Məhkəmə qərarları › İş №2(024)-379/2023

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-379/2023

05.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-379/2023 05.07.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ona olan 406 manat əsas borc, o cümlədən 101 manat fevral ayının kommunal xərcləri, 130 manat mart ayının kirayə haqqı, 15.5 manat mart ayının kommunal xərcləri, 150 manat aprel ayının kirayə haqqı, 9.5 manat aprel ayının kommunal xərcləri olmaqla yataq dəstinin və ya 50 manat yataq dəstinin dəyərinin, 30 manat evi təmizləmək haqqı, 30 manat məhkəməyə ödədiyi dövlət rüsumu olmaqla cəmi 516 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək Cavabdeh 101 manat fevral ayının kommunal xərcləri, 130 manat mart ayının kirayə haqqı, 15.5 manat mart ayının kommunal xərcləri, 150 manat aprel ayının kirayə haqqı, 9.5 manat aprel ayının kommunal xərcləri və 30 manat məhkəməyə ödədiyi dövlət rüsumu olmaqla cəmi 436 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə tərəflərə lazımı qaydada məlumat verilmiş, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, Qax rayonu Çüdüllü kənd sakini Cavabdeh ona məxsus kafeni və bir otaqlı tam şəraitli həyət evini 2022-ci ilin oktyabr ayında kirayəyə götürmüşdür. Kafedəki iş qabiliyyəti onu qane etmədiyindən və hiss etdiyi digər mənfi davranışlarına görə onu kafedən 1 ay sonra uzaqlaşdırmışdır. Evə gəldikdə isə kafedə işçisi olan, 1997-ci il təvəlüdlü Rusiya doğumlu Azərbaycan vətəndaşı X1 yaşayacağını, evin kirayə və kommunal xərclərini isə tam olaraq özünün ödəyəcəyini bildirmişdir. Cavabdeh öhdəsinə götürdüyü kimi ilk aylarda evin bütün kirayə və kommunal xərclərini vaxtı-vaxtında ödəmişdir. 2023-cü ilin fevral ayında Cavabdeh evin kirayə haqqını ödəmiş, həmin ayın 101 manat kommunal xərclərini ödəmək üçün isə möhlət istəmişdir. Bundan sonrakı aylarda (mart və aprel) cavabdeh tərəfindən heç bir ödəniş olunmamışdır. Müxtəlif vaxtlarda ödəmələrlə bağlı etdiyi xahiş və tələblər nəticə verməmişdir. Hər dəfə müxtəlif bəhanələrlə möhlət istəmiş, Quba adlı qadını isə evdən çıxarmağa insafı yol verməmişdir. 13 aprel 2023-cü ildə kirayəyə verdiyi evin qapısının açıq olduğunu hiss etmiş, baxdıqda evdə heç kəsin olmadığını görmüşdür. Kirayəçinin özünün əsas əşyalarını götürüb getdiyi və qapını bağlamadığı məlum olmuşdur. Həmin gün Cavabdeh tapmış, ona olan borcunu tam ödəməyi, evi təcili boşaltmağı və təmizləyərək təhvili verməyi tələb etmişdir. Sonrakı gün Cavabdeh həmin qadınla gəlib evdə qalan əşyalarını və onun müvəqqəti olaraq istifadəyə verdiyi yataq dəstini də aparmış, təmizləyərək sabah gətirəcəyini və evi təmizləyəcəyinə söz vermişdir. Lakin səhəri günü yanına gələn Cavabdeh ona olan 406 manat əsas borcu olmasına dair yazılı qəbz vermişdir. Lakin verilmiş möhlət vaxtı bitməsinə baxmayaraq Cavabdeh borclu olduğu əsas borcu olan 406 manatı ona ödəməmişdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Cavabdeh ona olan 101 manat ferval ayının kommunal xərcləri, 130 manat mart ayının kirayə haqqı, 15.5 manat mart ayının kommunal xərcləri, 150 manat aprel ayının kirayə haqqı, 9.5 manat aprel ayının kommunal xərcləri və 30 manat məhkəməyə ödədiyi dövlət rüsumu olmaqla cəmi 436 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan Cavabdeh tərəfindən yazılaraq imza edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, onun İddiaçı 101 manat ferval ayının kommunal xərcləri, 130 manat mart ayının kirayə haqqı, 15.5 manat mart ayının kommunal xərcləri, 150 manat aprel ayının kirayə haqqı, 9.50 manat aprel ayının kommunal xərcləri olmaqla ümumilikdə 406 manat borcu qalmışdır. Həmin borcu 10 gün müddətinə ödəməyə söz vermişdir. Həmin evdə onun işçisi olan Quba Mahmudova qalmışdır. Ev sahibi ilə aralarında olan anlaşmaya görə bütün xərcləri ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Seriya AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki. Cavabdeh Qax rayonunun Çüdüllü kəndində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün ümumilikdə 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə toplanmış materialları nəzərdən keçirib, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı 101 manat ferval ayının kommunal xərcləri, 130 manat mart ayının kirayə haqqı, 15.5 manat mart ayının kommunal xərcləri, 150 manat aprel ayının kirayə haqqı, 5.95 manat aprel ayının kommunal xərcləri olmaqla ümumilikdə 406 manat borcu yaranmış və cavabdeh iddiaçıya həmin xərclər daxil olmaqla ümumilikdə 406 manat borcunun olmasına dair xx.xx.2023-cü il tarixli qəbz yazaraq imzalamışdır. Lakin Cavabdeh vədinə əməl etməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh imzaladığı qəbzdə iddiaçıya 406 manat borcunun olduğunu etiraf etmişdir. Beləliklə də, Cavabdeh İddiaçı 406 manat borcunun olması cavabdehin etirafedici izahatı və iddiaçının məhkəməyə sübut qismində təqdim etdiyi cavabdeh tərəfindən yazılaraq imzalanmış xx.xx.2023-cü il tarixli qəbzlə sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Bundan başqa iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödəmişdir. Həmin məbləğ də cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə vəxidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetıni dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki. bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 406 (dörd yüz altı) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 406 (dörd yüz altı) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qax rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar