Məhkəmə qərarları › İş №2(024)-417/2023

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-417/2023

05.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-417/2023 05.07.2023 QAX RAYON MƏHKƏMƏSİ Qax Rayon Məhkəməsinin hakimi Qarayev Malik İbrəhim oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kiçik iddiaya dair” mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 19 noyabr 2019-cu il tarixli 037CASA193330001 saylı güzəştli kredit müqaviləsi üzrə 749.47 (yeddi yüz qırx doqquz manat qırx yeddi qəpik) manat məbləğində əsas borc, 7.19(yeddi manat on doqquz qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi – 756.66 (yeddi yüz əlli altı manat altmış altı qəpik) manat məbləğində kredit borcunun və 30(otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 19 noyabr 2019-cu il tarixli 037CASA193330001 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 5 il müddətinə illik 1% dərəcəsi ilə, 1il güzəşt müddəti olmaqla 1160.34 manat məbləğində kredit verilmişdir. 19 noyabr 2019-cu il tarixli 037CASA193330001 saylı kredit müqaviləsinin təminatı qismində bankla Cavabdeh2 arasında 037FİZAM30054203 saylı xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqaviləsinə əsasən o, borlcu Ağalarova Gülabə Abdulhəmid qızınun kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdehlər Cavabdeh1, eləcə də onun zamini Cavabdeh2 dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət etməyimizə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra edilməmiş, banka olan borcunu könüllü ödənilməsi üçün təklif verilməmişdir. Kredit müqaviləsi üzrə öhədliklərini bank qarşısında tam icra etməyən Cavabdeh1 25 aprel 2023-cü il tarixə İddiaçı ASC-yə 749.47(yeddi yüz qırx doqquz manat qırx yeddi qəpik) manat əsas kredit borcu və 7.19(yeddi manat on doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi – 756.66(yeddi yüz əlli altı manat altmış altı qəpik) manat borcu qalmaqdadır. Məhkəmə hazırkı iddianın qiymətinin iki min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi 19 may 2023-cü il tarixdə məhkəmənin icraatına qəbul edilmiş və həmin tarixdə məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” SS840743255AZ və SS840743255AZ nömrəli xəbərnamələrdən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 23 may 2023-cü il tarixində məhkəmə bildirişini qəbul etmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənnin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan İddiaçı ASC ilə cavabdeh Ağalarova Gülabə Abdulhəmid qızı arasında bağlanmış 19 noyabr 2019-cu il tarixli 037CASA193330001 saylı güzəştli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 5 il müddətinə illik 1% dərəcəsi ilə, 1 il güzəşt müddəti olmaqla 1160.34 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 19 noyabr 2019-cu il tarixli 037FİZAM30054203 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 əsas borclu Cavabdeh2 bank qarşısında öhdəliklərini yerinə yetirmək üçün zaminlik məsuliyyətini öz üzərinə götürmüşdür. İşin materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2023-cü il tarixinə banka olan əsas borcu 749.47(yeddi yüz qırx doqquz manat qırx yeddi qəpik) manat və faiz borcu 7.19 (yeddi manat on doqquz qəpik) manat olmaqla ümumilikdə banka olan borcu 756.66 (yeddi yüz əlli altı manat altmış altı qəpik)manat təşkil edir. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş kredit öhdəlikləri vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli “Məhkəmə qətnaməsi haqqında” 4 saylı qərarın 10-cu bəndində göstərilmişdir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 19 noyabr 2019-cu il tarixli 037CASA193330001 saylı kredit müqaviləsi və 037FİZAM30054203 saylı zaminlik müqaviləsi üzrə 749.47(yeddi yüz qırx doqquz manat qırx yeddi qəpik) manat məbləğində əsas borc, 7.19(yeddi manat on doqquz qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi – 756.66(yeddi yüz əlli altı manat altmış altı qəpik) manat pul vəsaiti və 30(otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.1976-cı ildə ünvan 1-da qeydiyyatda olan Cavabdeh1 və xx.xx.1979-cu ildə ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2 müştərək qaydada 19 noyabr 2019-cu il tarixli 037CASA193330001 saylı kredit müqaviləsi və 037FİZAM30054203 saylı zaminlik müqaviləsi üzrə 749.47(yeddi yüz qırx doqquz manat qırx yeddi qəpik) manat məbləğində əsas borc, 7.19(yeddi manat on doqquz qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi – 756.66(yeddi yüz əlli altı manat altmış altı qəpik) manat pul vəsaiti və 30(otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutulub İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən (alındıqdan) sonra 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar