Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-355/2025 24.07.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövən qızının katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı cavabdeh X5 qarşı «pul» tələbinə dair mülki işə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, İddia tələbinin dəlilləri: m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X5 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək 2.660.65 manat pul borcunun və onun Qax rayon Məhkəməsinə iddia qaldırmaq üçün ödədiyi 46 manat dövlət rüsumunun Qax rayonu, Uzuntala kənd sakini cavabdeh X1 alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qax rayonu, Qaysarlı kəndində yaşayır və təqaüdçüdür. Qax rayonu, Uzuntala kənd sakiini X6 2015-ci il tarixdə "xxxx" QSC-dən kredit alan zaman zamin durmuşdur. X7 bir müddət pulu özü ödəmiş daha sonra ödəməmişdir. Ona məxsus olan əmək haqqından 30 iyun 2015-ci il tarixli 2(024)454 saylı icra sənədinə əsasən 59.63 manat, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci tarixinədək və xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixindədək isə aylıq 34.68 manat olmaqla ümumilikdə 2.160.65 manat məbləğində vəsait tutulmuşdur. Sonuncu 90 manat məbləğidə icra ödənişini 25 noyabr 2024-cü il tarixdə o ödəmişdir. Bundan əlavə o cavabdehə 500 manat borc pul vermişdir. O, həmin pullari ödəyəndə cavabdeh söz verirdi ki, pulu vaxtında qaytaracaqdır. Həmin borcun az bir hissəsini ödəsə də daha sonra ödəməkdən yayınmışdır. Onun maddi imkanı yoxdur. Belə olan halda o məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bundan əlavə o məhkəmədə iddia qaldırmaq üçün 46 manat dövlət rüsumu ödəmişdir. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən 2.660.65 manat pul borcunun və onun Qax Rayon Məhkəməsinə iddia qaldırmaq üçün ödədiyi 46 manat dövlət rüsumunun Qax rayonu, Uzuntala kənd sakini cavabdeh X1 alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və əlavə olaraq göstərdi ki, o pulu tam olaraq ödəmişdir. Hazırda onun maddi imkanı yoxdur. Məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmasına baxmayaraq, X3 məhkəmə iclasında iştirakı təmin olunmamış, məhkəmə iclasınan təxirə s alınması barədə heç bir vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları: Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Qax rayon İcra və probasiya şöbəsinin 10 iyul 2015-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Qax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(024)454 №li, 30 iyun 2015-ci il tarixli məhkəmə əmrinə əsasən Qax rayonu, Uzuntala kəndində yaşayan X2, Qax rayonu, İbaxlı kəndində yaşayan X8 və Qax rayonu, Qaysarlı kəndində yaşayan İddiaçı müştərək qaydada 3.691.58 manat əsas borc, 414.91 faiz borcu, 332.23 manat cərimə borcu və 20 manat dövlət rüsumu cəmi-4.458.72 manat məbləğində pul vəsaiti alınaraq kreditor "xxxx" QBKT QSC-yə verilməlidir. Həmin icra sənədi üzrə icratata başlanılmışdır. İcra məmurunun DSMF Qax rayon şöbəsinə göndərdiyi 18 avqust 2015-ci il tarixli təklifdə qeyd olunmuşdur ki, Qax rayon Məhkəməsinin 2(024)454 №li, 30 iyun 2015-ci il tarixli məhkəmə əmrinə əsasən Qax rayonu, Uzuntala kəndində yaşayan X2, Qax rayonu, İbaxlı kəndində yaşayan X8 və Qax rayonu, Qaysarlı kəndində yaşayan İddiaçı müştərək qaydada 3.691.58 manat əsas borc, 414.91 faiz borcu, 332.23 manat cərimə borcu və 20 manat dövlət rüsumu cəmi-4.458.72 manat məbləğində pul vəsaiti alınaraq kreditor "xxxx" QBKT QSC-yə verilməlidir. Tutulma və məbləğin verilməsi, alınmalı məbləğ ödənilənədək və ya vaxtaşırı ödəmələrin (aliment və s.) müddəti qurtaranadək mütəmadi aparılmalıdır. Borclu İddiaçı DSMF-nun Qax rayon Şöbəsi vasitəsi ilə hər ay əmək pensiyası alır. Borclu İddiaçı əmək pensiyasından hər ay 50% tutaraq tələbkar "xxxx" QBKT QSC-in xeyrinə ödənilməsini təmin edilməlidir. Eyni zamanda təklif olunmuşdur ki, vətəndaşın tutulmalı olan əmək pensiyasından 4.458.72 manatın 7 faizi həcmində əlavə tutulsun. Tutulmuş məbləğ icra ödənişi kimi olaraq Qax rayon İcra şöbəsinin Qax rayonu Maliyyə İdarəsindəki depozit hesabına köçürülsün. DSMF Qax rayon şöbəsi məhkəmə qətnaməsinin icra edilməsi üçün gördüyü tədbirlər haqqında dərhal Qax rayon İcra şöbəsinə məlumat verməlidir. Cavabdeh işdən çıxarıldıqda icra vərəqəsində tutulmalar haqqında qeydiyyat aparılmalı və icra vərəqəsi dərhal mühasibin imzası və idarənin möhürü ilə təsdiq edildikdən sonra məhkəməyə qaytarılmalıdır. 10 iyul 2015-ci il tarixli icra sənədi üzrə borclulara ünvanlanan bildirişdən görünür ki, 10 iyul 2015-ci il tarixli qərarla icraata başladığı Qax rayon məhkəməsinin 30 iyun 2015-ci il tarixli məhkəmə əmrində göstərilən tələbi könüllü icra etməsi üçün borclulara 10 gün müddətində vaxt verilir. Bu müddətdə tələbi üzrsüz şəbəbdən icra etməsə, icra məcburi qaydada təmin ediləcək, həmçinin «İcra haqqında» Azərbaycan Respublikasının qanunun 78,79 və 81-ci maddələrinə müvalıq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tutulacaqdır. 25 noyabr 2024-cü il tarixli İnkasso Sərəncamından görünür ki, İddiaçı pensiyasından 90.96 manat icra ödənişi tutulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının İddiaçı göndərdiyi 05 fevral 2025-ci il tarixli 3-17-1/2-13-25685/2025 №li məktubundan görünür ki, 23 yanvar 2025-ci il tarixli müraciətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyə tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialında baxılmışdır. Onun əmək pensiyasından xx.xx.2015-ci il tarixli, 2(024)454 saylı icra sənədinə əsasən xx.xx.2015-ci il tarixindən xx.xx.2018ci il tarixinədək aylıq 59,63 manat, xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək və xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək isə aylıq 34,68 manat olmaqla ümumilikdə 2.160,65 manat məbləğində vəsait tutulmuşdur. Qax RİHB-nın Qıpçaq kənd İƏD-si tərəfindən verilmiş 13 fevral 2025-ci il tarixli Arayışdan görünür ki, İddiaçı Qax rayonu Qaysarlı kəndində qeydiyyatdadır. Məhkəmənin mövqeyi: Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, X9 "xxxx" QBKT QSC-dən kredit götürən zaman İddiaçı ilə zaminlik müqaviləsi bağlanmış və o Yavər Süleymanov öhdəliklərini yerinə yetirməyəcəyi təqdirdə onunla birgə kreditor qarşısında borcun ödənilməsi ilə bağlı Yavər Süleymanovla eyni məsuliyyət daşıyacağını öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh öz öhdəliyini icra etməmiş və borc ödənilmədiyi üçün Qax rayon Məhkəməsinin 2(024)454 №li, 30 iyun 2015-ci il tarixli məhkəmə əmrinə əsasən Qax rayonu, Uzuntala kəndində yaşayan X2, Qax rayonu, İbaxlı kəndində yaşayan X8 və Qax rayonu, Qaysarlı kəndində yaşayan İddiaçı müştərək qaydada 3691.58 manat əsas borc, 414.91 faiz borcu, 332.23 manat cərimə borcu və 20 manat dövlət rüsumu cəmi- 4.458.72 manat məbləğində pul vəsaitinin alınaraq kreditor "xxxx" QBKT QSC-yə verilməsi əmr edilmişdir. Məhkəmə əmri icraya yönəldilkdən sonra Y.N.Süleymanov tərəfindən borc ödənilmədiyi üçün borcun tutulması İddiaçı pensiyasına yönəldilmiş və xx.xx.2015-ci il tarixli, 2(024)-454 saylı icra sənədinə əsasən 01 09.2015-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək aylıq 59,63 manat, xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək və xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək isə aylıq 34,68 manat olmaqla ümumilikdə 2.160,65 manat məbləğində vəsait tutulmuşdur. Beləliklə də cavabdeh X4 banka olan 2.160.65 manat kredit borcu iddiaçı tərəfindən ödənilmişdir. Cavabdeh iddiaçıya olan borcunu ödəməmiş və iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı reqres qaydada tələb hüququ yaranmışdır. Eyni zamanda İddiaçı pensiyasından icra ödənişinə görə 90.96 manat icra ödənişi tutulmuşdur. Belə ki, iddiaçı həmin məbləği cavabdehdən tələb etməsə də, həmin məbləğ iddiaçıya cavabdehin öhdəliyini icra etməməsi ilə bağlı dəymiş zərərlə bağlıdır. Ona görə də, məhkəmə hesab edir ki, həmin məbləğ də cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Tələbin cavabdehə borc verilmiş 500 manat hissəsi ilə bağlı isə məhkəmə qeyd edir ki, iddiaçı məhkəmə iclasında 500 manat pulu cavabdehin atasına verdiyini göstərsə də, həmin pulu cavabdehdən tələb etmişdir. Həmin məbləğin cavabdehə verilməsi isə iddiaçı tərəfindən sübut olunmur. Belə ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə həm iddiaçının, həm də cavabdeh tərəfin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Cavabdehə 500 manat məbləğində borc verdiyii göstərərək sübutetmə yükü üzərinə düşən iddiaçı həmin pulun cavabdehə verilməsi ilə bağlı məhkəməyə əsaslı və mötəbər sübutlar təqdim etməmişdir. Ona görə də, məhkəmə iddia tələbi həmin hissədə sübuta yetirilmədiyi qənaətinə gəlinir. Beləliklə iş materiallarında olan əsaslı və mötəbər sübutlarla cavabdehin iddiaçıya 2.160.65 manat borcunun olması sübuta yetirilmişdir. Eyni zamanda iddiaçının icra ödənişinə görə ödədiyi 90.96 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Tətbiq edilən hüquq Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Mülki hüquq anlamında öhdəliyi başqa hüquq sahələrinə aid olan hüquq münasibətləri ilə qarışdırmaq olmaz. Məsələn, vergi ödəmək borcu əmlak xarakterli olsa da dövlətlə vətəndaş arasında hakimiyyət tabeliyi prinsipinə əsaslanır və ümumi hüquq münasibətidir. Mülki hüquq mənasında öhdəlik münasibətləri isə bərabər hüquqlu tərəflər arasında yaranan xüsusi hüquq münasibətidir. Öhdəlik konkret şəxslər arasında müəyyən iqtisadi münasibətlər yaradır və subyekt tərkibi qeyri-müəyyən olan mütləq hüquq münasibətlərindən fərqli olaraq nisbi hüquq münasibətidir. Buna görə də şərh olunan maddədə konkret subyektlər arasında, yəni kreditorla borclu arasında iqtisadi xarakterli konkret hüquq münasibətləri nəzərdə tutulmuşdur. Beləliklə, öhdəliyin predmeti pul ödənilməsi, əmlak verilməsi, iş görülməsi, xidmətlər göstərilməsi və ya müəyyən hərəkətdən çəkinmək kimi konkret hərəkət və ya hərəkətsizlik ola bilər. Öhdəliyin anlayışından göründüyü kimi, onun predmetini əmlak dövriyyəsinin müxtəlif obyektlərinin, o cümlədən əşyaların, görülmüş işlərin, göstərilmiş xidmətlərin verilməsi üzrə borclu şəxsin davranışı təşkil edir. Öhdəlik konkret şəxslərin əmlak dövriyyəsində davranışlarını müəyyənləşdirir. Bazar iqtisadiyyatı və azad sahibkarlıq şəraitində mülki dövriyyə iştirakçıları arasında xüsusilə çoxsaylı öhdəlik hüquq münasibətləri yaranır. Mülki qanunvericilikdə nəzərdə tutulan çoxsaylı öhdəliklər müəyyən göstəricilər üzrə sistemləşdirilirlər. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilələrdən əmələ gələn, müqavilədənkənar öhdəliklər və qanundan əmələ gələn öhdəliklərə ayrılırlar. Məzmununa görə öhdəliklər əmlakın mülkiyyətə və sair əşya hüququna verilməsi, əmlakın istifadəyə verilməsi, işlər görülməsi üzrə, xidmətlər göstərilməsi üzrə və s. öhdəliklərə ayrılırlar. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Şərh olunan maddədə göstərildiyi kimi öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi icra edilməməsi anlaşılır. Buraya öhdəliyin tamamilə icra edilməməsi ilə yanaşı, onun vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara yol verməklə və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi də aiddir. Borclunun öz öhdəliyini icra etməsi üzrə davranışı müqavilənin və qanunvericiliyin müddəalarına, bunlar olmadıqda işgüzar adətlərə və digər, adətən irəli sürülən tələblərə tam cavab verməlidir. Əks təqdirdə öhdəlik pozulmuş olur və öhdəliyin icra edilməməsi baş verir ki, bu da ciddi hüquqi nəticələrə səbəb olur. Bunlar barədə növbəti maddələrin şərhində geniş məlumat verilir. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu özünün riski daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır. Borclu öz öhdəliklərinin hər bir təqsir pozuntusu üçün məsuliyyət daşıyır. Öhdəliyin təqsirli pozuntusu həm hərəkət, həmdə hərəkətsizlik nəticəsində baş verə bilər. Borclunun təqsiri isə həm qərəz, həmdə ehtiyatsızlıq formasında ola bilər. Borclu qərəz və ya kobud ehtiyatsızlıq nəticəsində öhdəliyin icra edilmədiyi üçün məsuliyyət daşımalı və onu məsuliyyətdən azad etmək olmaz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2-ci maddəsinə əsasən, zaminlik müqaviləsi gələcəkdə yarancaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Mülki Məcəllənin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra eldikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Məhkəmə işin müəyyən edilmiş hallarına tətbiq edilməli hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, cavabdeh X4 banka olan 2160.65 manat kredit borcu iddiaçı tərəfindən ödənilmişdir. Cavabdeh iddiaçıya olan borcunu ödəməmiş və iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı reqres qaydada tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Burada əsas məqam ondan ibarətdir ki, qətnamədə məhkəmənin gəldiyi nəticənin maddihüquqi əsası kimi işə baxan zaman deyil, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına istinad edilməlidir. Qətnamədə prosessual hüquq normalarına uyğunluğu məsələsi həll olunarkən məhz işin baxılması zamanı yəni müvafiq prosessual hərəkətlərin icra edildyi vaxt qüvvədə olan prosessual hüquq normaları rəhbər tutulmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ-ci bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Mülki Məcəllənin 7.3-cü maddəsinə əsasən mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamənin əsaslığı onun iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərə uyğun olmasında ifadə olunur. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikasının Alı Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 6.6-cı bəndində qeyd olunmuşdur ki, iddiaçı məhkəmə iclasında iddianın predmetini və yaxud əsasını dəyişdirdikdə, iddianın həcmini artırıb-azaltdıqda, cavabdeh iddianı tam və ya qismən etiraf etdikdə, bu barədə qətnamədə qeyd edilməli, məhkəmənin bununla razılaşıb-razılaşmamasının səbəbləri qətnamənin əsaslandırıcı hissəsində şərh edilməlidir. Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməli, cavabdeh X2 İddiaçı xeyrinə 2.160.65 manat pul və dəymiş zərərə görə 90.96 xeyrinə tutulmalı, iddiaçı tərəfindən ödənilmiş 46 manat dövlət rüsumunun 42.51 manat hissəsi məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan məbləğ isə iddiaçıya aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh X2 İddiaçı xeyrinə 2.160.65 manat pul və dəymiş zərərə görə 90.96 manat tutulsun. iddiaçı tərəfindən ödənilmiş 46 manat dövlət rüsumunun 42.51 manat hissəsi məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulsun, qalan məbləğ isə iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №2(024)-355/2025
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-355/2025
24.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver