Məhkəmə qərarları › İş №2(024)-380/2024

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-380/2024

05.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-380/2024 05.07.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Məhəmməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh qarşı məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2017ci il tarixdə doğulmuş X1 yetkinlik yaşı tamam olanadək Cavabdeh İslanı oğlunun ona ödədiyi 130 manat alimentin miqdarının artırılaraq hər ay sabit pul məbləğində 235 manat miqdarında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, onunla cavabdehin arasında olan nikah qeydi Qax rayon Məhkəməsinin müvafiq qətnaməsinə əsasən pozulmuşdur. Həmçinin Qax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(024)- 651/2022- saylı məhkəmə əmrinə əsasən cavabdehdən bir uşaq üçün sabit pul məbləğində 130 manat miqdarında aliment tutulması əmr edilmişdir. Hazırda o atasına məxsus olan evdə yaşayır. Maddi vəziyyəti olduqca aşağı səviyyədədir. Bütün günü uşağa baxır. Uşağa görə aldığı 130 manat aliment uşağın tələbatlarını ödəyir. O, uşağa baxdığına görə öz tələbatlarını ödəyə bilmir. Uşağın tələbatlarını ödəmək mümkün deyil. Ona görə də, alimentin artırılması üçün məhkəməyə müraciət etməli olmuşdur. Göstərdiklərini nəzərə alaraq məhkəmədən xx.xx.2017-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşı tamam olanadək Cavabdeh ona ödədiyi 130 manat alimentin miqdarının artırılaraq hər ay sabit pul məbləğində 235 manat miqdarında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İş materiallarında olan Qax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli Məhkəmə Əmrinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh hər ay xx.xx.2014-cü il tarixdə doğulmuş X2 və xx.xx.2017-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək maddi cəhətdən saxlanılması üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 130 (bir yüz otuz) manat məbləğində aliment alınaraq İddiaçı verilməsi əmr edilmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” Arayışdan görünür ki, İddiaçı alimentin artırılması tələbi ilə bağlı mediasiya təşkilatına müraciət etmiş və həmin tələblə bağlı ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, İddiaçı Qax şəhəri, X6 küçəsi, ev 50-də qeydiyyatdadır. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı ilkin mediasiya prosesində iştirak etmək üçün 50 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə toplanmış materialları araşdıraraq belə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Qax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli Məhkəmə Əmrinə əsasən Cavabdeh hər ay xx.xx.2014-cü il tarixdə doğulmuş X2 və xx.xx.2017-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək maddi cəhətdən saxlanılması üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 130 (bir yüz otuz) manat məbləğində aliment alınaraq İddiaçı verilməsi əmr edilmişdir. İddiaçı hazırda xx.xx.2017-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşı tamam olanadək Cavabdeh ona ödədiyi 130 manat alimentin miqdarının artırılaraq hər ay sabit pul məbləğində 235 manat miqdarında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndin əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. İnsan Hüquqlarına Dair Ümumi Bəyamnamənin 25 ci maddəsinin 2-ci bəndinə əsasən Analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. Həm nigah nəticəsində, həm də nikahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının qanununun 8-ci maddəsinə əsasən Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin qanunun 13-cü maddəsinə əsasən Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maliyyə vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Həmin Məcəlləsinin 78.1-ci maddəsinə uyğun olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi alimentin müəyyən olunmuş miqdarı yalnız o halda dəyişə bilər ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hər hansı dəyişiklik olsun. Uşağın saxlanması üçün məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra keçən müddət ərzində tərəflərin maddi vəziyyətində dəyişiklik olması halları müəyyən olunsa da, həmçinin məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra uşaqlar üçün yaşayış minimumu da artmışdır. Uşağın saxlanması üçün cavabdehin iddiaçıya ödədiyi 130 manat aliment hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu ilə müqayisədə az olduğuna görə məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan Damla Novruzlunun əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını təmin etməkdən ötrü cavabdehin uşaqların saxlanması üçün iddiaçıya ödədiyi alimentin miqdarı da artırılmalıdır. Həmçinin Məhkəmə hazırki iş üzrə qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycanda 2024-cü il üçün yaşayış minimumu haqqında» Qanunda uşaqların saxlanması üçün 235 manat məbləğ müəyyən edilməsinə baxmayaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsi valideynlərin öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmasını müəyyən etmişdir. Odur ki, uşağın qayğısına qalmaq və ehtiyaclarını təmin etmək hər iki valideynin üzərinə qoyulmuş vəzifə və mənəvi borcdur. Belə olan halda uşağın saxlanması üçün nəzərdə tutulmuş 235 manat məbləğə də ümumilikdə hər iki valideynin öhdəliyi kimi yanaşılmalıdır. Həmin məbləğin bir valideynin üzərinə qoyulması cavabdehin maddi vəziyyətinə və Ailə Məcəlləsinin 56.1-ci maddəsinin tələblərinə uyğun deyildir. Məhkəmə cavabdehdən uşaqların saxlanması üçün tutulan alimentin miqdarının artırılaraq hər ay sabit pul məbləğində hər bir uşaq üçün 175 manat məbləğində müəyyən edilməsini qanuna müvafiq hesab edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 №-li Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Buna görə də, məhkəmə qeyd edir ki, hazırki halda alimentin artırılmış miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2017-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay İddiaçı ödədiyi 130 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilməli və alimentin tutulması qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanmağa başlanılmalı, iddianın qalan hissəsi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda-ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Qeyd edilən hüquq normasına əsasən məhkəmə qərara gəlir ki, bir il ərzində ödəmənin məcmusu nəzərə alınmaqla cavabdehdən 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia qismən təmin edilsin. xx.xx.2017-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay İddiaçı ödədiyi 130 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. Cavabdeh 41 (qırx bir) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar