Məhkəmə qərarları › İş №2(024)-357/2023

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-357/2023

25.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-357/2023 25.07.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İddiaçı1, Cavabdeh iştirakı ilə. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 3950 manat pulun bank uçot dərəcəsini əsas götürməklə gecikdirməyə görə faizlərin məhkəmə tərəfindən müəyyən edilərək məhkəmənin müəyyən etdiyi məbləğdə özlərinin xeyrinə tutulması, 3950 manat məbləğində pul vəsaitinin alınması üçün ödənilmiş 59,50 manat dövlət rüsumunun cavabdehdən tutularaq özlərinə, bank uçot dərəcəsini əsas götürməklə gecikdirməyə görə faizlərin məhkəmə tərəfindən müəyyən edilərək məhkəmənin müəyyən etdiyi məbləğdə ödənilməsi hissəsinə uyğun olaraq dövlət rüsumunun qalıq qalmış hissəsinin cavabdehdən tutularaq dövlət nəfinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, İddiaçı2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbələrinə dair məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə uyğun olaraq İddiaçı2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışlar ki, Cavabdeh aralarında olan tanışlıq münasibətlərindən istifadə edərək onlardan 5100 manat məbləğində borc pul almışdır. Lakin cavabdeh üzərinə düşən öhdəliklərə əməl etməyərək qeyd olunan borc məbləğinin qalıq qalmış 3950 manat hissəsini qaytarmamışdır. Belə ki, onlar çox yaxın rəfiqə və ailəvi dost olmuşlar. Eltanə Elnurədən borc pul istəmiş və onlar ailəvi olaraq çox yaxın olduqlarından Elnurə Eltanəyə 5100 manat məbləğində pul vəsaitini vermişdir. Sonradan ona Eltanənin həmin pul vəsaitini Qax rayonu Baydarlı kənd sakini Cavabdeh və onun arvadı Səkinəyə Qax rayonunda fındıq əkmələri üçün verilməsi, gələcəkdə fındıqdan əldə olunan vəsait hesabına ona olan borcun ödənilməsi və əlavə olaraq gəlir əldə edilməsi məqsədilə verilməsi məlum olmuşdur. Cavabdeh üzərində olan borcundan 400, 200, 200 və 350 manat olmaqla ümumilikdə 1150 manat ödəsə də, üzərində olan borcunun qalıq qalmış 3950 manat hissəsini onlara qaytamamışdır. Bundan sonra cavabdeh pulu ödəməkdən yayınmış, hər dəfə müxtəlif bəhanələr gətirmiş və nəticədə onun borcunu qaytarmamışdır. Dəfələrlə cavabdehə zəng edib pulunu tələb etsə də o pulu sonra verəcəyini bildirmişdir. Lakin bu günki günə pulunu ala bilməmişdir. Bundan əlavə Eltanə Nərimanov rayon Pİ-nin 17-ci PŞ-nə ərizə ilə müraciət etmiş və həmin Polis Şöbəsinin təhqiqatçısı polis mayoru Samir İslamov tərəfindən toplanmış materiallar üzrə xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanılması rədd edilmişdir. Bundan sonra Eltanə rayon prokurorluğuna ərizə ilə müraciət etmiş və xx.xx.2022-ci il tarixdə Nərimanov rayon Prokuroru, ədliyyə müşviri Hidayət Nurəlibəyov tərəfindən Nərimanov rayon Pİ-nin 17-ci PŞ-nin təhqiqaçısı polis mayoru Samir İslamovun cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarı ləğv edilmiş, iş xx.xx.2022-ci il tarixdə Nərimanov RPİ-nin İş-nə göndərilmiş və işin araşdırılması Pş-nin İB-nin müstəntiqi, polis kapitanı X1 həvalə edilmiş və sonuncu tərəfindən də, xx.xx.2022-ci il tarixdə iş üzrə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilərək onlara mülki qaydada məhkəmədə iddia qaldımaq hüququ izah edilmişdir. Odur ki, göstərdiklərini nəzərə alaraq məhkəmədən Cavabdeh 3950 manat pulun bank uçot dərəcəsini əsas götürməklə gecikdirməyə görə faizlərin məhkəmə tərəfindən müəyyən edilərək məhkəmənin müəyyən etdiyi məbləğdə özlərinin xeyrinə tutulması, 3950 manat məbləğində pul vəsaitinin alınması üçün ödənilmiş 59,50 manat dövlət rüsumunun cavabdehdən tutularaq özlərinə, bank uçot dərəcəsini əsas götürməklə gecikdirməyə görə faizlərin məhkəmə tərəfindən müəyyən edilərək məhkəmənin müəyyən etdiyi məbləğdə ödənilməsi hissəsinə uyğun olaraq dövlət rüsumunun qalıq qalmış hissəsinin cavabdehdən tutularaq dövlət nəfinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək göstərdi ki, o iddiaçılar İddiaçı1 və İddiaçı2 5100 manat məbləğində borc pul almışdır. Aldığı puldan bir hissəsini geri qaytarmış lakin yerdə qalan 3650 manat borcunu maddi imkanı olmadığı üçün ödəyə bilməmişdir. İddianı qismən qəbul edir. Söz veriri ki, borcunu yaxın zamanda ödəyəcəkdir. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən yazılaraq imzalanmış ərizədən görünür ki, onun iddiaçılara 3650 manat borcu var. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 60 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işdə toplanmış materialları nəzərdən keçirib, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2dan 5100 manat borc pul almışdır. Cavabdeh aldığı puldan 1450 manatını ödəmiş lakin, qalıq 3650 manat borcunu hazırkı vaxtadək iddiaçılara geri qaytarmamışdır. İddiaçılar dəfələrlə cavabdehdən borcunu tələb etsə də, heç bir nəticəsi olmamış bu səbəbdən iddiaçılar hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Beləliklə cavabdehin etirafedici izahatı və iş materialları ilə iddiaçıya 3650 manat borcu olması tam sübuta yetirilir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu)başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli,əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə vəxidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləripozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə iləayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Şərh olunanlara obyektiv qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3650 (üç min altı yüz əlli) manat pul və 59,50 (əlli doqquz manat əlli qəpik) manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3650 (üç min altı yüz əlli) manat pul və 59,50 (əlli doqquz manat əlli qəpik) manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən təqdim olunduğu (alındığı) gündən 1 ay müddətində Qax rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar