Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-470/2024 06.08.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin məbləğinin artırılması» tələbinə dair mülki işə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «alimentin məbləğinin artırılması» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il tarixdə doğulmuş X1 üçün yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq, hər ay 235 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qax Rayon Məhkəməsinin 2(024)-03 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında bağlanılmış nikah pozulmuşdur. Həmin məhkəmə qərarı ilə xx.xx.2013-cü il tarixdə doğulmuş oğlu X5 iddiaçının himayəsində saxlanılmış və uşağın saxlanılması üçün 70 manat aliment təyin edilmişdir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da artırılaraq 2024-cü ildə hər uşaq üçün 235 manat müəyyən edilmişdir. Uşağın bütün qayğısını ehtiyacını tamamilə özü çəkir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və və əlavə olaraq göstərdi ki, uşaq onun himayəsində saxlanıldığı vaxtdan bu yana cavabdeh tərəfindən alimentdən başqa uşaq üçün hər hansı könüllü maddi yardım edilməmişdir. Uşaq böyüdükcə onların xərcləri da artır, həmin xərcləri isə tək qarşılaya bilmir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəməyə iddia tələbinə etiraz ünvanlayaraq ikinci dəfə nikaha daxil olduğunu, fərdi işlərdə işlədiyini, aylıq qazancının 300-350 manat olduğunu, 235 manat aliment pulunu ödəyə bilməyəcəyini, özünün minimum dolanacaq xərclərini ödəməkdə çətinlik çəkdiyini və hər ay iddiaçıya 100-120 manat aliment pulu ödəyə biləcəyini qeyd etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdi və izahatında göstərdi ki, uşaq üçün təyin edilmiş aliment məbləğini hər ay vaxtında ödəyir. Hər hansı gecikməsi yoxdur. Aylıq maaşı 400 manatdır. İkinci dəfə ailə qurmuş və bir uşağı vardır. İddiaçıya 150 manat aliment ödəyə bilər. Çünki maddi durumu həmin məbləğdən artıq aliment pulunu ödəməyə imkan vermir. Banka olan kredit borcunu vaxtında ödəyə bilmədiyi üçün bank tərəfindən məhkəməyə müraciət olunmuş və məhkəmə qərarı çıxarılmışdır. Odur ki, iddia tələbinin qismən təmin olunması və alimentin onun bildirdiyi həddə təyin olunmasını xahiş etdi. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AZ-İ № 475021 nömrəli Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə Əzimova (Rəcəbova) Türanə Qasım qızının nikahları Qax rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, nikaha 02 may 2015-ci il tarixdə xitam verilmiş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 25 may 2015-ci il tarixdə 25 nömrə ilə qeyd edilmişdir. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2024-cü il tarixli MŞŞ/MT0182024-00785 saylı Arayışdan görünür ki, İddiaçı alimentin artırılması tələbi ilə bağlı mediasiya sessiyasında iştirak etmiş, cavabdeh X2 ilkin mediasiya sessiyasında iştirak etməkdən yayınmışdır. Qax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ № 166615 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü Turan adlı uşağın atası Cavabdeh, anası isə İddiaçıdır. Qax Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(024)-03 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə cavabdeh İddiaçı arasında 07 noyabr 2012-ci il tarixdə Qax rayonu Qeydiyyat şöbəsində bağlanmış nikah qeydinin ləğv edilməsi, cavabdeh X3 nikahdan əvvəlki Rəcəbova soyadənın daşımaq hüququnun verilməsi, Cavabdeh hər ay sabit pul məbləğində 70 (yetmiş) manat məbləğində alimentin alınaraq 08 avqust 2013-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı X3 verilməsi, alimentin tutulmasının xx.xx.2014-cü il tarixdən başlanması və uşaq 18 yaşına çatanadək davam etdirilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli 17983 nömrəli qəbzdən görünür ki, iddiaçı qiymətləndirilən iddialar üzrə iddia ərizəsinin verilməsi üçün 40 (qırx) manat məbləğində rüsum ödəmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri alimentin miqdarının artırılması üzrə yaranan mübahisədir və Azərbaycan Respublikası Ailə Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin müəyyən olunmuş miqdarının dəyişdirildiyi hər bir halda, alimentin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. Sadalanan hüquq normaları əsasında işin halları sistemli şəkildə araşdırıldıqda müəyyən olunur ki, uşağa 70 manat aliment müəyyən olunduğu 2015-ci ildən sonra uşaq üçün qanunla nəzərdə tutulmuş yaşayış minimumu artırılaraq 2024-cü il üçün 235 manat müəyyən edilmişdir. Hazırda uşağa görə cavabdehdən tutulan alimentin miqdarı, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə kəskin azdır və uşağın saxlanılması üçün yetərli deyildir. Uşaqların yaşayış minimumunun artması alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər. Həmçinin uşaq da böyümüş və maddi tələbatları da artmışdır. Məhkəmə hesab edir ki, uşağa təyin olunmuş alimentin artırılması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcuddur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, alimentin uşaq üçün 180 manat məbləğdə müəyyən edilməsi qanunauyğun və əsaslı olar. Həmçinin məhkəmə qeyd edir ki, artırılmış alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Çünki “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı Qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Qax Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü Turan adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulmalı olan alimentin məbləği artırılmalı, cavabdehdən tutulmalı olan alimentin məbləği uşaq üçün 180 manat həddində müəyyən edilməli, alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Qax Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü Turan adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulmalı olan alimentin məbləği artırılaraq hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində müəyyən edilsin və Cavabdeh tutularaq, İddiaçı ödənilsin. Artırılmış aliment məbləğinin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Taleh Kərimov
Məhkəmə qərarları › İş №2(024)-470/2024
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-470/2024
06.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver