Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-441/2024 30.07.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi (məsləhətçi) Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İddiaçı Hacızadə (Nurullayeva) Məkkə Araz qızının və Cavabdeh etibarnamə üzrə nümayəndəsi (atası) X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair mülki işə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Hacızadə (Nurullayeva) Məkkə Araz qızı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşı tamam olanadək Cavabdeh ona ödədiyi 150 manat alimentin miqdarının artırılaraq, hər ay sabit pul məbləğində 300 manat miqdarında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Cavabdehlə birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü Ayxan adlı uşağı doğulmuşdur. Belə ki, tərəflər xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən Cavabdeh tərəfindən uşaq üçün 2023-cü ilin avqust ayından hesablanmaqla hər ay 150 manat alimentin ödənilməsi barədə razılığa gəlmişdir. Cavabdehlə faktiki olaraq boşanmışlar. Hazırda atasına məxsus olan evdə yaşayır. Maddi vəziyyəti olduqca aşağı səviyyədədir. Uşağa o baxır. Uşağa görə aldığı 150 manat aliment uşağın tələbatlarını ödəmir. O, uşağa baxdığına görə öz tələbatlarını ödəyə bilmir. Uşağın tələbatlarını ödəmək mümkün deyil. Odur ki, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Hacızadə (Nurullayeva) Məkkə Araz qızı iddia tələbini müdafiə edərək əlavə olaraq göstərdi ki, cavabdehlə 23 sentyabr 2023-cü il tarixdə alimentin ödənilməsi ilə bağlı aralarında barışıq Sazişi bağlanmışdır. Cavabdeh hər ay 150 manat aliment ödəməklə yanaşı uşağa pal-paltar alacağını da öhdəsinə götürmüş, bu səbəbdən o, 150 manat aliment məbləği ilə razılaşmışdır. Lakin cavabdeh ancaq 150 manat alimenti ödəməklə kifayətlənmişdir. Belə ki, cavabdeh əvvəllər 3 ay aliment məbləğini ödəməsə də, sonradan aliment borcu onun əmək haqqından tutulmuş və borc ödənilmişdir. Cavabdehin hazırda rəsmi iş yeri yoxdur. 150 manat aliment pulu hər ay ona ödənir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi (atası) X4 iddia tələbini qismən qəbul etdi və izahatında göstərdi ki, oğlu Cavabdeh hazırda işləmir. Cavabdeh işləmədiyinə görə son iki ayda nəvəsi üçün aylıq aliment pulunu o həyata ödəyib. 150 manat alimentin ödənilməsində belə çox çətinlik çəkirlər. İddiaçının razılığı ilə mütəmadi olaraq uşaq bir həftə onların yanında qalır. Uşaqla ünsiyyətdə olmağa iddiaçı maneçilik törətmir. Uşaq üçün geyim ləvazimatı alıblar və öz evlərində saxlayırlar. Alimentin məbləği iddia ərizəsində göstərilən həddə artırılacağı halda ödəniş etmələri mümkünsüz olacaqdır. Hər ay 160-170 manat aliment ödəyə bilər. Odur ki, iddia tələbinin qismən təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Onu nümayəndəsi kimi atası etibarnamə üzrə təmsil etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Qax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(024)-193/2024 saylı qətnaməsindən görünür ki, ərizəçi İddiaçı ilə maraqlı şəxs Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli MŞŞ/MT0182023-002246 nömrəli barışıq sazişinin təsdiq edilməsi, barışıq sazişinin məcburi icra edilərək maraqlı şəxs Cavabdeh xx.xx.2020-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin alınaraq ərizəçi İddiaçı ödənilməsi, alimentin tutulmasının əvvəlinin barışıq sazişində razılaşdırılmış 2023-cü ilin avqust ayının sonundan hesablanması, Cavabdeh 38 manat dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi və qətnamənin alimentə dair hissəsi dərhal icraya yönəldilməsi qət edilmişdir. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2024-cü il tarixli MŞŞ/MT0182024-00358 saylı Arayışdan görünür ki, İddiaçı alimentin artırılması tələbi ilə bağlı mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməkdən yayınmışdır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri alimentin miqdarının artırılması üzrə yaranan mübahisədir və Azərbaycan Respublikası Ailə Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin müəyyən olunmuş miqdarının dəyişdirildiyi hər bir halda, alimentin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. Sadalanan hüquq normaları əsasında işin halları sistemli şəkildə araşdırıldıqda müəyyən olunur ki, xx.xx.2020-ci il təvəllüdlü X3 üçün 150 manat aliment pulunun müəyyən olunması barədə Barışıq Sazişini təsdiq edən Qax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(024)- 193/2024 saylı qətnaməsinin qəbul edildiyi 2024-cü ildə uşaqlar üçün qanunla nəzərdə tutulmuş yaşayış minimumu artırılaraq 2024-cü il üçün 235 manat müəyyən edilmişdir. Hazırda uşağa görə cavabdehdən tutulan alimentin miqdarı, uşaq üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə azdır və həmin məbləğ uşaqların saxlanması üçün yetərli deyildir. Yetkinlik yaşına çatmayanlar üçün yaşayış minimumunun artırılması alimentin miqdarının artırılması üçün qanuni əsas sayıla bilər. Həmçinin uşaq da böyümüş və maddi tələbatı da artmışdır. Məhkəmə hesab edir ki, uşağa təyin olunmuş alimentin artırılması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcuddur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, alimentin bir uşaq üçün 180 manat məbləğdə müəyyən edilməsi qanunauyğun və əsaslı olar. Məhkəmə qeyd edir ki, artırılmış alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Çünki “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı Qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Qax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(024)-193/2024 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü Ayxan adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulmalı olan alimentin məbləği artırılmalı, cavabdehdən tutulmalı olan alimentin məbləği bir uşaq üçün 180 manat həddində müəyyən edilməli, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün iddiaçı dövlət rüsumundan azad olunduğundan və iddianın qiyməti Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə müvafiq olaraq bir illik ödəmənin məcmusu ilə müəyyən olunduğundan cavabdehdən 30 manat məbləğdə dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsində qeyd olunmuşdur ki, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Qax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(024)-193/2024 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2020-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün tutulmalı olan alimentin məbləği artırılaraq hər ay 180 manat sabit pul məbləğində müəyyən edilsin və Cavabdeh tutularaq, iddiaçı Hacızadə (Nurullayeva) Məkkə Araz qızına ödənilsin. Artırılmış aliment məbləğinin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddia ərizəsinin verilməsi üçün ödənilməli olan 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Taleh Kərimov
Məhkəmə qərarları › İş №2(024)-441/2024
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-441/2024
30.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver