Məhkəmə qərarları › İş №2(024)-594/2024

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-594/2024

20.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-594/2024 20.11.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi (böyük məsləhətçi) Quliyev Elçin Feyzullah oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «2900 manat pul və ödənilmiş 50 manat dövlət rüsumu» tələbinə dair mülki işə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı «2900 manat pul və ödənilmiş 50 manat dövlət rüsumu» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 2900 (iki min doqquz yüz) manat pulun və ödənilmiş 50 manat dövlət rüsumunun alınıb özünə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehi yaxşı tanıyır. Aralarında dostluq münasibəti yaranmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə ondan 2900 manat borc pul almış və bu barədə aralarında Qax rayon Dövlət notariat kontorunda 3M-150 Reystr nömrəli müqavilə bağlanmışdır. Cavabdeh pulu aldığı zaman xx.xx.2020-ci il tarixdə qaytaracağını bildirsə də öhdəliyini icra etməmiş və ona müxtəlif tarixlərə pulu qaytarması barədə vəd vermişdir. Cavabdeh sonuncu dəfə pulu 2024-cü ilin avqust ayının 15-də qaytaracağına söz versə də, öhdəliyini icra etmir. Hazırda cavabdeh öhdəliklərini icra etmir. Bu səbəblərdən o məcbur olub bu iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün 50 manat dövlət rüsumu ödəmişdir. Ödədiyi dövlət rüsumunu da cavabdehdən tələb edir. Odur ki, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi və izahat verərək göstərdi ki, iddiaçıya borcu yoxdur. İddiaçı ona şər gəlir ki, guya ondan 2900 manat borc pul almışdır. Ancaq bu belə deyil. O, bağ sahəsini satarkən 130 top fındıq yeri olmuşdur. Həmin sahəni internetdə satışa qoymuşdur. İddiaçını internet vasitəsi ilə tanımışdır. Belə ki, İddiaçı onu özü gəlib tapmışdır. Həyat yoldaşı xəstə olduğu üçün başqa yerdən 20 faizlə 1350 manat borca pul almış və ödəyə bilməmişdir. Bu səbəbdən bağını da satmışdır. Dörd ay həmin pulu ödəyə bilməmiş, axırı bağ sahəsini satıb ödəmişdir. Bağı satanda da İddiaçı onun yanına gələrək bağı almaq istədiyini demişdir. O, Elçinə əgər bağı istəyirsə əvvəlcədən pulu verməsini, çünki həm borcunu ödəməli olduğunu, həm də sənədləri hazırlayacağını demişdir. Bağı 11000 manata, 3000 manat da həmin məbləğə daxil olmaqla satmışdır. Bundan sonra notariusa getmişlər. Notarius sənəd verdikdən sonra 2900 manat pul banka qoyulmuşdur. Bankda İddiaçı 2900 manat pulun üzərinə 100 manat da əlavə edərək ona ümumilikdə 3000 manat pul vermişdir. O, da gedib borcunu bağlamışdır. Çünki evin sənədlərini borc götürdüyü şəxsə vermişdir. Sənədləri hazırladıqdan sonra alqı-satqı edən zaman Elçin həmin bağı özünün yox, anasının adına rəsmiləşdirmişdir. Həmin vaxt notariusa borcla bağlı müqaviləni göstərərək necə olacağını soruşduqda, notarius müqaviləni evdə saxlamasını, nə vaxtsa lazım olacağını bildirmişdir. Həmin vaxt onu başa salan olsaydı aparıb həmin pulu banka qoyar, deyərdi ki, pulu versin. Bunu bilməmiş və onu başa salan olmamışdır. Tələb olunan həmin o puldur. Bağı satdığı müddətdən 5 il müddət keçmişdir. Üzərindən 3 ay, yaxud 3 il də keçdikdən sonra deyir ki, onda iddiaçının pulu qalmışdır. İddiaçıya bağını satmış, lakin yenidən pulunu geri istəyir. İddiaçının özünə məxsus təsərrüfatı var idi və arı pətəklərini onun həyətinə qoyurdu. Sonra isə arılarını aparmışdır. İddiaçının bağına da o qulluq etmişdir. Ağacları pulsuz budamış, hər bir şeyi təmənnasız etmişdir. İddiaçı şikayət etməzdən əvvəl gəlib ona şər atmışdır ki, guya onun bağından 500 kq fındıq məhsulu yığmışdır. İddiaçı ona fındıq altının otunu çalmasını dedikdə gecikmiş, demişdir ki, çatdıra bilmir və iddiaçı ona 70 manat pul vermişdir. Müqavilə bağlandıqdan bu yana iddiaçı ondan 2900 manat puldan bir qəpik belə tələb etməmişdir. İddiaçı onu məhkəməyə verəndə bu söhbət ortaya çıxmışdır. Həmin pulu da notariusun yanında veməmiş, notarius onlara pulu çıxıb çöldə verməsini demişdir. İddiaçı ona notariusda 8000 manat pul vermiş, sənədə 5000 manat yazdırmış, qalan 3000 manat pulu isə sonra ona əlbəəl vermişdir. Torpağı nə üçün iddiaçıya deyil, anasına satması ilə bağlı bildirir ki, iddiaçı onun başqa işləri olduğunu və ona görə də, rəsmiləşdirməni anasının adına etdiyini bildirmişdir. O iddiçıya borclu deyil, iddiaçı ona şər atır. Odur ki, iddia müddətinin tətbiq edilməklə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə iddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə müvafiq olaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı ilə Cavabdeh arasında bağlanmış və notarat qaydada təsdiq olunmuş xx.xx.2019-cu il tarixli, kredit müqaviləsindən görünür ki, İddiaçı Tofiq Yaqubova 2900 manat pulu üç ay müddətinə borc olaraq vermiş, Cavabdeh həmin pul məbləğini xx.xx.2020-ci il tarixədək iddiaçıya qaytarmağı öz öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli AN-İ № ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh Qax rayonu Lələpaşa kəndində yerləşən 0.7348 ha torpaq sahəsini X1. xx.xx.2024-cü il tarixli ********** və ********** nömrəli ödəniş qəbzlərindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün ümumilikdə 50 manat dövlət rüsumu ödəmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizədən görünür ki, o iddiaçı ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci ildən başlanılmış və xx.xx.2023-cü il tarixdə tələb etmək hüququnun axımının bitdiyi gündən 1 il 6 ay müddət keçdiyinə görə buraxılmış müddətin tətbiq edilməsi barədə ərizəsinin təmin edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kredit müqaviləsi üzrə yaranan mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır. Tərəflər arasında bağlanmış və yuxarıda göstərilən kredit müqaviləsi iddia tələbi üzrə cavabdehin hüquq və öhdəliklərinin yaranması üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir. Borc tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə qeyd edir ki, işin mübahisə olunmayan hallarıdır ki, borcalan müqavilədə müəyyən olunmuş müddətdə, yəni xx.xx.2020-ci il tarixədək iddiaçıya olan borcunu ödəməmiş, bununla da iddiaçının hüquqları pozulmuşdur. Lakin bununla belə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsi verilərkən qanunla müəyyən olunmuş iddia müddətini ötürmüşdür. İddia müddətinin tətbiqi barədə isə Cavabdeh tərəfindən ərizə verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2, 373.3 və 377.2-ci maddələrinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (MM-in 368 və 377.2-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərhinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddətinin əhəmiyyəti qeyd olunaraq göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət güstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarında göstərmişdir ki, «iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur». Konstitusiya Məhkəməsi həmin qərarında daha sonra göstərmişdir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İş materiallarından görünür ki, iddiaçının borcalanla bağladığı kredit müqaviləsi üzrə müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddətinin sonu xx.xx.2020-ci il tarixi müəyyən edilmişdir. Lakin iddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməklə qanunla müəyyən olunmuş iddia müddətini buraxmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə görə mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi müddətin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarından göründüyü kimi, Cavabdeh baxılan iş üzrə iddia müddətinin tətbiq olunması barədə ərizə vermişdir. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normasına əsaslanaraq hazırki tələb üzrə iddia müddətinin tətbiqini məqsədəmüvafiq hesab etmişdir. Qeyd olunmalıdır ki, iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur (Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarı). Beləliklə, iddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir. Sadalanan xüsusatları rəhbər tutan məhkəmə hesab edir ki, iddia tələbi iddia müddəti tətbiq edildiyi üçün təmin edilməməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı «2900 manat pul və ödənilmiş 50 manat dövlət rüsumu» tələbinə dair iddia tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar