunmamış, lakin cavabdeh məhkəməyə teleqramla müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları: Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, 10 mart 2025-ci il tarixli ********** №-li qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 210 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödəmişdir. AZE ******** №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 rayonu Tasmalı kəndində qeydiyyatdadır. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında borc münasibətləri yaranmış, cavabdeh vədinə əməl etməyərək iddiaçıya olan borcunu qaytarmamışdır. Bu səbəbdən iddiaçı cavabdehdən 40.000 manat məbləğdə pul tələb etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, hər bir şəxs iddia tələbi ilə məhkəməyə müraciət etdikdə, tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. İddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Cavabdeh məhkəməyə göndərdiyi elektron etirazında iddiaçıya borcu olduğunu qismən etiraf edərək ona 4.000 ABŞ doları və 2.000 manat məbləğində borcunu olduğunu göstərmişdir. Beləliklə cavabdehin Cavabdeh iddiaçıya 4.000 ABŞ doları və 2.000 manat borcunun olmasını əks etdirən elektron etriaz ərizəsi ilə birbaşa sübuta yetirilmişdir. Beləliklə də, məhkəmə iclasında işin faktiki halları, işdə olan əsaslı və mötəbər sübut hesab edilən cavabdehin qismən etirafedici etiraz ərizəsi ilə sübuta yetirlmişdir. Lakin iddiaçı tərəfindən cavabdehnə 40.000 manat borc pul verməsi ilə bağlı heç bir tutarlı sübut məhkəməyə təqdim olunmadı. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikasının Alı Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 6.6-cı bəndində qeyd edilmişdir ki, iddiaçı məhkəmə iclasında iddianın predmetini və yaxud əsasını dəyişdirdikdə, iddianın həcmini artırıb-azaltdıqda, cavabdeh iddianı tam və ya qismən etiraf etdikdə, bu barədə qətnamədə qeyd edilməli, məhkəmənin bununla razılaşıbrazılaşmamasının səbəbləri qətnamənin əsaslandırıcı hissəsində şərh edilməlidir. Məhkəmə cavabdehin iddianı qismən qəbul etməsi ilə razılaşır və bununla bağlı qeyd edir ki, cavabdehin iddiaçıya 4.000 ABŞ dolları və 2.000 manat borclu olması barədə etirafını təkzib edən heç bir hal və şübhə məhkəmə tərəfindən müəyyən olunmamış və məhkəmə onun etirafının tam səmimi olması qənaətindədir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıdan 40.000 manat borc pul alınması ilə bağlı İddiaçı tərəfindən məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim olunmamış, həmin fakt məhkəmədə öz təsdiqini tapmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməlidir. Tətbiq edilən hüquq: «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi» haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Mülki Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 441.2-ci maddəsinə əsasən mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Şərh olunan maddəyə əsasən qarşılıqlı icra dedikdə, tərəflərdən birinin öz öhdəliyini icra etməsi, digər tərəfin isə öz öhdəliklərinin icrası etməsi anlaşılır. Göründüyü kimi qarşılıqlı icra iki öhdəlikdən ibarətdir. Burada öhdəliklərin birində kreditor olan şəxs, ikinci öhdəlikdə borclu olur, öhdəliklərin birində borclu olan şəxs, ikinci öhdəlikdə kreditor olur. Buna görədə şərh olunan maddədə bunlardan biri mükəlləfiyyətli tərəfi, digəri isə üzərinə qarşılıqlı icra düşən tərəfdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. «Elektron məhkəmə» informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 106.4-cü maddəsinə əsasən məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Burada əsas məqam ondan ibarətdir ki, qətnamədə məhkəmənin gəldiyi nəticənin maddihüquqi əsası kimi işə baxan zaman deyil, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına istinad edilməlidir. Qətnamədə prosessual hüquq normalarına uyğunluğu məsələsi həll olunarkən məhz işin baxılması zamanı yəni müvafiq prosessual hərəkətlərin icra edildyi vaxt qüvvədə olan prosessual hüquq normaları rəhbər tutulmalıdır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamənin əsaslığı onun iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərə uyğun olmasında ifadə olunur. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 may 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər” və həmin Məcəllənin 439.2-ci maddəsinin “əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir” müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinin tələbləri ilə ziddiyyət təşkil etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4.000 ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası manata olan məzənnə ilə) və 2.000 manat pul və ödənilmiş 210.40 manat dövlət rüsumunun 100 manatı alınaraq İddiaçı verilməli, dövlət rüsumunun 110.40 hissəsi iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 4.000 ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası manata olan məzənnə ilə) və 2.000 manat pul və ödənilmiş 210.40 manat dövlət rüsumunun 100 manatı İddiaçı xeyrinə tutulsun, dövlət rüsumunun 110.40 hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar