Məhkəmə qərarları › İş №2(024)-592/2023

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-592/2023

15.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-592/2023 15.11.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə. İddiaçı və onun vəkili X6, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “çəkilmiş xərclər tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Cavabdeh 5000 (beş min ) manat məbləğin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumun alınaraq İddiaçı Məmməd oğluna ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, ********** qeydiyyat nömrəli **********67 reyestr nömrəli çıxarışa əsasən onun və ailə üzvləri X1 və X4 mülkiyyətində 0,42 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-81 nömrəli qərarına əsasən bizim adlarının həmin çıxarışın hüquq sahibləri hissəsindən çıxarılması qərara alınmışdır. Qeyd edir ki, uzun illərdir həmin torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətində olduğu üçün o həmin əmlaka 5000 manat məbləğində vəsait xərcləmişdir. Bundan başqa həmin torpaq sahəsində o uzun illərdir işləmişdir. Torpaq sahəsi sayəsində daha da yaxşı hala gəlmişdir. Lakin həmin xərclərin həcmi ekspertiza keçirilməklə müyyən edilə bilər. Cavabdehlə onun torpaq sahəsinə çəkdiyi xərclər və əməklə bağlı o vicdanlı sahib olduğundan könüllü qaydada ona ödənilməsini xahiş etsə də cavabdeh razılaşmaya gəlmək istəmir. Ona görə də o iddia qaldırmaq qərarına gəlmişdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Cavabdeh 5000 (beş min) manat məbləğin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumun alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 10 oktyabr 2023-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddia ərizəsində səhvən ata adının Məmməd kimi göstərdiyini qeyd göstərərək Cavabdeh 5000 (beş min) manat məbləğin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumun alınaraq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq onu göstərdi ki, mübahisəli torpaq sahəsində özünün və ailə üzvlərinin adının olduğunu 2021-ci ilin sonunda bilmiş və 2022-ci ildə həmin torpaq sahəsinə 34 ədəd fındıq kolu, 3 ədəd gilas, 3 ədəd alma, 1 ədəd tut, 2 ədəd qoz, 2 ədəd gavalı, 2023-cü ilin mart ayında isə 1 ədəd nar ağacı əkmişdir. Bu il yoncanı mart ayında əkərək özü biçmişdir. 2022-ci ilin fındıq məhsulunu o yığmışdır. O, həmin torpaq sahəsinə xərclər çəkmiş video görüntü çəkmişdir. Cavabdeh onun maddi cəhətdən çəkdiyi xərcləri ödəməli və yaxud da 21 sot torpaq sahəsini ona verməsini təklif edir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh izahatında göstərdi ki, o iddia tələbini qəbul etmir. İddiaçı torpaq sahəsinə çəkdiyi xərclərin əvəzini almışdır. Belə ki, iddiaçı ona məxsus torpaq sahəsində əkilmiş otu çalmış, fındıq məhsulunu yığmışdır. O, 2022-ci ildə Şəki İnzibati Məhkəməsinə müraciət etdikdən sonra iddiaçı xırda fındıq tingləri əkmiş, onlar da qurumuşdur. Əksinə Cuma onun əkdiyi ağacları kəsmişdir. Həmin ərazidə Cuma lazımsız altıaçıq tikmişdir. Onu da söküb apara bilər. İddianın rədd edilməsini xahiş edir. İşə əlavə edilmiş Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(116)-81/2023 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, ********** qeydiyyat nömrəli **********67 reyestr nömrəli Çıxarışın hüquq sahibləri siyahısından X5, X1 və X4 adlarının çıxarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə həvalə edilmişdir. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, İddiaçı Qax şəhəri, M.P.Vaqif küçəsi, ev 4-də qeydiyyatdadır. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh Qax şəhəri, M.P.Vaqif küçəsi, ev 4-də qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 70 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırılması zamanı işin faktiki halları və işdə olan mümkün və mötəbər sübutlarla müəyyən edilmişdir ki, ********** qeydiyyat nömrəli **********67 reyestr nömrəli Çıxarışa əsasən 0.42 ha torpaq sahəsi Cavabdeh, X5, X1 və X4 ümumibirgə mülkiyyətinə verilmiş, iddiaçı Cavabdeh iddiası əsasında Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-81/2023 saylı qətnaməsinə əsasən ********** qeydiyyat nömrəli **********67 reyestr nömrəli Çıxarışa əsasən Qax rayonu hüquq sahibləri siyahısından X5, X1 və X4 adlarının çıxarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə həvalə edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. Şəki İnzibati-iqtisadi məhkəməsinin xx.xx.2016-cı il tarixli 2- 1(84)-315/2016 nömrəli qərarı ilə iddiaçı Cavabdeh DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinə qarşı “JN-0187 kod kod 40310005 saylı Dövlət Aktında göstərilən torpaq sahəsinin 0.42 ha hissəsini ləğv etməklə faktiki istifadəsində olan 0.42 ha torpaq sahəsinə plan-ölçü sənədinin verilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası təmin edilmişdir. Həmin qərarda torpaq sahəsinə münasibətdə məhz ailə üzvləri ilə birlikdə iddiaçının mülkiyyət hüququnun qeydə alınması nəzərdə tutulmamışdır. "xxxx" MMC tərəfindən təqdim edilmiş şəhadətnamənin verilməsinə əsas olmuş pay torpaq sahəsi alacaq vətəndaşların subyektlər siyahısında isə yalnız iddiaçı Cavabdeh adı qeyd edilmişdir. Belə olan halda isə cavabdeh DƏDRX-nin 12 saylı Şəki ərazi idarəsi səhvə yol verərək iddiaçının hər hansı razılığı və yaxud icazəsi olmadan torpaq sahəsinə münasibətdə iddiaçı ilə birlikdə onun ailə üzvlərinin də mülkiyyət hüquqlarını qeydə almışdır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Yuxarıda qeyd olunan 0.42 ha torpaq sahəsinin iddiaçı ilə birlikdə İddiaçı ümumibirgə mülkiyyətinə verilməsini təsdiq edən Çıxarış əvvəllər mövcud olmuş olsa belə, Cavabdehnnın hər hansı razılığı və yaxud icazəsi olmadan torpaq sahəsinə münasibətdə onunla birlikdə torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqları qanunsuz qeydə alındığı üçün və o özgənin qanuni sahibliyində olan torpaq sahəsi üzərində yaxşılaşdırma işləri apardığından həmin xərcləri Cavabdeh tələb etməkdə haqlı olmamışdır. Ona görə də məhkəmə iddia tələbinin əsassız olması qənaətinə gəlir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “İnsan Hüquqlarının və X3” Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsasən, vicdanlı sahib əmlaka zərər yetirmədə ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Həmçinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “cavabdehdən 5000 (beş min ) manat məbləğin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumun alınaraq İddiaçı ödənilməsi tələbi”nə dair iddiası rədd edilməli, iddiaçının ödədiyi 70 (yetmiş) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı “cavabdehdən 5000 (beş min) manat məbləğin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumun alınaraq İddiaçı ödənilməsi tələbi”nə dair iddiası rədd edilsin. İddiaçının ödədiyi 70 (yetmiş) manat dövlət rüsumu onun özünə aid edilsin. Qax rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar