Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-492/2024 04.09.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi (məsləhətçi) Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin məbləğinin artırılması» tələbinə dair mülki işə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «alimentin məbləğinin artırılması» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2022-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşı tamam olanadək Cavabdeh ona ödədiyi (127 manat) alimentin miqdarının artırılaraq hər ay sabit pul məbləğində 350 manat miqdarında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə nikahlarını xx.xx.2019-cu il tarixdə Qax rayon Qeydiyyat şöbəsində rəsmi qeyd etdirməklə ailə həyatı qurmuşlar. Birgə nikahdan onların xx.xx.2022-ci il tarixdə Məhəmməd adlı uşaqları dünyaya gəlmişdir. Cavabdehlə xasiyyətləri uyğun gəlməmiş və faktiki olaraq ayrılmışlar. Uşaq hazırda iddiaçının himayəsindədir. Qax rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(024)-787/2022 saylı məhkəmə əmrinə əsasən cavabdehdən bir uşaq üçün əmək haqqı və digər gəlirlərin ¼ hissəsi miqdarında alimentin tutulması qərara alınmışdır. Hazırda atasına məxsus evdə yaşayır. Maddi vəziyyəti olduqca aşağı səviyyədədir. Bütün günü uşağa baxır. Uşağa görə aldığı 127 manat aliment uşağın tələbatını ödəmir və tələbatını ödəmək mümkün deyil. Odur ki, alimentin miqdarının artırılması ilə bağlı məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək Cavabdeh bir uşağın saxlanılması üçün hər ay 180 (bir yüz səksən) manat miqdarında alimentin alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və əlavə olaraq göstərdi ki, hazırda özü də uşağın saxlanılması üçün işləyir və ayda 280 manat əmək haqqı alır. Uşağın ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Cavabdeh fərdi təsərrüfatla da məşğul olur. Cavabdeh 127 manat aliment pulundan əlavə ona heç bir maddi yardım göstərmir, lakin 127 manatdan artıq da aliment ödəyə bilər. Cavadehin təklif etdiyi 150 manat aliment məbləği ilə razı deyildir. Aliment məbləğinin artırılaraq hər ay 180 (bir yüz səksən) manat müəyyən edilməsinə etiraz etmir. İddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdi və izahatında göstərdi ki, 6 ildir ki, Azərbaycan Respublikası FHN Qax rayon X2 İdarəsində sürücü vəzifəsində işləyir. İddiaçının tələb etdiyi 200 manat aliment məbləğini ödəyə bilməyəcəkdir. Əgər aldığı əmək haqqı artarsa alimenti artıq məbləğdə ödəyə bilər. Hazırda isə 577 manat əmək haqqı alır. Aliment pulu və kredit borcları əmək haqqından çıxıldıqdan sonra özünə cəmi 63 manat pul qalır. Uşağının saxlanması üçün iddiaçıya maksimum 150 (bir yüz əlli) manat pul ödəyə bilər. Çünki onun maaşında artım olmamışdır. İddiaçı ilə ayrılmazdan əvvəl uşağa valideyinlərinin köməyi ilə baxmışdır. Lakin yola getmədiyi üçün kirayəyə çıxmağa məcbur olmuş, ailəsinə baxa bilmədiyi üçün 9000 manat məbləğində kredit götürmüşdür. Hər ay 200 manat kirayə pulu ödəmişdir. İddiaçıya hər ay 150 manatdan artıq pul ödəyə bilməyəcək, çünki maddi durumu həmin məbləğdən artıq aliment pulunu ödəməyə imkan vermir. Odur ki, iddia tələbinin qismən təmin olunması və alimentin onun qeyd etdiyi həddə təyin olunmasını xahiş etdi. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2024-cü il tarixli MŞŞ/MT0182023-01013 saylı Arayışdan görünür ki, İddiaçı alimentin artırılması tələbi ilə bağlı mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Qax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV № 660781 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü Məhəmməd adlı uşağın atası Cavabdeh, anası isə İddiaçıdır. Qax Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(024)-787/2022 saylı məhkəmə əmrinin surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün əmək haqqı və digər gəlirlərinin ¼ hissəsi məbləğində aliment alınaraq İddiaçı verilməsi, alimentin alınmasına 23 dekabr 2022-ci il tarixdən başlanması və uşağın 18 yaşına çatanadək davam etdirilməsi əmr edilmişdir. xx.xx.2024-cü il tarixli BPM**********04 nömrəli qəbzdən görünür ki, İddiaçı 60 manat mediasiya ödənişi etmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). İlk öncə məhkəmə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini məhkəmə baxışı zamanı təqdim etməsinə münasibət bildirərək qeyd edir ki, iddianın əsasını və predmetini dəyişdirilməsi, iddia tələbinin həcminin artırılması və ya azaldılmasından bəhs edən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində göstərilmişdir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə baxışı zamanı Cavabdeh iddiaçının tələb etdiyi miqdarda aliment pulunu ödəməyə maddi imkanı yol vermədiyini göstərdiyi üçün İddiaçı Cavabdeh maddi vəziyyətini nəzərə alaraq iddia tələbinin həcminin azaldılması barədə ərizəni məhkəmə baxış iclasında təqdim etmiş, bununla da iddia tələbinin həcminin azaldılması üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmişdir. Bu səbəbdən də məhkəmə qəbul olunacaq qətnamənin qanuni qüvvəyə mindikdən sonra icrasının çətinləşdirilməməsi və aliment məbləğinin ödənilməsinin hər ay həyata keçirilməsi üçün hesab edir ki, iddiaçının iddianın həcminin azaldılması barədə ərizəsi hazırlıq iclası yekunlaşmış, mülki iş baxış mərhələsində olmasına baxmayaraq nəzərə alınmalıdır. Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri alimentin miqdarının artırılması üzrə yaranan mübahisədir və Azərbaycan Respublikası Ailə Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin müəyyən olunmuş miqdarının dəyişdirildiyi hər bir halda, alimentin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» 14 noyabr 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu yetkinlik yaşına çatmayanlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. Sadalanan hüquq normaları əsasında işin halları sistemli şəkildə araşdırıldıqda müəyyən olunur ki, uşağa 127 manat aliment müəyyən olunduğu 2022-ci ildən sonra uşaq üçün qanunla nəzərdə tutulmuş yaşayış minimumu artırılaraq 2024-cü il üçün 235 manat müəyyən edilmişdir. Hazırda uşağa görə cavabdehdən tutulan alimentin miqdarı, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə kəskin azdır və uşağın saxlanılması üçün yetərli deyildir. Uşaqların yaşayış minimumunun artması alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər. Həmçinin uşaq da böyümüş və maddi tələbatları da artmışdır. Məhkəmə hesab edir ki, uşağa təyin olunmuş alimentin artırılması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcuddur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, alimentin uşaq üçün iddiaçının da etiraz etmədiyi 180 manat məbləğdə müəyyən edilməsi qanunauyğun və əsaslı olar. Həmçinin məhkəmə qeyd edir ki, artırılmış alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Çünki “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı Qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Qax Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli məhkəmə əmri ilə Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü Məhəmməd adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulmalı olan alimentin məbləği artırılmalı, cavabdehdən tutulmalı olan alimentin məbləği uşaq üçün 180 manat həddində müəyyən edilməli, alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan və iddianın qiyməti Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə müvafiq olaraq bir illik ödəmənin məcmusu ilə müəyyən olunduğundan cavabdehdən 30 manat məbləğdə dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsində qeyd olunmuşdur ki, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Qax Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli 2(024)-787/2022 saylı məhkəmə əmrinə əsasən xx.xx.2022-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan alimentin məbləği artırılaraq hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində müəyyən edilsin və Cavabdeh alınaraq İddiaçı ödənilsin. Artırılmış aliment məbləğinin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddia ərizəsinin verilməsi üçün ödənilməli olan 30 (otuz) manat məbləğdə dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Taleh Kərimov
Məhkəmə qərarları › İş №2(024)-492/2024
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-492/2024
04.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver