Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-443/2024 26.07.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi (məsləhətçi) Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə. İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair mülki işə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2014-cü il təvəllüdlü X7 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh ödədiyi alimentin miqdarının artırılaraq bir uşaq üçün 235 manat alimentin təyin edilməsi və ödədiyi 30 manat dövlət rüsumunun cavabdehdən alınıb öna ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə birgə nikahlarından onların xx.xx.2014-cü il tarixdə X7 adlı uşağı doğulmuşdur. xx.xx.2021-ci il tarixdə uşağın saxlanılması üçün hər ay 110 manat məbləğində alimentin cavabdehdən alınıb ona ödənilməsi barədə Qax rayon Məhkəməsi tərəfindən qətnamə çıxarılmışdır. Hazırki dövrdə 110 manat aliment pulu ilə uşağı saxlamaq mümkün deyil, uşağın çoxlu ehtiyacları var. Cavabdeh dövlət işində işləməsə də fərdi işlərlə məşğul olur. O isə uşağı maddi cəhətdən dolandırmaqda çətinlik çəkir. Uşağın ehtiyaclarını ödəmək mümkün deyil. Ona görə də məhkəmədə alimentin miqdarının artırılması haqqında iddia qaldırmışdır. Hazırda alimentin artırılaraq 235 manat məbləğində müəyyən olunmasını istəyir. Odur ki, hazırki tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək hazırda alimentin artırılaraq 190 manat təyin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və əlavə olaraq göstərdi ki, o məhkəməyə aliment tələbi ilə müraciət etmişdir. Alimentin miqdarının artırılmasını, çünki uşağın tələbatlarını ödməkdə çətinlik çəkir. Özü “Şirin Həyat” kafesində kassir işləyir. Cavabdehdən 235-240 manat aliment tələb edir. Çünki cavabdeh əlavə olaraq ona maddi köməklik göstərmir. Cavabdeh əvvəllər aliment pulunu ödəsə də, son 5 aydır ki, heç bir ödəniş etmir. Uşağın məktəbi, hazırlığı və idmanı var. Özünün aldığı əmək haqqı isə uşağın yeməyi və geyiminə sərf olunur. Cavabdeh heç olmasa ən azı 190 manat ödəsin. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, iddiaçının tələb etdiyi aliment məbləğini ödəyə bilməyəcəkdir. Çünki evdə işləyəni, pensiya alanı yoxdur. Özü də hazırda işsizdir. Xəstəliyi ilə əlaqədar işləyə bilməmişdir. Bir ay olar ki, ağacdan yıxılmış və onurğa sümüyündə çat yaranmışdır. Ona bir ay möhlət verilməsini istəyir. Avqust ayının 1-də "xxxx" MMC-nə işə düzələcəkdir. Bir neçə ki, aydır alimenti ödəyə bilmir. Aliment məbləğinin artırılmasına etiraz edir. Odur ki, iddia tələbinin təmin olunmamasını xahiş etdi. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Qax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(024)-514/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı X3 ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə Qax rayon Qorağan kənd İƏDÜN-də bağlanmış, 03 nömrə ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2014-cü il tarixdə doğulmuş X4 iddiaçı X1 himayəsində olmasının müəyyən edilməsi, Cavabdeh xx.xx.2014-cü il tarixdə doğulmuş X5 yetkinlik yaşma çatanadək saxlanması və maddi cəhətdən təmin edilməsi üçün hər ay 110 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçı X2 verilməsi, alimentin tutulmasının xx.xx.2020-ci il tarixdən başlanılması və qətnamənin alimentə dair hissəsinin dərhal icra edilməsi qət edilmişdir. “İlkin mediasiya sessiyasında (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə” xx.xx.2024-cü il tarixli MŞŞ/MT018/2024-00694 saylı Arayışdan görünür ki, İddiaçı alimentin artırılması tələbi ilə bağlı mediasiya təşkilatına müraciət etmiş və həmin tələblə bağlı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə qərar qəbul olunmuşdur. AZ-İİİ 406135 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2014-cü ildə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. Qax RİHB-nın Qorağan kənd İƏDÜN-nin xx.xx.2024-cü il tarixli 155 nömrəli arayışından görünür ki, İddiaçı Qax rayonu, Qorağan kəndində qeydiyyatda olmaqla yaşayır. xx.xx.2024-cü il tarixli 22237 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri alimentin miqdarının artırılması üzrə yaranan mübahisədir və Azərbaycan Respublikası Ailə Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin müəyyən olunmuş miqdarının dəyişdirildiyi hər bir halda, alimentin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu yetkinlik yaşına çatmayanlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. Sadalanan hüquq normaları əsasında işin halları sistemli şəkildə araşdırıldıqda müəyyən olunur ki, xx.xx.2014-cü il tarixdə doğulmuş X7 üçün 110 manat aliment pulunun müəyyən olunması barədə Qax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(024)-514/2020 saylı qətnaməsinin qəbul edildiyi ildən 2024-cü ilədək uşaqlar üçün qanunla nəzərdə tutulmuş yaşayış minimumu artırılaraq 2024-cü il üçün 235 manat müəyyən edilmişdir. Hazırda uşağa görə cavabdehdən tutulan alimentin miqdarı, uşaq üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə azdır və həmin məbləğ uşaqların saxlanması üçün yetərli deyildir. Yetkinlik yaşına çatmayanlar üçün yaşayış minimumunun artırılması alimentin miqdarının artırılması üçün qanuni əsas sayıla bilər. Həmçinin uşaq da böyümüş və maddi tələbatı da artmışdır. Məhkəmə hesab edir ki, uşağa təyin olunmuş alimentin artırılması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcuddur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, alimentin bir uşaq üçün 180 manat məbləğdə müəyyən edilməsi qanunauyğun və əsaslı olar. Məhkəmə qeyd edir ki, artırılmış alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Çünki “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı Qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Qax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(024)-514/2020 saylı qətnaməsi ilə cavabdeh xx.xx.2014-cü il tarixdə doğulmuş Davud adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulmalı olan alimentin məbləği artırılmalı, cavabdehdən tutulmalı olan alimentin məbləği bir uşaq üçün 180 manat həddində müəyyən edilməli, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənildiyindən, iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan və iddianın qiyməti Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə müvafiq olaraq bir illik ödəmənin məcmusu ilə müəyyən olunduğundan cavabdehdən 30 manat məbləğdə dövlət rüsumu alınaraq iddiaçıya ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsində qeyd olunmuşdur ki, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Qax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(024)-514/2020 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2014-cü il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün tutulmalı olan alimentin məbləği artırılaraq hər ay 180 manat sabit pul məbləğində müəyyən edilsin və Cavabdeh tutularaq, İddiaçı ödənilsin. Artırılmış aliment məbləğinin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçının hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Taleh Kərimov
Məhkəmə qərarları › İş №2(024)-443/2024
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-443/2024
26.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver