Məhkəmə qərarları › İş №2(024)-368/2023

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-368/2023

25.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-368/2023 25.07.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi X3, Cavabdehlər Cavabdeh1 Benikoyeviçin və Cavabdeh2 Zurabiyeviçin, X4 Baqratoviçin iştirakı ilə. İddiaçı cavabdehlər Cavabdeh1 Benikoyeviçə və Cavabdeh2 Zurabiyeviçə qarşı “3500 manat dəymiş maddi ziyan və 56 manat ödənilmiş dövlət rüsumu tələbi” nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 Benikoyeviç və Cavabdeh2 Zurabiyeviçdən ona dəymiş 2500+1000 manat ziyan və onun iddia qaldırmaq üçün ödədiyi 56 manat dövlət rüsumunun, cəmi 3556 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi X5 iddianı müdafiə etmiş, cavabdehlər Cavabdeh1 Benikoyeviç və Cavabdeh2 Zurabiyeviç isə iddianı qəbul etməmişlər. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, Qax rayonu Qaxingiloy kəndində yaşayır. Cavabdehlər Cavabdeh1 Benikoyeviç və Cavabdeh2 Zurabiyeviç 06 aprel 2022-ci il tarixdə səhər saatlarında ona məxsus 7 iri buynuzlu heyvanı otarmağa aparmışlar. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Cavabdeh1 Benikoyeviç öz yeznəsi Omari Otaraşviliyə zəng edib, ona məxsus qırmızı cins iri buynuzlu inəyin yıxıldığını, dura bilmədiyini və gəlib onu aparmasını demişdir. Omari Otaraşvili ona xəbər verdikdən sonra həmin otlaq sahəsinə getmiş, təxminən 20 dəqiqəyə oraya çatanda inəyi ölmüş vəziyyətdə görmüşdür. Cavabdeh1 onun qarşısında diz çökərək günahkar olduğunu demişdir. Həmin günü axşam inəyi həyətə gətirmiş, xx.xx.2023-cü il tarixdə Baytar həkimlər tərəfindən inək müayinə olunmuş, nümunə götürüb laboratoriyaya göndərmişlər. İnəyə baxdıqda sol qol, bud nahiyyəsində və baş nahiyəsində xəsarətlar olduğuğu aşkar olunmuşdur. xx.xx.2023-cü il tarixdə Qax rayon Baytarlıq idarəsinin həkimləri Vüqar Məmmədov, Firuz Okrocanaşvili və Dato Lomaşvili tərəfindən heyvana baxış keçirilmiş və nümunə götürülmüşdür. Götürülən nümunənin cavabında inəyin heç bir infeksiyadan ölmədiyi göstərilmişdir. Cavabdehlər mal növbəsində olarkən hər ikisi sərxoş olmuş və inəyi vurmuşlar. Ölən iri buynuzlu inəyin 3(üç) aylıq balası var. Simental sort inəyin balası ən azı 6 ay süd içməlidir. O, inəyin balasına hər gün 5-6 litr süd verir. 1 lt südün qiyməti 1.50 man edir. Hardasa hər gün 10 manatlıq süd alır. Ən azından 3 ay süd verməlidir. Həmkəndlisi Cavabdeh1 Benikoyeviç və Cavabdeh2 Zurabiyeviçdən ona dəymiş olan 2500 manat və 1000 manat ziyanın ona ödənilməsini tələb edir. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bundan əlavə o məhkəmədə iddia qaldırmaq üçün 56 manat dövlət rüsumu ödəmişdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən cavabdehlər Cavabdeh1 Benikoyeviç və Cavabdeh2 Zurabiyeviçdən ona dəymiş 2500+1000 manat ziyan və onun iddia qaldırmaq üçün ödədiyi 56 manat dövlət rüsumunun, cəmi 3556 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı etibarnamə üzrə nümayəndəsi X5 məhkəmə iclasında iddiaçının izahatına uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 Benikoyeviç məhkəmə iclasında izahat verərək göstərdi ki, iddiaçı onun həmkəndlisidir. O, Daniel Baçalaşvili ilə birlikdə pul müqabilində kəndin mal-qarasını otarırlar. xx.xx.2023-cü il tarixdə digər cavabdeh Daniellə kəndin mal növbəsində olmuş, iddiaçıya məxsus bir baş iribuynuzlu heyvanın vəziyyəti pisləşmiş və heyvan ölmüşdür. Onlar həmin heyvana xəsarət yetirməmişlər. İnəyin ölümündə onların heç bir günahı olmamışdır. İddianın rədd edilməsini xahiş etdi. Cavabdeh Baçaliaşvili Daniel Zurabiyeviç məhkəmə iclasında izahat verərək göstərdi ki, o Qax rayonu Qax-ingiloy kəndində yaşayır. İddiaçı onun həmkəndlisidir. xx.xx.2023-cü il tarixdə mal növbəsinə getmiş, həmin günü iddiaçıya məxsus bir baş iribuynuzlu heyvan ölmüşdür. İnəyin ölümü onların təqsiri ucbatından baş verməmişdir. İddianın rədd edilməsini xahiş etdi. X2 məhkəmə iclasında ifadəsində göstərdi ki, o sahə həkimidir. İddiaçı məxsus iribuynuzlu mal ölən günü onu müayinə etmiş, daxili orqanlarını Xviçaya Qida təhlükəsizliyi idarəsinə aparması üçün təhvl vermişlər. Uzun illərdir ki, baytar həkimi işləyir və qəflətən malın öldüyünü görməmişdir. Müayinə edən zaman inəyin baş nahiyyəsində laxta qan olmuşdur. İnəyin ölüm səbəbini bilmir. İşə əlavə edilmiş Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu MBL-nin X7 Sınaq protokolundan görünür ki, sınaq nəticəsində infeksiya törədicisinə rast gəlinməmişdir. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, İddiaçı Qax rayonu Qax-ingiloy kəndində qeydiyyatdadır İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, X1 Qax rayonu Qax-ingiloy kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh2 Zurabiyeviç Qax rayonu Qax-ingiloy kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş Zaqatala rayonu Əliabad Qəsəbə həftəlik mal bazarının müdirinin verdiyi Arayışdan görünür ki, 1 baş iribuynuzlu (Simenta) sort ana inəyin qiyməti 2500-3000 manat arası dəyişir. İş materiallarına əlavə edilmiş, xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün xidmət haqqı ilə birlikdə 56 (əlli altı) manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarını nəzərdən keçirib, iddiaçının, onun etibarnamə üzrə nümayəndəsinin və cavabdehlərin izahatlarını dinləyərək məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə iclasında tərəflərin izahatlarıı ilə müəyyən edildi ki, xx.xx.2023-cü il tarixdə cavabdehlər Cavabdeh1 və Daniel Zurabaşvili kəndin mal növbəsində olarkən İddiaçı məxsus bir baş iribuynuzlu mal ölmüşdür. İddiaçının Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu MBL-nin X7 müraciəti əsasında inəyin daxili orqanları müayinə olunmuş və sınaq nəticəsində infeksiya törədicisinə rast gəlinməmişdir. Məhkəmə iclasında ifadə verən şahid Vüqar Məmmədov iribuynuzlu heyvanı müayinə edən zaman heyvanın baş nahiyyəsində qan laxtasının olduğunu, lakin ölümünün səbəbini aşkar edə bilmədiyini göstərmişdir. Zaqatala rayonu Əliabad Qəsəbə həftəlik mal bazarının müdirinin verdiyi Arayışla müəyyən edilmişdir ki, 1 baş iribuynuzlu (Simenta) sort ana inəyin qiyməti 2500-3000 manat arası dəyişir. Məhkəmə mübahisənin ədalətli yolla həll edilməsi üçün iddiaçıya məxsus bir baş iribuynuzlu malın dəyərini 2500 manat qiymətləndirərək və işin faktiki hallarına, şahidin ifadəsinə və işdə olan əsaslı və mötəbər sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən, yəni 2500 manata dair hissədə təmin edilməlidir. Tələbin qalan hissəsi ilə bağlı isə iddiaçı tərəfindən məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. İddiaçı məhkəmədə 56 (əlli altı) manat dövlət rüsumu ödəmişdir. İddia qismən sübuta yetirildiyi üçün iddiaçının ödədiyi dövlət rüsumunun 45 manatı cavabdehlərdən birgə qaydada alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 Benikoyeviç və Cavabdeh2 Zurabiyeviçdən vurulmuş maddi ziyana görə 2500 (iki min beş yüz) manat və 45 (qırx beş) manat dövlət rüsumu alınıb İddiaçı verilməli, iddianın qalan hissəsi rədd edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 Benikoyeviç və Cavabdeh2 Zurabiyeviçdən vurulmuş maddi ziyana görə 2500 (iki min beş yüz) manat və 45 (qırx beş) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar