Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-60/2025 04.02.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, İddiaçı, Cavabdeh və Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə. İddiaçı cavabdehlər Nümayəndə və Cavabdeh1 qarşı «pul tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı məhkəməyə «pul tələbinə» dair iddia ərizəsi ilə müraciət edərək ona olan 300 manat borc və iddia qaldırmaq üçün ödədiyi 30 manat dövlət rüsumunun Cavabdeh1 alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Nümayəndə 300 manat borc, iddia qaldırmaq üçün ödədiyi 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ailəsi ilə birlikdə Zaqatala şəhəri Koroğlu küçəsi nömrəsiz evdə yaşayır. O, Qax rayonu və Zaqatala rayonu kəndlərindən yumurta alaraq cücə çıxaradaraq onları satmaqla ailəsini dolandırır. Qax rayonunun bütün kəndlərini əri ilə birlikdə motosikletlə gəzərək yumurta alır. Qax rayonu Qıpçaq kəndinə dəfələrlə getdiyi üçün həmin kənd sakini Cavabdeh1 ailəsi ilə tanış olmuşdur. Cavabdeh1 ailəsi ilə münasibətləri yarandığı üçün Bayramın ailəsi 2024-cü iyun ayında ondan 200 manat borc pul almış və qaytaracağını vəd etmişdir. Daha sonra ona 10 ədəd çolpa verilmiş, lakin toyuqlar xəstə olduğu üçün sonrakı gün ona geri qaytarmışdır. Həmin vaxt Bayram ondan 100 manat əlavə pul alaraq verəcəyini bildirmişdir. Lakin 3 ay keçməsinə baxmayaraq cavabdeh vurduğu ziyanı ödəməmişdir. O, pulu dəfələrlə tələb etsə də, ödəyəcəyini bildirmişdir. Odur ki, 300 manat ziyanı tələb edir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək əlavə olaraq izahat verərək göstərdi ki, 2024-cü ilin may ayında cavabdeh Nümayəndə ondan 200 manat borc pul almışdır. Həmin vaxtı cavabdehlərə toyuqlara baxdığını və ona çolpa verəcəyini bildirmişdir. Aradan bir ay keçmiş cavabdehlər ona 19 ədəd çolpa vermişdir. Əslində cavabdehlər ona 200 manatın müqabilində 20 ədəd çolpa verməli idi, lakin onun əlil qızının xatirinə 10 manat pulu tələb etməmişdir. Çolpalar xəstə olduqları üçün cavabdehlərə geri qaytarmışdır. Çolpaları ona gecə vermişlər. Həmin vaxtı cavabdeh Nümayəndə 100 manat pul vermişdir ki, dən alıb cücələri böyütsün və ona bir iki manat bahasına satsın. Lakin həmin vaxtdan etibarən cavabdehlərdən pulunu ala bilmir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdeh Nümayəndə isə iddianı qismən qəbul edərək izahat verərək göstərdi ki, iddiaçı dən almaq üçün 100 manat pul vermişdir. O, 1 ay ərzində toyuqlara baxmışdır. İddiaçıya 10 manatdan 18 ədəd çolpa vermişdir. Bu da 180 manat pul təşkil edir. Cavabdeh bir ay sonra toyuqları geri qaytararaq həyətə buraxıb getmişdir. O, çolpalara bir ay qulluq etmişdir. Cavabdehdən ümumlikdə 180 manat çolpa üçün və 100 manat dən üçün pul almışdır. Cavabdeh1 isə İddiaçı ilə bu münasibətə dair heç bir əlaqəsi olmamışdır. İddianı qismən qəbul edir. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı lazımı qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında onun iştirakı təmin olunmamış, məhkəmə iclasının təxirə salınması barədə heç bir vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən Cavabdeh1 iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarına əlavə edilmiş Qax RPŞ-in 20 sentyabr 2024-cü il tarixli məktubdan görünür ki, material mülki xarakterli olduğu izah olunmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları nəzərdən keçirib, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdeh Nümayəndə 18 ədəd çolpa satmış, əvəzində 180 manat pul almış, iddiaçı isə həmin toyuqlar xəstə olduğu üçün cavabdehə geri qaytarmış, daha sonra cavabdehə 100 manat əlavə pul ödəyərək çolpaları böyütməsini və 1 aydan sonra gəlib alacağını bildirmişdir. Lakin sonradan tərəflər razılığa gələ bilməmiş və cavabdeh iddiaçıdan aldığı pulları geri qaytarmamışdır. Bu səbəbdən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, cavabdeh Nümayəndə məhkəmə iclasında satdığı çolpalara görə iddiaçıya 180 manat borclu olmasını etiraf etmişdir. Eyni zamanda cavabdeh Nümayəndə iddiaçıdan əlavə 100 manat pulu aldığını göstərərək pulu toyuqlara qulluq etməsinə xərclədiyini göstərmişdir. Məhkəmə iddia tələbinin qeyd olunan 100 manata dair hissəsi ilə bağlı qeyd edir ki, hər bir şəxs iddia tələbi ilə məhkəməyə müraciət etdikdə, tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. İddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. İddiaçıdan 100 manat almasını etiraf etməklə sübutetmə yükü üzərinə düşən cavabdeh Nümayəndə həmin pulu toyuqlara qulluq etmək üçün xərclədiyini göstərsə də, məhkəməyə bununla bağlı əsaslı və mötəbər sübutlar təqdim etməmişdir. İddiaçı Cavabdeh1 ona borclu olmasını və eyni zamanda cavabdeh Nümayəndə ona 280 manat yox, 300 manat borclu olması ilə bağlı məhkəməyə əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə sonda belə nəticəyə gəlmişdir ki, cavabdeh Nümayəndə İddiaçı hesabına 280 manat gəlir əldə etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 608-cı maddəsinə əsasən əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Həmin Məcəllənin 611-ci maddəsinə əsasən qarantiya müddəti ərzində hər hansı başlıca qüsur aşkar edildikdə ehtimal olunur ki, həmin qüsur riskin alıcıya keçdiyi ana qədər mövcud idi. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.3-cü maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 441.2-ci maddəsinə əsasən mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Beləliklə də, məhkəmə iclasında işin faktiki halları, işdə olan əsaslı və mötəbər sübut hesab edilən cavabdehin etirafedici izahatı ilə sübuta yetirilmişdir ki, iddiaçı cavabdeh Nümayəndə qarşı 280 manat pul məbləğini tələb etməkdə haqlıdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi» haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamənin əsaslığı onun iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərə uyğun olmasında ifadə olunur. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Nümayəndə 280 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilməli, iddianın Cavabdeh1 dair hissəsi təmin edilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Nümayəndə 280 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddianın Cavabdeh1 dair hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu andan 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №2(024)-60/2025
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-60/2025
04.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver