Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-49/2025 15.07.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövən qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «qapıların geri qayıtarılması, qaytarılmasına dair ödənilmiş pul vəsaitinin və vurulmuş ziyanın ödənilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddia tələbinin dəlilləri: İddiaçı Cavabdeh qarşı «qapıların geri qaytarılması, qaytarılmasına dair ödənilmiş pul vəsaitinin və vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək satılmış qapıların pulunun 2.300 manat, ona və ailəsinə dəymiş mənəvi ziyana görə kompensasiya olaraq 3.000 manat və məhkəməyə ödənilmiş 73 manat dövlət rüsumların Cavabdeh alınıb ona verilməsinə dair qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 07 noyabr 2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona satılmış 5 ədəd qapının (80 sm eni olan) pulunun 1.600 manat, ona və ailəsinə dəymiş mənəvi ziyana görə kompensasiya olaraq 3.000 manat və məhkəməyə ödənilmiş 73 manat dövlət rüsumların Cavabdeh alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2024-cü ilin aprel ayında yaşadığım evi təmir elətdirməyə başlamışdır. Təmir zamanı evin giriş və otaq qapılarını da yeniləməyə qərar vermişdir. Bununla bağlı Qax şəhəri, H.Əliyev prospektində fəaliyyət göstərən qapı satışı mağazasına müraciət etmişdir. Özünü mağazanın sahibi kimi qələmə verən Cavabdeh Belarus istehsalı olan qapıların keyfiyyətli olduğunu və ona məsləhət gördüyünü bildirdi. Evə gəlib qapı yerlərinin ölçülərini götürdükdən sonra guya şirkətlə danışıb qiymət bildirəcəyini dedi. Bir gün sonra, yəni 15 iyul 2024-cü il tarixdə zəng vurub bildirdi ki, danışıb, 6 ədəd qapının və naliçniklərinin pulu 2.300 manat tutur. 16 iyul 2024cü il tarixdə həmin məbləği tam şəkildə Səbuhiyə vermişdir. Ona demişdir ki, sifariş verib, 5 qapı 1 ay müddətində, 1 böyük ölçülü qapı isə 40 gün ərzində hazır vəziyyətdə Azərbaycana gətiriləcək. 24 avqust 2024-cü il tarixdə Cavabdeh qapıları evə göndərdi və dedi ki, qapı ustası 27 avqustda gəlib qapıları quraşdıracaq. Qeyd olunan tarixdə usta evimizə gəldi, qapı yerlərini və gətirilmiş qapıları ölçdü. Dedi ki, qapıların ölçüsü düz gəlmir, hamısı böyükdür. Cavabdeh zəng vurmuşdur ki, gəlsin. Bildirmişdir ki, narahat olmasın, ustalar işləsinlər, o yoluna qoyacaqdır. Axşam işdən gələndə görmüşdür ki, qapıların başları və aşağı hissələri kustar üsulla mişar vasitəsilə kəsilib. Məlum olmuşdur ki, qapılar əvəlcədən də sifarişlə hazırlanmayib, sadəcə hazır böyük modelin yuxarı və aşağı tərəflərini kəsməklə kiçildilib. İkinci dəfə kəsiləndə artıq bir neçəsində kənar çərçivə tamamilə götürülüb və ya yararsız hala düşüb. Bu faktı mağazanın ustası da təsdiqlədi. Cavabdeh dəfələrlə zəng vurmuş, evə gəlməmiş, telefonda bildirmişdir ki, düzələcək. Ona demişdir ki, bu yararsız qapıları istəmir, gəibl aparsın. Səhər evinə gəlmiş, onasübut etməyə çalışmışdır ki, qapılarda heç bir problem yoxdur, düzəldib ona qaytaracaq. Ona belə qapıları istəmədiyini, onun pulunu, yəni 2.300 manatı qaytarmalı olduğunu bildirmişdir. Qapı kənarlarının (obşivka) taxtalarının onların divarlar ölçüsündə sifariş olunduğunu, onu başqasına sata bilməyəcəyini, onsuz da ona lazım olacağını dedi. Belə olan halda ondan qapıları aparmasını və pulunu (qalan 2.000 manatı) dərhal qaytarmasını tələb etmişdir. Onunla razılaşmış «baş üstə» deyərək getmişdir. Həmin gün axşam gedib pulunu istəyəndə bildirdi ki, onsuz da ziyandadır, pulu qaytara bilmir. Qapıları götürüb satdıqdan sonra ona 1.000 manat pul verə bilər. Bildirir ki, evini təmir etmək üçün 2024-cü ilin aprel ayında ABB-dan 25.000 manat kredit götürmüşdür. İllərlə əmək haqqından aybaay evin təmirinə pul ayırmışdır ki, ev gözəl və müasir olsun. Təmirin sonunda evə köçmək ərəfəsində Cavabdeh bu hərəkəti ona və ailə üzvlərinə böyük zərbə oldu. Üç gün (27-29 avqust) yüksək qan təzyiqindən əziyyət çəkmiş, əsəbindən yuxusuz qalmışdır. Pulunun dələduzluq yolu ilə mənimsənilməsi bir yandan, başqa yerdə yenidən qapıları sifariş edib bir ay gözləməsini, qapısız evdə yaşamaları digər yandan onda ciddi stress yaratmışdır. İddiaçı iddia tələbinin dəqiqləşdirlməsi barədə əirzəsində göstərmişdir ki, cavabdeh C.N.Həsilova qarşı «qapıların geri qayıtarılması, qaytarılmasına dair ödənilmiş pul vəsaitinin və vurulmuş ziyanın ödənilməsi tələbinə dair» iddia qaldırmışdır. İddia ərizəsində ona satılmış 6 ədəd qapının pulunun 2.300 manat, ona və ailəsinə dəymiş mənəvi ziyana görə kompensasiya olaraq 3.000 manat və məhkəməyə ödənilmiş 73 manat dövlət rüsumların Cavabdeh alınıb ona verilməsini xahiş etmişdir. Əlavə olaraq bildirir ki, sentyabr ayında evinə başqa yerdən qapılar almışdır. Lakin evin giriş qapısı fərqli ölçüdə (90 santimetr enində) olduğu üçün hələlik Cavabdeh aldığım 400 manat dəyərində olan qapını qoydurmağa məcbur olmuşdur. Əvvəl də bildirdiyi kimi, obşivka və çərçivələrdən istifadə etdiyi üçün onların pulunu qaytarmamağı cavabdehlə razılaşmışlar. Hazırda Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbini dəyişdirərək, ona satılmış 5 ədəd qapının (80 sm eni olan) pulunun 1.600 manat, ona və ailəsinə dəymiş mənəvi ziyana görə kompensasiya olaraq 3.000 manat və məhkəməyə ödənilmiş 73 manat dövlət rüsumların Cavabdeh alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: Cavabdeh etiraz ərizəsində göstərmişdir ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi fikirlər tam olaraq yalan və iftira olmaqla heç bir həqiqəti əks etdirmir. Belə ki, həmin iş üzrə iddiaçı iddia ərizəsində qeyd etdiyi mağaza onun istifadəsindədir. O, 10 ilə yaxındır ki, qeyd olunan ünvanda avropa qapılarının satışını həyata keçirir. Bu müddət ərzində onun heç bir müştəri ilə narazılığı olmayıb. Təbii ki İddiaçı istisna olmaqla. Bu fəaliyyəti ərzində müştərilərlə hər hansı bir formada uyğunsuz davranışı və ya satdığı mallar yararsız olsa idi ondan heç kim aliver etməzdi. İddiaçının dediyinin tam əksi olaraq o müştərilərlə daha yaxşı ünsiyyət qurmuş, keyfiyyətli məhsullar satmışdır ki, fəaliyyətini bu gün də davam etdirir. Malların keyfiyyətsiziliyi və onun davaranışları ilə bağlı cavabdehin dediyi fikirlər tam əsasızdır. İddaçı təxminən 2024-cü ilin iyul ayında ona müraciət edərək yaşadığı evə 6 ədəd qapılar lazım olduğunu bildirdi. O, həmin vaxt faktiki mağazada olan qapılarla onu tanış etmişdir. Sonda o xoşladığı modeli göstərdi. Lakin həmin vaxt mağazada onun istədiyi sayda qapılar olmadığı üçün bunun yalnız sifarişlə gətirə biləcəyini demişdir. N.Ş. Nəzirli ilə razılığı əsasında o qapıların gəldiyini ona məlumat vermişdir. Özü qapılara baxıb razılığını bildirdikdən sonra dəyərini ödəməklə qapıları onun yaşadığı ünvana göndərmişdir. Bir müddətdən sonra o, qapıların ölçüsünün uyğunsusuzluğunu bildirmişdir. Ətraflı maraqlanmış və görmüşdür ki, qapı ustası 3 ədəd qapını yerləşdirdikdən sonra İddiaçı etitaz edərək qapılardan 5 ədədinin geri qaytarılmasını tələb etmişdir. Qeyd edir ki, o iddiaçıya 1 qapını 320 manata onun haşiyəsi və digər ləvazimatları ilə birgə isə 383 manata satışını razılaşmışlar. 5 qapı 383 manatdan 1 qapı isə 370 manat olmaqla ümumilikdə 2.300 manat təşkil etmişdir. Cavabdeh bu minvalla ona 2.300 manat pul verib. Qapılar düzəldikdən sonra cavabdehin evinə aparılıb və 3 ədəd qapı zamok və petlələr quraşdırılaraq yerinə yerləşdirilib. Bundan sonra cavabdeh ona satılmış qapılardan 5-ni qaytarmaq istədiyini bildirmişdir. 3 ədəd qapıda petlə və zamok yeri açılıb. Buna görə də iddiaçya demişdir ki, o bunu digər müştərilərə təqdim edə bilməz. Sonradan İddiaçı Şəki şəhərindən başqa qapılar alıb. Yeni aldığı qapılarında ölçüsü uzun olduğundan onların uzunluğunu kəsdirib sonra qoyulub. Belə olan halda sual olur cavabdeh niyə ondan alan qapıların kəsilməsinə etiraz etmişdir. Ondan alınan qapıların sonradan uyğunlaşdırılmasını qəbul etmirdirsə Şəki şəhərindən alınan qapıların kəsilməsinə niyə etiraz etmədi. Göründüyü kimi iddiaçı onunla qərəzli mövqe nümayiş etdirir. Əgər belə olmasa idi 3-4 ay əvvəldən olan razılaşmaya zidd hərəkət etməzdi. İddiaçı öz razılığı ilə həmin qapıları öz istəyinə uyğun olaraq usta yanında faktiki ölçüyə uyğun düzəldirib, (əlavə edir ki, bu düzəlişdən sonra qapıların keyfiyyətinə və estetik görnüşiinə heç bir xələl dəyməyib.), iddiaçı buna razı olmasa idi təbii ki, bunu onun evindən heç kim zorla apara bilməzdi. Bundan əlavə iddiaçı ona satdığı 6 qapıdan 5-ni mənə qaytarmağı həmçinin onun ona verdiyi qapıların haşiyə və digər ləvazimatlarını quraşdırdığı üçün əvəzində özünün Şəki şəhərindən alan qapıların ləvazimatlarını geri qaytarmaq niyyətindədir. Əlavə olaraq qeyd edir ki, İddiaçı həm ondan alınan qapıları eyni zamanda Şəki şəhərindən alman qapıları eyni ustaya kəsim işlərini apartdırmışdır. Hər iki qapını eyni ustaya qoyulmasını təmin etmişşdir. İddiaçı ilə aralarında olan 2.300 manat dəyərində olan satış əməliyyatın nəzərə alarsa, onun bu iddiası ilə ondan tələb etdiyi 6 qapı əvəzinə 5 qapının qaytarılması onun ona satdığı qapının ləvazimatlarının əvəzinə tam başqa qapının yəni heç bir uyğunluğu olmayan ləvazımatların geri qaytarılması və ümumilikdə ondan yenə 2.300 manatın tələb edilməsidir. Göründüyü kimi İddiaçı həqiqəti əks etdirməyən, qərəzli olaraq mənə qarşı haqsız iddia qaldırmışdır. Bu baxımdan da cavabdehin iddiası əsasız olduğundan hesab edir ki, rədd edilməlidir. İddiaçı tərəfindən mənə qarşı “Qapıların geri qaytarılması, qapılara ödənilmiş 2.300 manatın və 3.000 manat maddi ziyan tələbinə dair iddiası əsassız hesab edilərək rədd edilməsinə dair qətnamə qəbul edilsin. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbinə uyğun izahat verərək, əlavə olaraq göstərdi ki, cavabdeh bildirmişdir ki, o qapıların hamısıın geri qaytarsın o razıdır, pulunu verir. Bununla bağlı bir məqamı diqqətə çatdırır ki, o dəfələrlə iclaslarda bildirib, iddia ərizəsinə əlavə olaraq vermişdir ki, o məcburi olaraq qapılardan birini istifadə edir. Yəni onun evindən söküb guya ki, qaytardı, həmin günü ödədi, o kompromis deyil, problem yaratmaqdır. Cavabdeh onun qaytarmaq üçün iddia qaldırdığı qapıların pulunu ödəsin, məsələ bağlansın. Qapılar quraşdırıldqıdan sonra cavabdehə gəlib qapıları aparıb kəsməsini deməmişdir. Cavabdehin ustasının yanında söhbət oldu ki, cavabdeh ona qapıları düzəldəcəyini, narahat olmamasını demişdir. O, isə kəsilmiş qapını istəmədiyini bildirmişdir. Cavabdehə demişdir ki, o qapını kəssə simmetriklik qaçacaq. Demişdir ki, düzəltsin, deməmşdir ki, kəssin. Cavabdeh demişdir ki. onun işi yoxdur, o düzəltdirib yerinə qoyur, qapı hazır olandan sonra bəynməsə qapı onundur. İddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahat verərək göstərdi ki, o iddiaçının qapısını zədələləmiş, özünün rəyi olmadan qapı evdən çıxmamışdır. Ölçülər uyğun deyilirsə, altıncı qapını da çıxardıb verərdi. İddiaçı ikinci aldığı qapılar da kəsdirmişdir. Qapılar hazır qapılar olmuşdur. Tək iddiaçının yox, bir-neçə müştərinin evində də kəsmişlər. Simmetriya düz olmayanda ev sahibinin icazəsi ilə qapılar kəsilir və yerinə qoyulur. Bəli, 11-12 ildir bu fəaliyyətlə məşğuldur. Birinci kərədir, qapı qurarışdırlmır, yəni birinci kərədir, qapı satmır. O, iddiaçının icazəsi olmadan evindən qapı çıxıb gedərmi? Bəs iddiaçının ikinci aldığı qapı nə üçün kəsilmişdir? O günahkar deyildir. Məhkəmədən iddianın rədd edilməsini xahiş edir. İşin halları: Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Qax RİHB-nın Qax İngiloy kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi 13 sentyabr 2024-cü il tarixli 1025 №-li Arayışdan görünür ki, İddiaçı Qax rayonu Qax-İngiloy kəndində yaşayır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/780 №li, 13 may 2025-ci il tarixli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına 5 ədəd gümüşü rəngli qapılar təqdim edilmişdir. Təqdim edilmiş qapıların üzərində hər hansı bir markalanma (istehsal yerinə, istehsal ilinə və sair) göstəriciləri mövcud deyil. Bu səbəbdən də həmin qapıların istehsal yerini, istehsal ilini, hansı üsulla hazırlandığını müəyyən etmək mümkün olmadı. Qapılarda kilid və petlə yerləri açılmış vəziyyətdədir, (kilid və petlə mövcud deyil) Qapıların alt və üst hissəsi ümumilikdə təxminən 2-2,5 sm ölçüdə kəsilərək qapıların hündürlüyü kiçildilmişdir. Bu səbəbdən də qapıların çərçivəylə birləşən hissələrində simmetriklik pozulmuşdur. Belə ki, üst və alt hissələr ümumilikdə təxminən 2-2,5 sm ölçüdə kəsildiyindən yan hissələrə nisbətən kiçilməsi, İddiaçı qapılarda kəsim işlərinin onun razılığı olmadan aparıldığını, Cavabdeh isə qapılarda kəsim işlərinin iddiaçının razılığı ilə aparıldığını bildirmişdir. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə işin faktiki hallarına, işdə olan əsaslı və mötəbər sübutlara qiymət verərək hesab edir ki, iddia tələbinin 5 ədəd qapının (80 sm eni olan) pulunun 1.600 manat ziyanla bağlı hissəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza mərkəzinin 13 may 2025-ci il tarixli, 9-780 №li rəyi ilə sübuta yetirlmişdir. Belə ki, iddiaçı hazırkı tələblə bağlı iddia ərizəsi ilə müraciət etdikdən sonra hazırki iddia tələbinin düzgün həlli və qanuni qərar qəbul edilməsi üçün xüsusi biliklərdən istifadə edilməsi zəruri olduğundan iş üzrə məhkəmə ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza mərkəzinin eksperti tərəfindən ekspert qarşısında qoyulmuş suallar cavablandırılmış, verilmiş 9/780 №li, 13 may 2025-ci il tarixli rəyə əsasən, ekspertizaya 5 ədəd gümüşü rəngli qapılar təqdim edildiyi, təqdim edilmiş qapıların üzərində hər hansı bir markalanma (istehsal yerinə, istehsal ilinə və sair) göstəriciləri mövcud olmadığı, bu səbəbdən də həmin qapıların istehsal yerini, istehsal ilini, hansı üsulla hazırlandığını müəyyən etmək mümkün olmadığı, qapılarda kilid və petlə yerləri açılmış vəziyyətdə olması, (kilid və petlə mövcud deyil) qapıların alt və üst hissəsi ümumilikdə təxminən 2-2,5 sm ölçüdə kəsilərək qapıların hündürlüyü kiçildilməsi, bu səbəbdən də qapıların çərçivəylə birləşən hissələrində simmetriklik pozulması, üst və alt hissələr ümumilikdə təxminən 2-2,5 sm ölçüdə kəsildiyindən yan hissələrə nisbətən kiçilməsi müəyyən olunmuşdur. Bu səbəbdən məhkəmə həmin ekspert rəyini əsaslı və mötəbər sübut hesab edir və tələbin həmin hissəsinin sübuta yetirilməsi qənaətinə gəlir. Cavabdeh tərəfindən qapıların qiyməti mübahisələndirilməmişdir. Tələbin 3.000 manat mənəvi ziyana dair hissəsi ilə bağlı qeyd edir ki, cavabdehin hərəkətləri nəticəsində səhhətində baş vermiş problemlərə dair gətirdiyi dəlillərlə bağlıyəni hansı xəstəxanaya və yaxud həkimə müraicət etməsi, müalicə və dərman reseptləri, işləyə bilməməsi və ailəsinə mənəvi zərər dəyməsi barədə məhkəməyə əsaslı və mötəbər sübutlar təqdim edə bilməmişdir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında»Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarının 8-ci bəndində Plenum izah etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenum qeyd etmişdir ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkmişin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, onların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirilməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Bu mənada məhkəmə qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Cavabdeh qanunsuz hərəkətləri nəticəsində İddiaçı və ailə üzvlərinin hansı xəstəlikdən əziyyət çəkdiyi, mənəvi zərərin əsas elementləri olan mənəvi sarsıntı çəkməsi və fiziki iztirablara məruz qalması barədə əsəb, stress keçirməsi və məhz bu xəstəlik növünün cavabdehin hərəkətləri nəticəsində əmələ gəlməsi, nə qədər ona maddi ziyan dəyməsi barədə iddiaçı tərəfindən heç bir sübut növü məhkəməyə təqdim edilməmiş, həmin sübutlar iş materiallarında öz əksini tapmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbinin həmin hissəsi əsassızdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 614.1-ci maddəsinə əsasən pərakəndə alqı–satqı müqaviləsinə görə malların pərakəndə satışı üzrə sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan şəxsi, ailə, ev və ya digər istifadə üçün nəzərdə tutulan malı alıcıya verməyi öhdəsinə götürür. 614.3-ci maddəsinə əsasən fiziki şəxs olan alıcının iştirakı ilə pərakəndə alqı–satqı müqaviləsi ilə əlaqədar bu Məcəllə ilə tənzimlənməyən münasibətlərə istehlakçıların hüquqlarının qorunması haqqında qanun və ona uyğun qəbul edilmiş digər normativ hüquqi aktlar tətbiq edilir. 622.1-ci maddəsinə əsasən əgər öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı malı pərakəndə alqı-satqı müqaviləsinin bağlandığı an satıcının elan etdiyi qiymətlə ödəməyə borcludur. 624.1-ci maddəsinə əsasən alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə, alıcı öz seçimi ilə tələb edə bilər ki: –keyfiyyətsiz mal lazımi keyfiyyətli malla əvəz edilsin; –alış qiyməti mütənasib surətdə azaldılsın; –malın qüsurları təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılsın; –malın qüsurlarının aradan qaldırılmasına çəkilmiş xərclərin əvəzi ödənilsin. 624.3-cü maddəsinə əsasən malın xassələri onun aşkar edilmiş qüsurlarını aradan qaldırmağa imkan vermədikdə (ərzaq malları, məişət kimyası malları və i.a.) alıcı öz seçimi ilə həmin malın lazımi keyfiyyətli malla dəyişdirilməsini və ya alış qiymətinin mütənasib surətdə azaldılmasını tələb edə bilər. 624.4-cü maddəsinə əsasən bu Məcəllənin 624.1 və 624.3-cü maddələrində göstərilmiş tələbləri irəli sürmək əvəzinə alıcı pərakəndə alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər və mal üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Burada əsas məqam ondan ibarətdir ki, qətnamədə məhkəmənin gəldiyi nəticənin maddi-hüquqi əsası kimi işə baxan zaman deyil, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına istinad edilməlidir. Qətnamədə prosessual hüquq normalarına uyğunluğu məsələsi həll olunarkən məhz işin baxılması zamanı yəni müvafiq prosessual hərəkətlərin icra edildyi vaxt qüvvədə olan prosessual hüquq normaları rəhbər tutulmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamənin əsaslığı onun iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərə uyğun olmasında ifadə olunur. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin hallarına uyğun gəlsin. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya Araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Avropa Məhkəməsi «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası QanunAzərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözü gedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 50 manat ekspertiza xərci Cavabdeh alınaraq AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh qapıların puluna görə 1.600 manat, iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 73 manat məbləğində dövlət rüsumunun, 36 manat hissəsi alınaraq İddiaçı ödənilsin, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməli, iddianın qalan hissəsi təmin olunmamalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh qapıların puluna görə 1.600 manat pul alınaraq İddiaçı verilsin. İddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 73 manat məbləğində dövlət rüsumunun, 36 manat hissəsi Cavabdeh alınaraq İddiaçı ödənilsin, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. 50 manat ekspertiza xərci Cavabdeh alınaraq AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №2(024)-49/2025
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-49/2025
15.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver