Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-507/2023 15.09.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə. İddiaçı Cavabdeh qarşı “Qax rayonu Qaxbaş kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsinin qonşu ilə sərhəddinə Cavabdeh tərəfindən dəmir hasar çəkilməsinə edilən maneənin aradan qaldırılması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Qax rayonu Qaxbaş kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsinin qonşu ilə sərhəddinə Cavabdeh tərəfindən dəmir hasar çəkilməsinə edilən maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, İddiaçı məhkəmə iclasına gəlməmiş, onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə gəlmişdir. Məhkəmə işə İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə baxılmasını mümkün hesab etmişdir. Mülki işin məhkəmə baxışı zamanı İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddianı müdafiə etmiş, Cavabdeh isə iddianı qəbul etməmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixli 19366 saylı vəkalətnaməsi əsasında notariusda sənədləşdirərək Qax rayonu Qaxbaş kənd sakini Cavabdeh həyətyanı sahəsinin 800m2-lik hissəsini qızının adına satın almışdır. Alqı-satqı sənədləri əsasında ona verilmiş çıxarışa uyğun olaraq Cavabdeh həyəti ilə onun aldığı torpaq sahəsi arasındakı sərhəddən hasar çəkmək istəyəndə Cavabdeh ona mane olmuş və əsassız olaraq aralarındakı sərhəddin bir-neçə metr onun aldığı tərəfə dəyişdirilməsini tələb etmişdir. Bakıdan Qaxa məhz bu məsələni həll etmək üçün gəlmiş, Cavabdeh təqsiri üzündə vaxtı və xərcləri boşuna getmiş olmuşdur. İstirahət günləri yol yorğunluğu və boşuna əhval ruhiyyə pozuqluğu ilə keçmiş olmuşdur. Daha sonra o Şəki regional Reyestr idarəsinə və Qax rayon Reyestr idarəsinə müraciət edərək onun torpaq sahələrinin sərhəddini ikinci dəfə ölçüb naturada göstərmələrini xahiş etmişdir. (birinci dəfə alqı-satqı zamanı ölçüb göstərilmişdi). Təkrar Bakıdan Qaxa gəlmiş, Şəki regional Reyestr idarəsinə və Qax rayon Reyestr idarəsi işçiləri təkrar ölçərək eyni nöqtələri bir daha təkrar göstərmişlər. Cavabdeh yenə razılaşmamış, ona görə xx.xx.2023-cü il tarixində o naturada göstərilən sərhəd xəttindən bir metr öz torpaq sahəsinə doğru geri çəkilərək, yəni Cavabdeh bir metr genişliyində torpaq zolağı güzəştə gedərək hasar çəkdirmək istəyəndə Cavabdeh yenə imkan verməmiş, işçiləri polis çağırmaqla hədələmişdir. Bu səbəbdən, o özü şəxsən polis idarəsinə ərizə ilə yazılı müraciət edib kömək istəmişdir. Polis sahə rəisi kapitan Taleh Bayramov əməliyyat qrupu ilə gəlib məsələni həll etməyə çalışsa da Cavabdeh eyni şəkildə bizə işlərini görməyə imkan verməmişdir. Bu məsələ ilə əlaqədar xx.xx.2023-cü il tarixində polis sahə rəisi mayor Natiq Abbasov onu çağırıb bu hadisə ilə əlaqədar yazılı izahatını almışdır. Üçüncü dəfə xx.xx.2023-cü il tarixdə o yenidən Bakıdan Qaxa gəlib Qax rayon Reyestrinə ərizə ilə müraciət etmiş, 160 manat ödəniş edərək aldığı torpaq sahəsinin sərhədlərinin koordinatlarını rəsmi dövlət idarələri nümayəndələrinin iştirakı ilə üçüncü dəfə naturada göstərilməsini xahiş etmişdir. Polis sahə rəisi mayor Natiq Abbasovun və ikinci bir polis işçisinin, Qax-İngiloy kənd Ərazi Dairəsinin nümayəndəsi Akif Bayramovun və Qaxbaş bələdiyyəsinin nümayəndəsi İuri Poladaşvilinin iştirakı ilə Reyestr idarəsinin əməkdaşı Bayram Gilmizliyev tərəfindən aldığım torpaq sahəsinin koordinatları və Cavabdeh həyəti ilə olan sərhədlərimiz təkrar naturada göstərilmiş və bu barədə akt tərtib edilmişdir. Sərhəd nöqtələrindən keçən xətt üzrə öz hesabına hasar çəkmək istədikdə Cavabdeh bu dəfə fiziki olaraq ona mane olmuşdur. Polis sahə rəisi Natiq Abbasov bu işi məhkəmə yolu ilə həll etməyi məhsləhət gördüyündən o Qax rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Qax rayonu Qaxbaş kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsinin qonşu ilə sərhəddinə Cavabdeh tərəfindən dəmir hasar çəkilməsinə edilən maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh izahat verərək göstərdi ki, iddiaçı torpaq sahəsinin sərhəddini ona məxsus torpaq sahəsindən çəkmək istəyir. Ona görə də, iddiaçıya mane olmuşdur. İddiaçının hasar çəkmək istədiyi torpaq sahəsi ona məxsusdur. Ona görə də, iddiaçıya hasar çəkməyə mane olmuşdur. Məhkəmədən iddianın rədd edilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin Şəki Ərazi idarəsi tərəfindən verilmiş **********15 reyestr, ********* qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, həmin Çıxarışa əsasən Qax rayonu Qaxbaş kəndində yerləşən 0.08 ha torpaq sahəsi İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ƏMDK-nın yanında DƏDRxnin 12 saylı Ərazi idarəsinin mütəxəssisinin, Qax rayon Qaxbaş Bələdiyyəsinin nümayəndəsinin və Qax-İngiloy kənd İƏD-si üzər nümayəndəsinin tərtib edərək imzaladıqları baxış aktından görünür ki, İddiaçı mülkiyyətində olan 0.08 ha torpaq sahəsinin döngə nöqtələri ona tanıdılmışdır. İş materiallarında olan Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Z.Tağıyev küçəsi, ev 14, m 6-da qeydiyyatdadır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh Qax rayonu Qaxbaş kəndində qeydiyyatdadır. İşdə olan 20 iyul 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh məxsus Qax rayonu Qaxbaş kəndində yerləşən həyətyanı torpaq sahəsinin 0.08 ha hissəsi xx.xx.2019-cu il tarixli 19366 saylı vəkalətnamə əsasında notariusda sənədləşdirərək İddiaçı adına rəsmiləşdirilmiş, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi idarəsi tərəfindən verilmiş **********15 reyestr, ********* qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Qax rayonu Qaxbaş kəndində yerləşən 0.08 ha torpaq sahəsi İddiaçı adına qeydə alınmışdır. Verilmiş Çıxarışlara uyğun olaraq Cavabdeh həyəti ilə onun aldığı torpaq sahəsi arasındakı sərhəddən hasar çəkmək istəyəndə Cavabdeh tərəfindən maneələrlə rastlaşmışdır. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçının hasar çəkmək istyədiyi torpaq sahəsini ona məxsus olduğunu, bu səbəbdən də iddiaçıya hasar çəkməyə mane olduğunu göstərmişdir. Məhkəmə işin faktiki hallarına və işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tələbində haqlıdır və iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət toxunulmazdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublıkası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 164.1 cü maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Şərh olunanlara obyektiv qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi idarəsi tərəfindən verilmiş **********15 reyestr, ********* qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş Qax rayonu Qaxbaş kəndində yerləşən 0.08 ha torpaq sahəsinin Cavabdeh məxsus torpaq sahəsi ilə sərhəddinə iddiaçı tərəfindən hasar çəkilməsi üçün cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır. Yuxarıdakılara əsasən və MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia təmin edilsin. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi idarəsi tərəfindən verilmiş **********15 reyestr, ********* qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş Qax rayonu Qaxbaş kəndində yerləşən 0.08 ha torpaq sahəsinin Cavabdeh məxsus torpaq sahəsi ilə sərhəddinə İddiaçı tərəfindən hasar çəkilməsinə Cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılsın. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №2(024)-507/2023
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-507/2023
15.09.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver