Məhkəmə qərarları › İş №2(024)-62/2025

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-62/2025

06.01.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-62/2025 06.01.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki ərazi idarəsinə qarşı «maneənin aradan qaldırılması» tələbinə dair mülki işə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki ərazi idarəsinə qarşı «maneənin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək mərhum atası X1 miras qalmış Qax rayonu Əmbərcay kəndində yerləşən 2000 kv.m kənd təssərrüfatı təyinatlı torpaq sahəsinə dair Çıxarışın alınması üçün ölçmə işlərinin aparılmasına cavabdehlər tərəfindən yaradılmış maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası X4 xx.xx.2006-cı il tarixdə ölmüşdür. Hazırda ondan miras qalmış Qax rayonu Əmbərçay kəndində yerləşən 2000 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə dair plan ölçü sənədi mövcuddur. Lakin, atasından miras qalmış əmlaka dair Çıxarış olmadığından, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşinmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki ərazi idarəsinə müraciət etmiş, inzibati orqan isə maneə olduğundan çıxarışın verilməsindən imtina etmişdir. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, o mərhum atasından qalmış digər torpaq sahələrini öz adına rəsmiləşdirmiş, bir tək mübahisəli torpaq sahəsi qalmışdır. Cavabdehlər həmin sahənin kənarını bağlamışlar. Torpaq islahatı zamanı onların adına bir-neçə yerdən əlavə olaraq hazırkı mübahisəli torpaq sahəsini də əmlak payı verilmişdir. Atasından miras qalmış torpaq sahələrini öz adına rəsmiləşdirmiş, hazırkı mübahisəli torpaq sahəsinin mövcudluğundan xəbəri olmamışdır. Reyestr Xidmətinin əməkdaşları ona həmin torpaq sahəsinini də atasına məxsus olmasını demişlər. Həmin əməkdaşlar ölçmə işləri aparan zaman cavabdehlər onlara maneçilik törətmişlər. Bu səbəbdən çıxarışın verilməsindən imtina edilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək göstərdi ki, 1978-ci ildən həmin torpaq sahəsini əkib-becərmiş və alaq otlarını təmizləmişdir. İndi kimsə gəlib çıxıb deyir ki, həmin torpaq sahəsi onundur. O, həmin torpaq sahəsini heç kəsə verməyəcəkdir. Ölçü işlərinin aparılmasına razı deyildir. Həmçinin bildirir ki, əgər ekspertiza təyin olunarsa torpaq sahəsinə heç kəsin daxil olmasına, ölçmə işlərinin aparılmasına icazə verməyəcəkdir. Həmin torpaq sahəsi onun dədə-baba torpağıdır. İddianın rədd edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahat verərək göstərdi ki, Cavabdeh2 onun əmisidir. Aqrar İslahat dövründə onun atasına və babasına pay torpaqları verilmişdir. Əgər kəsir olsaydı onun babasının torpağında da olardı. Olar bilər ki, torpaq islahatı zamanı torpaq sahələri ölçülərkən sürüşmə baş vermişdir. Əmisi Kamilin dedikləri ilə razıdır. İddianın rədd edilməsini xahiş etdi. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasınının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin verdiyi A № 446795 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Qax rayon Aqrar İslahat komissiyasının 10 sentyabr 1997-ci il tarixli 13 nömrəli qərarı ilə 2000 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X3 verilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, torpaq sahəsi ilə bağlı mübahisə olduğundan və ölçü işlərinin aparılmasına şərait yadılmadığından torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı ərizəsinin icrasından imtina edilmişdir. Qax rayon Notariat ofisinin xüsusi notariusunun Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri” Publik hüququ şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə ünvanladığı 25 sentyabr 2024-cü il tarixli 720 nömrəli məktubundan görünür ki, Cəlilov X6 rayon notariat ofisinə müraciət edərək xx.xx.2006-cı il tarixdə vəfat etmiş mərhum atası X1 miras qalmış fərdi yaşayış evi və torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin mərhum atası X2 adına olan fərdi yaşayış evi və torpaq sahəsinini hüququ müəyyən edən sənədləri olmadığı üçün ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Notariat ofisində təqdim edilmiş xx.xx.1967-ci il tarixli, AZ № ******* saylı doğum haqqında şəhadətnaməyə əsasən İddiaçı atası X2 qanun üzrə vərəsələrindən biridir. Yuxarıda göstərilənlərə əsasən İddiaçı hüquqi xidmət göstərilməsi üçün atası X2 qanun üzrə vərəsəsi olması nəzərə alınaraq ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Arayış verilməsi xahiş olunmuşdur. AZ-İ № 191986 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X4 30 may 2006-cı ildə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 02 iyun 2006-cı il tarixdə 06 nömrə ilə qeydiyyat aparılmışdır. АЗ № ******* saylı doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı atası X4, anası isə X5r. xx.xx.2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri mülkiyyətə yaradılan maneənin aradan qaldırılması ilə bağlıdır və qanunvericiliyin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. İlk növbədə məhkəmə iddianın qaldırılması ilə bağlı iddiaçının subyektv hüququnun olub-olmamasına dair diqqətə çatdırır ki, miras əmlak qanun üzrə iddiaçı tərəfindən qəbul edilmişdir və Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1255-ci maddəsində qeyd olunmuşdur ki, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Odur ki, iddianın qaldırılması barədə İddiaçı subyektiv hüquqa malikdir. Konstitusiyanın 13-cü maddəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Mülkiyyət hüququndan bəhs edən Konstitusiyanın 29-cu maddəsini İ və İİ hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr tarixli Qərar). Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri). Mülki Məcəllənin 152.5-ci maddəsində qeyd olunmuşdur ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İddia tələbinin mərkəz hüquq norması Mülki Məcəllənin 157.4-cü maddəsidir. Həmin normada təsbit edilmişdir ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İş materialları ilə müəyyən edilir ki, iddiaçının mərhum atasının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən müvafiq Çıxarış olmasa da, həmin torpaq sahəsinin ona verilməsini təsdiq edən ilkin sənəd hesab olunan torpaq sahəsinin planı və ölçü sənədi vardır. İddiaçı torpaq sahəsini adına keçirmək üçün daşınmaz əmlakın dövlət reyestri xidmətinə müraciət etmiş, həmin orqanın əməkdaşları ölçmə işləri üçün torpağa baxış keçirmək istəsə də, cavabdehlər buna imkan verməmişdir. Nəticədə miras qalmış torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsi mümkün olmamışdır. Mülki Məcəllənin 164.1-ci maddəsində deyilir ki, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı adına sənədləşməsini tələb etdiyi torpaq sahəsi üzrə titul sahibliyə malikdir. Lakin cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində o mərhum atasından qalmış torpağı adına rəsmiləşdirə bilmir. Bununla da iddiaçının mülkiyyət hüquqları pozulur. Ona görə də, cavabdehin daşınmaz əmlakın dövlət reyestri xidmətinin nümayəndələrinə etdiyi qanunsuz müdaxilələrinə son qoyulmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Bundan başqa iddia ərizəsinin verilməsi üçün büdcəyə ödənilmiş dövlət rüsumu Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki ərazi idarəsinə qarşı mərhum atası X1 miras qalmış Qax rayonu Əmbərcay kəndində yerləşən 2000 kv.m kənd təssərrüfatı təyinatlı torpaq sahəsinə dair Çıxarışın alınması üçün ölçmə işlərinin aparılmasına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılmış maneənin aradan qaldırılması barədə iddiası təmin edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar