Məhkəmə qərarları › İş №2(024)-427/2023

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-427/2023

25.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-427/2023 25.09.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh Cavabdeh1 1500 (bir min beş yüz) manat pulun və iddia ərizəsi üçün ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumunun alınıb onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra Cavabdeh2 cavabdeh qismində işə cəlb olunması zərurəti yaranmışdır. Bundan başqa İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə “məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı barədə” ərizə təqdim edərək Cavabdeh2 cavabdeh qismində işə cəlb olunmasına etiraz etmədiyini bildirərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1500 (bir min beş yüz) manat pulun və iddia ərizəsi üçün ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumunun alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 17 iyul 2023-cü il tarixli 2(024)-427/2023 saylı qərardadına əsasən Cavabdeh2 mülki iş üzrə cavabdeh qismində işə cəlb edilməsi və İddiaçı “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1500 (bir min beş yüz) manat pulun və iddia ərizəsi üçün ödənilmiş 35 (otuz beş ) manat dövlət rüsumunun alınıb onun xeyrinə ödənilməsi barədə ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi qərara alınmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə uyğun olaraq cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, Cavabdeh1 iddianı qəbul etməmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, 2021-ci il tarixdə Cavabdeh1 Qax rayonu Güllük kəndində yerləşən 0,54 ha pay torpaq sahəsinin alınması üçün yazılı əqd bağlamışdır. Daha sonra xx.xx.2021-ci il tarixdə Cavabdeh1 400 manat pulu yazılı əqd əsasında vermişdir. Təxminən 1 ay sonra Cavabdeh1 qardaşı Qənimət öz torpaq sahəsində olan payına görə oğlu-X2 həmin torpaq sahəsi üçün 500 manat pul götürmüşdür. Aralarında olan razılaşmaya görə torpaq sahəsinə görə o, 1800 manat pul ödəməli idi. Lakin, sonradan cavabdeh həmin torpaq sahəsinə görə ondan 5000 manat pul tələb edir. Əslində isə o, 1996-cı ildən həmin torpaq sahəsini mülkiyyətçilərin razılığı ilə icarə əsasında istifadə etmiş və torpaq sahəsinin vergilərini ödəmişdir. Hazırda isə, sonradan mülkiyyətçilər torpaq sahəsini onlara bildirmədən başqa şəxslərə satmışlar. Halhazırda torpaq sahəsindən istifadə edə bilmirlər. Məhsulu mənimsənilmişdir. Bununla da Cavabdeh1, onun qardaşı Qənimət və Münəvvərin oğlu Çingiz onların etibarından sui-istifadə edərək ona qarşı dələduzluq etmişlər. Yəni onları aldadaraq ümumilikdə 1500 manat maddi ziyan vurmuşlar. Dəfələrlə cavabdehdən pulun qaytarılmasını tələb etsə də, o hər dəfə onu aldadaraq pulunu qaytarmaqdan yayınmışdır. Hesab edir ki, cavabdeh onun etibarından sui-istifadə etməklə 1500 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bu barədə dəfələrlə Azərbaycan Respublikasının Baş Prokuroruna müraciət edərək, Qax rayonu Güllük kənd sakini Cavabdeh1 ona qarşı dələduzluq etməsi barədə şikayət etmişdir. Ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ona görə də məhkəməyə müraciət etmişdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən cavabdeh Cavabdeh1 1500 (bir min beş yüz) manat pulun və iddia ərizəsi üçün ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumunun alınıb onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq onu da göstərdi ki, 1996-cı ildən Cavabdeh1 X3dən 0.54 ha torpaq sahəsini icarəyə götürmüşdür. Razılaşmalarına görə Qənimət Musayev həmin sahəni 1800 manata ona satmalı idi. Ona görə də, o ilkin olaraq Qənimətin oğlu Cavabdeh2 500 manat pul vermişdir. Sonradan cavabdehlər ondan 5000 manat pul tələb etmiş, vermədikdə onu həmin sahədən çıxartmışlar. Nəticədə qulluq etdiyi torpaq sahəsindən gəlir götürə bilməmiş və 1500 manat ziyana getmişdir. Ona görə də, cavabdehlər Münəvvər və Cavabdeh2lərdən ona vurlmuş 1500 manat ziyanı və ödənilmiş 35 manat dövlət rüsumunu tələb edir. Cavabdeh1 məhkəmə iclasında izahat verərək göstərdi ki, iddiaçının qeyd etdiyi torpaq sahəsi ona atasından qalan torpaq sahəsidir. X3 həmin torpaq sahəsini iddiaçıya qeyri-rəsmi icarəyə vermişdir. O iddiaçıdan heç zaman pul almamışdır. Qardaşı Qənimət bir dəfə ona icarəyə görə 400 manat pul vermişdir. İddianı qəbul etmir. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Məlikov X1 rayonu Suvagil kəndində yaşayır. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh1 Qax rayonu Güllük kəndində yaşayır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün ümumilikdə 35 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə toplanmış materialları nəzərdən keçirib, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, hər bir şəxs iddia tələbi ilə məhkəməyə müraciət etdikdə, tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. İddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Sübutetmə yükü üzərinə düşən İddiaçı cavabdehlər Münəvvər və Cavabdeh2lərə görə 1500 manat ziyana düşməsi ilə əlaqədar məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim etməmişdir. İddiaçının məhkəməyə sübut qismində təqdim etdiyi əl yazısı ilə yazılan qəbzdə isə Cavabdeh1 400 manat pulu iddiaçıdan götürməsi qeyd edilsə də, qəbz Cavabdeh1 tərəfindən deyil, başqa şəxslər tərəfindən imzalanmışdır. Ona görə də, həmin qəbz məhkəmə tərəfindən mötəbər sübut hesab edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehdən1500 (bir min beş yüz) manat pulun və iddia ərizəsi üçün ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumunun alınıb onun xeyrinə verilməsi tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilməsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehdən1500 (bir min beş yüz) manat pulun və iddia ərizəsi üçün ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumunun alınıb onun xeyrinə verilməsi tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilsin. Qax rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar