Məhkəmə qərarları › İş №2(024)-400/2024

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-400/2024

10.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-400/2024 10.09.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi (məsləhətçi) Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maddi ziyan» tələbinə dair mülki işə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «maddi ziyan» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh cinayət hadisəsi nəticəsində ona vurduğu 500 manat miqdarında maddi ziyanın və qanunla müəyyən edilmiş qaydada dövlət rüsumunun cavabdehdən alınıb dövlət büdcəsinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2022-ci il tarixdə Almalı kənd mədəniyyət evinin qarşısında ictimai qaydanı kobud surətdə pozaraq ona zor tətbiq etməklə qərəzli xuliqanlıq hərəkəti etmişdir. Cavabdeh onu bir-neçə dəfə qəsdən yumruqla vuraraq üst çənəsində sağdan 1 dişin tac hissəsinin travmatik sınığı və sair xəsarətlər yetirmişdir. Eyni zamanda hadisə zamanı onun bir ədəd qızıl dişinin düşməsi ilə yanaşı, 3 ədəd qızıl dişi də zədələnmişdir. Cavabdehin barəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi açılmış və baxılması üçün Qax rayon Məhkəməsinə göndərilmişdir. Qax rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(024)-27/2023 saylı hökmü ilə ona qanunla müəyyən edilmiş qaydada cəza verilmişdir. Cavabdeh qanunsuz hərəkətləri nəticəsində ona 500 manat miqdarında maddi ziyan dəymişdir. Bu fakt isə S Dental House MMC tərəfindən verilmiş müayinə aktı ilə təsdiq olunur. Hazırda cavabdehin ona vurduğu 500 manat məbləği ondan tələb edir. Bu səbəblərdən o məcbur olub bu iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verdi və əlavə olaraq onu da göstərdi ki, 1993-cü ildən məcburi köçkün kimi Qax rayonu Qaradolaq kəndində yerləşən çamışçılıq fermasında məskunlaşmışdır. Beş nəfər ailə üzvləri vardır. İki qızı universitetdə, oğlu isə hazırlıq mərkəzində təhsil alır. Həyat yoldaşı 1993-cü ildə tuneldə mühasirəyə düşmüş, bədənində 25 qəlpə xəsarəti almışdır. İİ qrup əlildir. Mübahisənin yaranmasının səbəbi və mənbəyi 2022-ci ildə Bəkirin qardaşı Şakirin öz əmisi oğluna məxsus bir baş xırdabuynuzlu heyvanın - qoçun bağırsağına ağac doldurması və bu işi onun etdiyini deməsi olmuşdur. O da demişdir ki, onun nəsli, əcdadı belə işlə məşğul olmamışdır. O, polis rəisinə, prokurorluğa və icra başçısına yazmışdır. Hətta Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədrinə də yazmışdır ki, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısına göstəriş verilsin ki, Bəkiri aralarından uzaqlaşdırsınlar. Teleqramın bir surəti də Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısına göndərilmişdir. Kəlbəcər rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamış, cavab verilmişdir ki, icra başçısı Qax rayonu, Almalı kəndinə camaatla görüş keçirməyə gələcəkdir. İcra Başçısı Almalı kəndinə camaatla görüş keçirməyə gələndə, qəbul günü Almalı kəndinə getmiş, Bəkir də ailəsi ilə birlikdə qəbula gəlmişdir. İclasın yekununda kimin nə sözünün olduğu soruşulduqda əl qaldırıb icazə istəmiş, demişdir ki, heyvanlarına qənim kəsiləni kənddən uzaqlaşdırmaları, başqa yerə köçürmələri barədə teleqram vurmuşdur. Ondan kim olduğunu soruşduqda, həmin adamın burda olduğunu deyərək Bəkiri göstərmişdir. Həmin vaxt ona izah olunmuşdur ki, polisə müraciət etsinlər. Belə deyən zaman Bəkirgil qadınlarla birgə toplaşaraq onun üstünə gəlmiş, lakin camaat onları sakitləşdirmişdir. Çölə çıxdıqda isə Bəkir qəfildən yumruqla vuraraq onun dişini salmışdır. Qax RPŞ-dən xəsarətlə bağlı rəy verilməsi üçün onu Zaqatala şəhərinə göndərmişlər. Görmüşdür ki, ekspertiza düzgün aparılmır, sənədləri müstəntiqdən tələb etmiş, Bakı şəhərində ekspertizadan keçəcəyini demişdir. İddiaçıya demişlər ki, orada ekspertizadan keçmək olmaz, o isə Azərbaycan vətəndaşı olduğunu, əcnəbi olmadığını demiş və sənədləri məbur alaraq Bakı şəhərinə aparıb ekspertizadan keçmişdir. Dişləri üstdən taxma qızıl diş olmuş, dava zamanı düşüb itmişdir. Rəy alınmış, təqdim edilmiş, dişin sökülüb düzəldilməsi üçün diş həkimi 500 manat məbləğində pulun ödənilməli olmasını bildirmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Qax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(024)-27/2023 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. "xxxx" MMC-nin direktoru S.Əliyev tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı klinikada müayinə olunmuş, diş cərgəsi qüsurlarının ortopedik bərpası üçün 500 manat maliyyə tələb olunan yeni konstruksiya hazırlanmasına ethiyac vardır. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin verdiyi Seriya AA 057118 nömrəli vəsiqədən görünür ki, İddiaçı məcburi köçkündür. AZE № 0******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1953-cü il təvəllüdlü Alıyev X1 rayonu Ağcakənd kəndində qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsinin məlumatlarına dair “Elektron Məhkəmə İnformasiya Sistemindən” əldə edilmiş çıxarışdan görünür ki, cavabdeh Nəsibov X3 rayonu Ağcakənd kəndində qeydiyyatdadır. Qaçqın və ya məcburi köçkün statusuna dair məlumatlar barədə “Elektron Məhkəmə İnformasiya Sistemindən” çıxarışdan görünür ki, Cavabdeh məcburi köçkündür. Azərbaycan Respublikası Qaçqın və X2 üzrə Dövlət Komitəsinin Qax, Zaqatala, Balakən rayonları üzrə nümayəndəsinin verdiyi 31 mart 2023-cü il tarixli 401 nömrəli Arayışdan görünür ki, İddiaçı məcburi köçkün kimi Qax rayonu Qaradolaq kəndində müvəqqəti məskunlaşmışdır. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-821/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilmiş, hazırki iş üzrə Qax rayon məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardad ləğv edilmiş, mülki iş müvafiq prosesual hərəkətlərin həyata keçirilməsi üçün Qax rayon məhkəməsinə qaytarılmışdır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə qeyd edir ki, iddia tələbinin dəlillərinə görə tərəflər arasında yaranmış mübahisə cinayət hadisəsi nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı yaranan mübahisədir və iddia tələbi zərərin əvəzinin ödənilməsini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi, habelə əlaqəli normalar əsasında həll edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.36-cı maddəsinə əsasən zərər — cinayət nəticəsində zərər çəkmiş şəxsə vurulmuş mənəvi, fiziki və ya maddi ziyandır. Cinayətin əlamətləri olan əməldən zərər çəkmiş şəxsin bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət təqibinin başlanılmasını tələb etməyə, onun həyata keçirilməsində zərər çəkmiş şəxs və ya xüsusi ittihamçı qismində iştirak etməyə, habelə vurulmuş mənəvi, fiziki və maddi ziyana görə kompensasiya almağa hüququ vardır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində tanınır (CPM-nin 12.2-ci və 87.1-ci maddəsi) Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. İş materiallarında olan qanuni qüvvəsini almış hökm üzrə təsdiq edilmişdir ki Cavabdeh 17 noyabr 2022-ci il tarixdə saat 12 radələrində Qax rayonu Almalı kəndində olan mədəniyyət evinin qarşısında аdamların gur toplaşdığı, yəni, ictimai yerdə yüksək səslə nalayiq söyüşlər söyərək cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən davranış qaydalarını pozub, heç bir səbəb olmadan cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulması ilə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlər edərək, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, orada olan şəxslərin narazalığına səbəb olan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək, İddiaçı qarşı zor tətbiq etməklə onu bir dəfə qəsdən yumruqla vuraraq, üst çənədə sağdan İ dişin tac hissəsinin travmatik sınığı, üst dodağın selikli qişasının və üst çənədə sağdan İ dişin diş ətinin əzilmiş yaralarından ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül xəsarət yetirməklə qərəzli hərəkətlər edərək xuliqanlıq cinayətini törətmişdir. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsində qeyd olunmuşdur ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsində deyilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə hesab edir ki, qanuni qüvvəsini almış məhkəmə hökmü ilə cavabdehin iddiaçının üst çənədə sağdan İ dişin tac hissəsinin travmatik sınığı, üst dodağın selikli qişasının və üst çənədə sağdan İ dişin diş ətinin əzilmiş yaralarından ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül xəsarət alması, "xxxx" MMC-nin direktorunun tərtib etdiyi müayinə aktı ilə cavabdehin iddiaçıya 500 manat məbləğdə maddi ziyan vurması öz təsdiqini tapdığından həmin məlbəğ cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddələri). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh cinayət hadisəsi nəticəsində vurulmuş maddi ziyanın əvəzi kimi 500 (beş yüz) manat məbləğdə pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia tam təmin edildiyi və iddiaçı və cavabdehlər məcbiri köçkün olduqları üçün iddianın qiymətinə uyğun ödənilməli olan 30 (otuz) manat dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “X4” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh cinayət hadisəsi nəticəsində vurulmuş maddi ziyana görə 500 (beş yüz) manat məbləğdə pul alınaraq İddiaçı verilsin. İddia ərizəsinin verilməsi üçün iddianın qiymətinə uyğun ödənilməli olan 30 (otuz) manat dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar